Əməkdar artist üsyan etdi: “60 yaşa gəldim və heç kimə lazım olmadım?”

Əməkdar artist Firuzə İbadova efir məkanından incik düşüb.


Bu haqda Teleqraf.com-a danışan əməkdar artist bundan sonra da heç bir televiziya kanalına çıxmayacağını bildirib. O, qeyd etdi ki, ifa etdiyi mahnıların da televiziyada yayımlanmasını istəmir: “Son vaxtlar efirə getmirəm və bundan sonra da getməyəcəm. Çünki bilirəm ki, sənətim nəyə qadirdir?! Firuzə İbadova kimdir?!  Verilişlərin mövzusu, ab-havası məni çox sıxır, ürəyimi ağrıdır. Çünki sənətdən çox mübahisə, dedi-qodu olur. Mən belə televiziyada, sənətdə olmaq istəmirəm. Öz mahnılarımı  oxuyacam və dövlətin fonduna yerləşdirəcəm. Mən olmayanda  isə qulaq assınlar və yad etsinlər.  Televiziyalardan çox dəvət edirlər. İstər dövlət televiziyası, istər də özəl kanallar olsun. Sadəcə, televiziyalara getmək istəmirəm.  Düzdür, məni çox  incidən səbəblər var. Onları açıqlasam, böyük səs-küyə səbəb olacaq, amma zamanı var. Mən 45 il Azərbaycan mədəniyyəti üçün əziyyət çəkmişəm. Deməli, belə çıxır ki, gördüyüm bütün işlər hədər getdi? Gərək etməzdim. Başqaları kimi öz mənafeyimi güdərdim və toylara gedib pulumu qazanardım. Nə dövlət tədbirlərinə gedərdim, nə də Azərbaycanı təmsil edərdim. Mən zamanımın  Firuzəsi olmuşam və  öz sözümü demişəm. İndi də deyirəm. Gənclər toyunda Firuzə İbadovanı görmək istəyir. Mən  uşaq deyiləm, 60 yaşım var. İndi də sevilirəm və istənilirəm. Bəs  necə olur ki, Firuzə İbadovanın güzəranı ilə maraqlanan yoxdur. Səsinə səs vermədilər. Nəyə görə? Kiminsə pulu, adamı var, onlar öndə gedir. Kim zəng edirdi, deyirdim ki, Azərbaycanda deyiləm, Tehranda və s. başqa ölkələrdəyəm. Amma hazırda səmimi deyirəm ki, mən Bakıda idim. Ümumiyyətlə, heç yerə getmirəm. İncimişəm və  küsmüşəm. Bu mənim haqqımdır.   Nə isə... Bizim kimi sənətçiləri arxa plana atdılar. Belə olmaz, bizim kimi ifaçıların savadından istifadə etməlidirlər.  Axı,  mən püxtələşmiş  müəlliməyəm. Mən  özüm deməliyəm ki, dərs deməyə gəlmişəm...  Mənim səviyyəmdən, savadımdan istifadə etmədilər.  Hətta bəzi xalq artistləri var  mənə zəng edib deyir ki, “filan əsrin müəlifi  kimdir və neçənci ildə yazılıb?”. Axı Firuzə  İbadovanın musiqi savadı var.  Çünki müəlliməm Şövkət Ələkbərova olub.   Azərbaycan musiqi mədəniyyətində çalışan hər kəsin özünə görə zəhməti var və Firuzə İbadovanın da zəhməti olub. Rəşid Behbudov adına mahnı teatrı ilə dünyanın bir çox ölkəsinin elçisi olub. Musuqimiz ilə pulsuz vəkil kimi işləmişəm”. 


Əməkdar artist onu da dedi ki, yaşının bu vaxtında düşünməməlidir ki, kimsə ona toya dəvət edəcək: “Axı, mən yaşımın cavan vaxtımda toylardan imtina edib, sənətimin dalınca getmişəm. Dövlət tədbirlərində iştirak etmişəm. Mənim verdiyim konsertlərin pulu ilə “Sönməyən ulduzlar” pensiya alırdılar. Azərbaycana pul gətirən müğənnilərdən biri olmuşam. İndi mən 60 yaşa gəldim və lazım olmadım? Mən indi müəllimə kimi işləyib ailəmi saxlamalıyam. Cavanşir müəllim də sağ olsun, məni özü ilə toylara aparır.  Mən səhnəyə  çıxanda 18-30 yaşımda olduğum kimi Firzə İbadova oluram.  Çünki canlı ifa edirəm və “fonoqrama” ilə  oxumuram. Hazırda heç bir şey istəmirəm.  Sadəcə olaraq, itmiş əmlakım, itirilmiş illərim uğrunda mübarizə aparacam. İndi nə televiziyaya, nə də radioya çıxmayacam.  Heç televiziyada səs yazılarımın da verilməsini istəmirəm. Mən onsuz da insanların yaddaşında Firuzə İbadova kimi varam. Heç bir jurnalist zəng etməsin və heç kimə müsahibə verməyəcəm”. 

 

 






Fikirlər