Avtoritet “YAŞA BAKİNSKİ” öldürənə 18 il İŞ VERİLDİ

Avtoritet “Yaşa Bakinski” öldürənə 18 il iş verildi

Bakıda “Yaşa Bakinski” ləqəbi ilə tanınan Baləhməd Baləhmədovu öldürməkdə təqsirli bilinən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elxan Ağayev 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl bu il matın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Baləhmədovu bıçaqla qətlə yetirib. Cinayəti törətmiş Elxan Ağayev Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb. İfadəsində bildirib ki, 1 ay bundan əvvəl Baləhməd Baləhmədov onu bıçaqlayıb. İndi isə Elxan Ağayev qisas məqsədilə Baləhməd Baləhmədovu öldürüb.

Elxan Ağayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb






Fikirlər