Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı İDDİASI əsasında məhkəmə başlayıb

arif-alisanov-qulu

İş baxışa götürülməyib 

Bu gün Yasamal Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin baxışa hazırlıq iclası başlayıb.

“Report”un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib.

İş baxışa götürülməyib. Proses təxirə salınıb.

Növbəti məhkəmə iclasının vaxtı bir həftə ərzində açıqlanacaq. 

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. İşə aprelin 7-də hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.






Fikirlər