Əsas Səhifə > İqtisadiyyat > KLANLARIN BİTMƏYƏN GÖMRÜK SAVAŞI – Vahid Əhmədovu

KLANLARIN BİTMƏYƏN GÖMRÜK SAVAŞI – Vahid Əhmədovu


6-11-2018, 22:32

 

vahid-ehmedovBu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?” “Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə çıxışında deyib.

O, bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: “Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün, bu, təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

V. Əhmədov dövlət borcu ilə bağlı məsələyə də toxunub. O bildirib ki, dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır: “Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında da ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir yetirmək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”.

***
gomruk-komitesi

Vahid Əhmədovun gömrüklə bağlı bu fikirləri, daha doğrusu qəfildən Gömrük Komitəsinin keçmiş rəhbərliyinin üzərinə hücuma keçməsi, hətta hüquq-mühafizə orqanlarını onların fəaliyyətini araşdırmağa çağırması bir sıra suallar doğurur. Çox böyük ehtimalla, bu, təsadüfi deyil və hakimiyyətdaxili klanlar arasında mübarizənin təzahürüdür. Niyə?

Məsələ ondadır ki, Azərbaycan gömrüyündə baş verənlər haqda uzun illər boyudur danışılır, yazılır, fikirlər səsləndirilir. Bu barədə həm mediada çoxsaylı araşdırma yazıları dərc edilib, həm də müstəqil ekspertlər tərəfindən konkret faktlar, hesabatlar ortaya qoyulubBelə demək mümkündürsə, gömrükdə korrupsiya əməliyyatları tam şəffaf həyata keçirilib. Yəni, ölkədə az qala hər kəsin burada nə baş verdiyindən xəbəri olub: nə qədər rüsum yığılıb, nə qədər büdcəyə ödənilib, nə qədər “qara kassaya” yönəldilib…

Hətta gömrüyün “qara kassasını” doldurmağa məsul olanların, bu “kassaya” nəzarət edənlərin, onu bölüşdürənlərin kimliyindən, ordan hansı media orqanlarına, hansı partiyalara, hansı deputatlara nə qədər “paket” ayrıldığından da hamı xəbərdar idi.

Vahid Əhmədov da kifayət qədər məlumatlı şəxsdir. Yəni, vaxtilə Azərbaycanın baş naziri olmuş, xeyli müddətdir deputat kimi büdcə zərfinin hazırlanmasında iştirak edən hörmətli Vahid müəllimin uzun illər ərzində gömrükdə baş verənlərdən xəbərsiz olmasına az da olsa ehtimal vermirik.

Ancaq nədənsə onun indiyədək heç vaxt belə hesablamalar aparmasına, gömrükdə korrupsiyanın “yeminə” çevrilən büdcə vəsaitlərinin həcmini müəyyənləşdirərək ictimaiyyətə açıqlamasına rast gəlməmişik. Deputatımızın qəfildən belə fikrə düşməsi yalnız maraq deyil, həm də sual doğurur: görəsən nə baş verib ki, Vahid müəllim gömrükdəki korrupsiyanı görməyə, hətta bu barədə danışmağa başlayıb?

manat_180118

Deputatın açıqlamasından belə qənaətə gəlmək olar ki, buna səbəb Gömrük Komitəsinin rəhbərliyindəki dəyişiklikdən sonra idxal rüsumunun kəskin artmasıdır.

Tənbəllik etməyib maraqlandıq. Gömrük Komitəsinin rəsmi saytına girərək, idxal rüsumu üzrə büdcə daxilolmalarını hesabladıq (Komitənin saytında bütün daxilolmalar nədənsə yalnız aylar üzrə verilib. Bəlkə də gömrükdən illik daxiolmaların məbləğini göstərməyə “utanıblar” – müəl.).
Belə məlum oldu ki, gömrükidxal rüsumu üzrə büdcəyə:
2007-ci ildə təxminən 160 milyon (əvvlki illər yəqin simvolik rəqəmlər olduğu üçün verilməyib-müəl);
2008-ci ildə 240 milyon;
2010-cu ildə 219 milyon;
2012-ci ildə 231 milyon;
2014-cü ildə 365 milyon;
2015-ci ildə 388 milyona yaxın vəsait daxil olub.

Yəni, hər il müəyyən qədər artırılıb. 2016-cı ildən sonra isə bu artım sıçrayışlı olub. Belə ki, gömrükdən idxal rüsumu üzrə büdcəyə 2016-cı ildə 600 milyondan artıq, 2017-ci ildə isə 707 milyona yaxın vəsait daxil olub. Bu il sentyabr ayına qədər isə idxal rüsumu kimi büdcəyə 662 milyona yaxın vəsait ödənilib. Aylar üzrə toplanan vəsaitlərə baxsaq, ilin sonuna qədər təxminən daha 250 milyonun ödəniləcəyini gözləyə bilərik.

Bu isə gömrükdən büdcəyə yönəldilən vəsaitlərin illər üzrə artım dinamikasına uyğundur. Yəni, Gömrük Komitəsinin rəhbərliyindəki dəyişiklikdən əvvəl də hər il gömrükdə toplanan vəsaitlərin, o cümlədən idxal rüsumunun daha böyük hissəsinin rəsmiləşdirilməsi həyata keçirilirdi. Xüsusən, 2015-ci ildə neftin qiymətinin düşməsindən sonra ölkədə bir çox sahələrdə olduğu kimi, gömrükdə də şəffaflığın təmin olunması, burdan büdcəyə daxil olan vəsaitlərin həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verdi.

Əgər 2007-ci ildə toplanan idxal rüsumunun 160 milyonu rəsmiləşdirilmişdisə, 2016-cı ildə bu rəqəm 600 milyona, 2017-ci ildə isə 707 milyona çatdırılmışdı. Hər ikisində Gömrük Komitəsinin sədri Aydın Əliyev, müavini isə Səfər Mehdiyev idi. Böyük ehtimalla Aydın Əliyev yerində qalsaydı da, bu il idxal rüsumu kimi büdcəyə 900 milyondan artıq vəsait yönəldiləcəkdi.

gomruk

Yəni, gömrükdən büdcəyə ödənilən idxal rüsumunun artımını, Vahid Əhmədovun iddia etdiyi kimi, Gömrük Komitəsinin rəhbərliyindəki dəyişikliklə bağlı deyil, təxminən 3 il əvvəl başlanan posesin davamıdır. Təbii ki, bunu Vahid Əhmədov da bilir.

Ona görə də, deputatın Gömrük Komitəsinin keçmiş rəhbərliyini “qılınclamasını” idxal rüsumundakı artımla bağlamaq mümkün deyil. Vahid Əhmədovun qəfildən gömrükdəki korrupsiyanı yada salmasını, yuxarıda da qeyd etdiyimiz kimi, deputatın klanlarası mübarizədə tərəf nümayiş etdirməsi kimi izah etmək daha məntiqli görünür.

Məlum olduğu kimi, Aydın Əliyev çıxarılması, yerinə Səfər Mehdiyevin gətirilməsi ilə gömrükdə uzun müddət davam edən ikibaşlılığa son qoyuldu. Gömrük “Naxçıvan klanı”ndan tam şəkildə alınaraq, şərti olaraq “Bakı klanı” adlanan qruplaşmanın nəzarətinə keçdi. Hazırda bu proses yekunlaşmaq üzrədir.

Vahid Əhmədovun məhz belə vaxtda ortaya çıxması, onun ya kimlərinsə sifarişini yerinə yetirdiyini, ya da “yıxılanı baltalamaqla” ucuz populizmdən xal qazanmağa çalışdığını göstərir.

Ancaq deputat hüquq-mühafizə orqanlarını gömrükdə “yeyilən” milyardları araşdırmağa çağırarkən, deyəsən unudur ki, indiki sədr Səfər Mehdiyev həmin vaxt Gömrük Komitəsinin rəhbərliyində idi. Hətta bəzi iddialara görə, gömrükdən gəlib-keçən hər şeyə nəzarət edirdi…  AzPolitika.info

 
 


Geri qayıt