“Azərişıq" ittihamlarla razılaşmır: “Sayğaclar artıq YAZA BİLMƏZ”

Image result for Tanrıverdi Mustafayev
 Bütün abonentlərin sayğacları var. Sayğacsız olan abonentlər ancaq gizli ev tikib bizə məlumat verməyən və yaxud da haradansa xətt çəkənlər ola bilər. Bu halların da qarşısı alınır .
 Bunu açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Tanrıverdi Mustafayev bütün sayğacların dövlət yoxlamasından keçirildiyini bildirib. O, sayğacların sərfiyyatı işlədilən enerjidən çox yazdığı barədə səsləndirlən iradlarla razılaşmayıb.
"Sayğaclar yoxlanıldıqdan sonra quraşdırılır. Bir dənə də olsun, dövlət yoxlamasından keçməyən sayğaclar abonentlərimizin istifadəsinə verilmir. Demək olar ki, ölkə ərazisində bütün abonentlər sayğaclarla təmin olunub. Çox az sayda yeni ev tikən abonentlərimiz sayğaclarla təmin olunmayıblar. Bunun üçün də onlar "Asan xidmət”ə yaxınlaşıb, lazımi sənədləri təqdim etməlidirlər. Bundan sonra yeni abonent kimi qeydiyyata alınırlar. Bir həftə ərzində də həmin abonent sayğacla təmin olunur. Ancaq ola bilməz ki, sayğaclar az və ya çox yazsın”.
 Mətbuat katibi deyib ki, abonentlərin istifadəsinə ən son elektron sayğaclar verilir.
"Smart kart tipli sayğaclar "Azərişıq” yaranandan sonra regionlarda və Abşeron bağları ərazisində quraşdırılıb. Onlar da yüksək səviyyədə işləyirlər. Biz də marağındayıq ki, ən son texnologiyanın tələblərinə cavab verən sayğaclar quraşdırılsın. İnsan faktoru aradan qaldırılsın. Smart kart tipli sayğaclara abonent nə qədər pul qoyursa, o qədər də işlədir. Hətta vurduğu məbləğin sərfiyyatı bitənə yaxın abonentə xəbərdarlıq gedir.  Son bir il ərzində 170 min abonent yeni sayğaclarla təmin olunub. Yeni sayğacların quraşdırılması hazırda da davam etdirilir”.
Tanrıverdi Mustafayev həmçinin qeyd edib ki, sayğacların qoyulması abonentin öz şəxsi hesabına həyata keçirilir.
 AzerTaym.az






Fikirlər