HABİLMİYİK, QABİLMİ?

Allah bizə son kitabında Adəmin iki oğlunun qissəsini danışır.

Yəni iki Adəmoğlu qissəsini: Habil və Qabil… 

Quranda onların adları açıqlanmır. Açıqlanmama səbəbi də bəllidir. Hər zamanın, hər dövrün, hər toplumun Habili də var, Qabili də. 

Bir "müsəlman olaraq" biz Habili sevir, Qabilə qarşı kin bəsləyirik. Adamın günahından xəbərdar, tövbəsindən bixəbərik. Ona görə də bütün günahlarda Adəm və Həvvadan sonra Qabili sorumlu bilir, onu ittiham edirik. Qabili qınayan bizlər bir çox halda elə onun kimi davranırıq. Elə onun kimi də əməlimzə bəhanələr gətirir, özümüzə bəraət qazandırırıq. Qabillik edir, Qabil olduğumuzu etiraf etmirik. Biz özümüzü müsəlman, onu isə kafir zənn edirik.

Halbuki,
Quran Adəmin oğlanlarının birinin mömin, digərinin kafir olduğunu söyləmir. Quranın söylədiyi qardaşlardan birini simic, digərinin səxavətli olmasıdır. Allah üçün qurban verərkən qardaşların əsil xislətləri üzə çıxır. Habil malının ən yaxşısını, Qabil isə malının ən pisini verir. Verərkən də içində özü-özünü inandırır ki, Allahın onun verdiyi mala ehtiyacı yoxdur. Çünki Allah heç nəyə möhtac deyil.

Əslində Qabil haqlıdır. Mal da Allahındır, mülk də. Allah, nə Habilin verdiyinə möhtacdır, nə Qabilin. Allahın ehtiyacı almaq deyil, malın arxasınca gözü qalmayan quluna daha çox mal vermək üçün onu sınamaqdır. Allah verərkən də sınayır, alarkən də. Arxaya baxanlar hər zaman uduzarlar. 
Qabil də bu imtahanda uduzur. Allah da onun uduzmasının səbəbini söyləyərək bizi xəbərdar edir. Bizim onun kimi davranmamağımızı istəyir. Qızım sənə deyirəm, gəlinim sən eşit, misalı. Müdriklik başqasının xətasından dərs ala bilməkdir.

Biz verilən mesajı doğru oxuya bildikmi? Allah üçün etdiklərimizdə Qabil kimi davranırıq, yoxsa Habil kimi? 
Allah adına düzənlənən bir məclisə niyə gedirik? «Getməsək ölərik» dediyimiz üçünmü, «getmək lazımdır» dediyimiz üçünmü? 
Birinə bir sədəqə verərkən malımızın ən yaxşısınımı veririk, yoxsa ehtiyacımız olmayanlarımı paylayırıq?
Orucu necə tuturuq?
Həccə necə gedirik?
Namaza gedərkən necə davranırıq? Allahın buyurduğu və istədiyi kimi ən gözəl libasımızı geyinərəkmi namaz qılırıq, yoxsa əlimizin altında nə varsa onları üstümüzə atıb tez-tələsik ağzımızda sözləri gəvələyirikmi?

Unutmayaq ki,
Adəmin hər iki oğlu müsəlman idi. Hər iki oğlu Allaha qurban vermişdi. Biri sahib olduqlarının ən yaxşısını, digəri sahib olduqlarının ən pisini. Biri verərkən Allaha yaxın olmaq istəyirdi, digəri verərsə azalacağından qorxduğu üçün ehtiyacı olmayacaqlarını verirdi. Biri Habillik edirdi, biri Qabillik. 

Allah qardaşları bir daha sınadı. Birinin qurbanını qəbul edərək, o birinin qurbanını qəbul etməyək. Qabil yenə uduzdu. Simic olduğu qədər eyni zamanda həm də qısqanc idi. İçindəki kin üzündən bir də qatil oldu. Qarğanın verəcəyi dərsə möhtac bir halda günahını çiynində daşıdı Qabil. Çiynində daşıdığı sadəcə qardaşının cansız cəsədi deyildi, həm də simicliyi, kini, küdurəti və qısqanclığı idi. O, qarğadan dərs aldı və çiynindəkiləri torpağa basdırdı. Yükünü yüngülləşdirdi. Biz nə edirik? Qabilin səhvindən dərs almasaq biz də bir qarğanın müəllimliyinə möhtac olarıq.

Habil də Qabil də bir prototipdir. Bəlli bir düşüncəni təmsil edən prototip. Allah üçün verməklə, Allahdan əsirgəmənin simvollarıdır bu iki qardaş. Habil sadəcə malını deyil, eyni zamanda canını da verə biləcək qədər mərd bir qardaş, Qabil can ala biləcək qədər zalım bir qardaş. 

Biz kimik? 
Sualın cavabını anlamaq üçün verdiyimiz sədəqələrə, etdiyimiz əməllər bir nəzər salaq. 
Allah adına düzənlənən toplantılara, konfranslara sevgilimizlə görüşə getdiyimiz kimimi gedirik, yoxsa qaynanamızla görüşə getdiyimiz kimimi? İbadətlər bizim üçün nədir? Çiynimizdə daşıdığmız bir meyidmi, yoxsa qəlbimizdə daşıdığımız bir sevgimi? 
Qabilmiyik, Habilmiyik?






Fikirlər