Barıt qoxulu yollarla Qarabağ adlı cənnətə doğru ...

Barıt qoxulu yollarla Qarabağ adlı cənnətə doğru...

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı qalibiyyət işğaldan azad edilən torpaqlarımıza insanlarımızın qayıdışı məsələsini aktuallaşdırıb ki, bu qayıdışın təmin edilməsi hər şeydən öncə həmin ərazilərdə zəruri infrastrukturun təmin edilməsi ilə bağlıdır. 30 ilə yaxın müddətdə Qarabağ və ətraf rayonları işğalda saxlayan erməni faşizmi sadəcə yaşayış evlərini, sənaye və kənd təsərrüfatı müəssisələrini, sosial obyektləri deyil, həm də bütün infrastrukturu sıradan çıxarıb, onları tamamilə yararsız hala salıb ki, bu da məhv edilən infrastrukturun yenidən bərpasını zəruri edir. Məhz bu səbəbdən də dövlətimiz qələbənin ilk günlərindən etibarən işğaldan azad edilən ərazilərdə infrastrukturun yenidən və beynəlxalq standartlara uyğun şəkildə bərpası, dağıdılan yaşayış evləinin, sosial obyektlərin yenidən inşasını diqqət mərkəzində saxlamaqda, bu yöndə böyük layihələr həyata keçirməkdədir. Bu layihələrdn ən əsası ilə yol-nəqliyyat infrastrukturunun formalaşdırılması və yenidən bərpası ilə bağlıdır. Hansı ki, Zəfər yolu ilə bağlı görülən işlər bu sahədə həyata keçirilən layihələrə nümunə ola bilər.

 

Zəfər yolu: Qələbə və tərəqqiyə aparan yol...

 

Məlumat üçün qeyd edək ki, Şuşanın azad edilməsinin mənəvi rəmzi olan Zəfər yolunun təməli 2020-ci ilin 16 noyabr tarixində qoyulub. Ölkə başçısının müvafiq tapşırığı əsasında 2 ay ərzində genişləndirilən yolda artıq asfaltlanma işləri həyata keçiriməkdədir. (//azertag.az/xeber/Zefer_Yolunun_asfaltlanmasi_islerine_baslanilib-1824997 ).

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Zəfər yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını əhatə edir. Bu yolun daha bir özəlliyi onun yxuarıda adı çəkilən rayonların 20-dən çox yaşayış məntəqələrini əhatə etməsidir. Mütəxəssislər hesab edir ki, Zəfər yolu işğaldan azad edilən torpaqlarımıza gediş-gəlişi asanlaşdırmaqla yanaşı, bu regionların iqtisadi inkişafına da təkan verəcək, bu inkişaf üçün stimul rolunu oynayacaq.

 

Mövzu ilə bağlı redaksiyamıza açıqlama verən millət vəkili Vahid Əhmədov qeyd edir ki, işğaldan azad edilən ərazilərdə yol infrastrukturunun genişləndirilməsi iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verəcək:

 

“Yeni yolların çəkilməsi, sıradan çıxan yolların yenidən qurulması və s. istiqamətində mühüm addımlar atılır. Zəfər yolunun asfaltlanmasına başlanılıb və yəqin ki, bu ilin sonuna kimi istifadəyə veriləcək. Yol infrastrukturunun genişlənməsi, yeni, müassir yolların çəkilməsi iqtisadiyyatın inkişafına şərait yaradacaq. Çünki nəqliyyat imkanlarının genişləndirilməsi, nəqliyyatın şaxələnməsi yüklərin daşınması baxımından da mühüm əhəmiyyətə malikdir.

Işğaldan azad edilmiş bəzi rayonlarda hava limanlarının tikilməsi, dəmir yollarının çəkilməsi istiqamətində də iş gedir ki, bu da insnaların öz dədə-baba yurdlarına qayıtması, onların məşğulluğunun təmin edilməsi, sosial rifahlarının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bütövlükdə işğaldan azad edilən ərazilərdə çox böyük infrastruktur layihələri həyata keçirilir, sənaye parkları yaradılır.

 

Cənab prezident iqtisadi rayonların təsnifatını verib. Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Bura Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Qarabağ iqtisadi rayonu da yaradılıb ki, bura Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

 

Yeni yaradılan iqtisadi rayonlar ölkə iqtisadiyyatında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın  dirçəldilməsində mühüm yer tutacaq. Çünki bu ərazilər həm sənayenin, həm də kənd təsərrüfatının inkişafı baxımından böyük perspektivə malikdir və dövlətimiz bu perspektivi ən yüksək səviyyədə dəyərləndirəcək.

 

Işğaldan azad edilmiş ərazilərin inkişafına böyük diqqət yetirilir. Xarici investorlar da bu quruculuq işinə cəlb edilib. Görülən işlərin miqyası və əhəmiyyəti göstərir ki, bu ərazilərdən istifadə iqtisadiyyatımıza böyük fayda qazandıracaq”.

 

Yeni aeroportlardan yeni üfüqlərə doğru...

 

Böyük qayıdışın reallaşması yolunda həyata keçirilən mühüm addımlardan biri də işğaldan azad edilmiş ərazilərdə yeni aeroportların inşası ilə bağlıdır. Hansı ki, bu aeroportların inşası sərnişin daşınması ilə yanaşı,  yük daşınmasını da təmin edəcək, həmçinin regionda daxili və xarici turizmin inkişafına geniş imkanlar açacaq.

 

Məlumat üçün qeyd edək ki, ölkə başçısının göstərişinə əsasən hazırda üç rayonda – Füzuli, Laçın və Zəngilanda aeroportların tikintisi həyata keçirilir ki, bu layihələrin ən qısa zamanda reallaşması üçün bütün mümkün addımlar atılmaqdadır. Artıq cari ilin payızında Füzuli hava limanının istifadəyə verilməsi planlaşdırılır ki, bu müjdənin ilk anonsu elə ölkə başçısının özü tərəfindən elan olunub. 26 fevral 2021-ci ildə təşkil edilən mətbuat konfransında Füzuli hava limanında görülən işlərə diqqət çəkən ölkə başçısı, Zəfər yolu haqqında da maraqlı fikirlər səsləndirib:

“Əgər hər şey planlı şəkildə getsə, Füzulidə inşa olunan aeroportun bu il payızın əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Aeroport həm xaricdən gələn yüklərin qəbulu, həm də qonşu ölkədən gələn turistlərin rahat formada Şuşaya səfər edə bilməsi üçün istifadə olunacaq. Hər şeydən əvvəl hava limanının uçuş zolağı və hava naviqasiya sistemlərini istismara verəcəyik.

 

Bu, həm ərazilərin bərpasına, həm də vətəndaşların Şuşaya rahat gedişinə imkan verəcək. Hava limanı ilə eyni vaxtda Şuşaya iki yol çəkirik. Birini mən “Zəfər Yolu” adlandırmışam - məhz bu, Azərbaycan xüsusi təyinatlılarının meşə və vadilərdən Şuşa şəhərinə getdiyi yoldur.

 

Hava limanlarının inşası ilə bağlı planlarımız yalnız Füzuli ilə məhdudlaşmır, Laçın və Zəngilanda hava limanlarının inşası ilə bağlı da planlarımız var”. (//moderator.az/cemiyyet/366841/prezident-fuzulide-insa-edilecek-aeroportdan-danisdi/ )

 

8 hava gəmisi və ya xəyalları reallaşdıran yol...

 

Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov hesab edir ki, Füzulidə inşa edilən hava limanı bu bölgəyə gediş-gəliş üçün əlverişli şərait yaratmaqla yanaşı, bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq. Bu isə məşğulluq probleminin həlli, əhalinin sosial rifah şəraitinin yüksəlməsi, iqtisadiyyatın tərəqqisi baxımından mühüm əhəmiyyətə malikdir.

Hava limanının uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarə edilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Habelə, məlumata görə  ilkin dönəmdə hava limanı 1 saatda 200 sərnişinə eyni anda xidmət edə biləcək.

 

Vüqar Bayramov hava limanının bölgənin iqtisadi inkişafına göstərəcəyi mümkün təsirlər haqqında deyir:

 

“Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur, hava limanı həmin turistlərin daha sərfəli və qısa yolla, praktiki olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilmələrinə imkan verəcək”.

 

Millət vəkili əlavə edib ki, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir:

 

“İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialı baxımından Füzuli hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi üçün vacibdir.

 

Hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunmasına da xidmət edəcək”. (//vergiler.az/news/economy/12910.html ).

 

İşğaldakı əraziləri birləşdirəcək, Böyük qayıdışı sürətləndirəcək “polad körpü” - dəmir yolu!

 

Işğaldakı əraziləri əhatə edəcək, 30 ildən sonra doğma torpaqlara Böyük qayıdışı sürətləndirəcək əsas nəqliyyat infrastrukturlarından biri də heç şübhəsiz dəmir yolu nəqliyyatıdır. Təsadüfi deyil ki, işğaldan azad edilən bri sıra rayonlara dəmri yolunun çəkilməsi, alternativ nəqliyyat vasitəsi kimi həm də dəmir yollarının genişlənməsi prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri olub.

 

Işğaldan azad edilmiş ərazilərdə inşası nəzərdə tutulan əsas dəmir yollarından biri Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yoludur. Bu yol Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya rahat gediş-gəlişi təmin etmək, onu digər rayonlarla daha möhkəm – “dəmir tellərlə” bağlamaq məqsədi güdür.

 

Bundan başqa, erməni faşizmi tərəfindən sıradan çıxarılan, yararsız hala salınan daha bir dəmir yolu xətti – Horadiz-Ağbənd dəmir yolu xətti də yenidən inşa ediləcək. Horadiz-Ağbənd dəmir yolu xətti Naxçıvan dəhlizini açmaq, bu dəhlizi möhkəmləndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. (//apa.az/az/xeber/dagliq_qarabag/Azrbaycan-Prezidenti-Fuzuli-Susa-dmir-yolunun-tikintisi-nzrd-tutulur-623356 ).

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da cari ilin iyulun 23-də mediaya verdiyi açıqlamada Şuşaya dəmir yollarının çəkiləcəyini bəyan edib və bildirb ki, söhbət elektrik qatarlarının fəaliyyətindən gedir:

 

“Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”.

 

C.Qurbanov layihələndirmə işlərinin Türkiyə şirkəti tərəfindən həyata keçirildiyini bildirib. (//musavat.com/news/susaya-demir-yolu-xetti-cekilecek_816222.html ).

 

Göründüyü kimi, dövlətimiz tərəfindən Böyük qayıdış üçün zəruri olan bütün işlər, ilk növbədə nəqliyyat infrastrukturu ilə bağlı layihələr yüksək keyfiyyət və böyük vüsətlə həyata keçirilməkdədir. Bu layihələr işğaldan azad edilən əraziləri digər rayonlarımızla əlaqələndirməklə yanaşı, bölgədə sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi, sosial rifahın yüksəldilməsi, mədəni həyatın inkişafı baxımından da yeni fürsətlər və imkanlar açacaq. Bu isə həmin ərazilərdə məskunlaşmanın artması, geriyə axının stimuallaşdırılması baxımından son dərəcə zəruridir. /moderator.az






Fikirlər