“Flora ilə Zeynəbi mətbuat qarşı-qarşıya QOYUR”

Xalq artisti Flora Kərimovaya televiziyalar tərəfindən efir qadağası qoyulub. Bu barədə “Yeni Müsavat”a məlumat verən xalq artisti bildirib ki, buna səbəb həmkarı Zeynəb Xanlarovanın haqqında dediyi fikirlər olub.

“Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. 
Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu...”. 
 Xatırladaq ki, son vaxtlar bir çox sənət adamları biri-birinin ünvanına kəskin fikirlər səsləndirib.

Bu cür fikir sahibi olan mədəniyyət sahəsinin adamları mədəniyyətə nə verə bilər?

Milli Məclisin  Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Modern.az-a açıqlamasında iki xalq artistinin məsələsinə münasibət bildirib.
“Onlar böyük sərvət yaradıblar”

“Azərbaycanın hər bir qiymətli sənətkarı millətin sərvətidir. İstedad Allahın bağışladığı elə  bir nemətdir ki, zəhmətin sayəsində, yorulmadan çalışmağın nəticəsində millət tərəfindən sevgi qazana bilirsən.

 İstər Zeynəb Xanlarova, istərsə də Flora Kərimova Azərbaycan mədəniyyəti tarixinə öz adlarını həkk etmiş insanlardır. Böyük sərvət yaradıblar. Düşünürəm ki, bu cür insanların qədir-qiymətini bilməliyik.

Güman edirəm ki, ayrı-ayrı sənətkarlarla bağlı bəzən mətbuat səhifələrinə çıxarılan münaqişələr mahiyyət etibarilə düzgün olmayan addımdır.

Ola bilər ki, kimsə kiminsə haqqında bəzən ehtiyatsız, bəzən onun necə əks-səda doğuracağını düşünmədən nəsə deyə bilir. Sadəcə, müəyən adamlar bu cür insanların dediklərini şişirdirlər. Bundan da xeyirxah olmayan niyyətlər üçün istifadə edirlər. Bu indinin söhbəti deyil. Keçmiş zamanlarda da belə hallar olub. Təkcə bizdə deyil, müxtəlif ölkələrdə də ayrı-ayrı sənət adamlarını qarşı-qarşıya qoymaq səmtində bu cür addımlar atılıb. Belə təşəbbüsləri, belə niyyətləri heç cür qəbul edə bilmirəm”.
“Ola bilsin ki, sənətçi əsəbi, həyəcanlı olub”

Rafael Hüseynov deyib ki, sənət adamlarını bu formada cəmiyyətə təqdim etmək olmaz.

“Mətbuatın vəzifəsi böyük və qiymətli sənətkarların gördüyü böyük işləri millətə təqdim etmək, yaymaqdır. Mətbəxə girmək, onların mətbuata çıxarılması məsləhət olmayan hansısa sözlərini şərh etmək, həmin sözləri bir az da şişirtmək  mənfi bir işdir. Həm sizə, həm də digər mətbuat nümayəndələrinə məsləhət görürəm ki, belə işlərlə məşğul olmayın. 

Mətbuatın işi cəmiyyəti sevindirəcək, ümid oyadacaq hadisələri yazmaq, onları təbliğ etməkdir. Böyük sənətkarlarımızın yaradıcılığının, şəxsiyyətinin parlaq tərəflərini  insanlara çatdırmaqdır. Dedi-qodu ilə məşğul olmaq, onu televiziyanın, radionun efirinə çıxarmaq müsbət iş deyil. Sənət adamlarıdırlar. Bunları televiziyaya, radioya  çağırırlar, mikrofonun qarşısında suallar verirlər.  Ola bilsin ki, sənətçinin həmin məqamda əhvalı yaxşı olmur, əsəbi, həyəcanlı olur. Uyğun olmayan sözlər deyəndə də bunu  şişirtməyə və  başqa bir adamla onun dediklərini şərh etməyə başlayırlar”.

“Zeynəb Xanlarovanın, Flora Kərimovanın işlərindən danışmaq lazımdır”
Komitə sədri Zeynəb Xanlarovanın susqunluq nümayiş etdirməsinə baxmayaraq, Flora Kərimovanın susmamasına bu cür  aydınlıq gətirib.

“Flora Kərimova ona görə danışır ki, 3-5 jurnalist bəzi məsələləri qurdalayır. İnsanları rahat buraxmaq lazımdır. Flora Kərimova və digər sənətçilərə müraciət edərkən qeybət mövzularında suallar verməyin! 3-5 dəfə bu cür suallar qoyanda o da məcbur olub cavab verir.

Mədəniyyət komitəsinin sədri, bir ziyalı və vətəndaş olaraq hər zaman müdafiə elədiyim mövqe belədir. Arzu edirəm ki, digərləri də bu cür mövqedə olsunlar.

Zeynəb Xanlarovanın 10 illər boyu bu milləti tanıtmaq yolunda işlərindən danışmaq lazımdır. Flora Kərimovanın Azərbaycan estradasının səhnəsindəki böyük işlərindən bəhs etmək lazımdır. Ayrı-ayrı insanlarla həmin sənətkarların sənətinin gözəlliklərindən danışmaq lazımdır. Düşünürəm ki, qızışdırıcı, dedi-qodu səviyyəsində olan mövzuları müzakirəyə çevirmək doğru deyil”.

AzerTaym.az

 






Fikirlər