24.09.2014 - “İkinci Mikayıl Müşfiqimiz” - şəhid-tələbə Ülvi Bünyadzadə anıldı

24.09.2014 - “İkinci Mikayıl Müşfiqimiz” - şəhid-tələbə Ülvi Bünyadzadə anıldıBu gün Azərbaycan Dillər Universitetində (ADU) 20 yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 45-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

ADU-dan verilən xəbərə görə, mərasimdən öncə universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək şəhidin məzarı önünə qərənfillər düzüblər.

Tədbir universitetin foyesində yerləşən Ülvi Bünyadzadəyə aid açıq muzeyin qarşısında dövlət himinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Ülvi Bünyadzadənin universitetin istedadlı və bacarıqlı tələbəsi, eyni zamanda olduqca vətənpərvər, cəsarətli bir gənc olduğunu və 1990-cı ildə Bakıda baş vermiş qanlı 20 yanvar faciəsi zamanı şəhid olduğunu söyləyib. O, Ü.Bünyadzadənin universitetin fəxri olduğunu bildirərək şəhidimizin “xalqımız yaşasın, parçalanmış torpağımız birləşsin” amalına xidmət etdiyini dedi.

24.09.2014 - “İkinci Mikayıl Müşfiqimiz” - şəhid-tələbə Ülvi Bünyadzadə anıldı

Ü.Bünyadzadənin fəal gənclərdən olduğunu deyən prorektor şəhidin ADU-nun yaratdığı vətənpərvərlik mühitində yetişdiyini vurğulayıb. İstedadlı tələbənin bir sıra şer kitablarının müəllifi olduğunu xatırladan Ə.Əliyev Ü.Bünyadzadəni itirməklə ikinci Mikayıl Müşfiqimizin itirildiyini deyib. Ələddin Əliyev Dillər Universiteti yaşadıqca Ülvi Bünyadzadənin də unudulmayacağını söyləyib.

Pedaqoji fakültənin III kurs tələbəsi Nərgiz Məmmədova Ü.Bünyadzadənin həyatının qəhrəmanlıq, şərəfi özündə ehtiva edən məktəb olduğunu deyərək mərhumun ömür yolundan bəhs edib.

Tədbirdə çıxış edən şəhidin bacısı Könül Bünyadzadə qardaşı ilə bağlı xatirələrini danışaraq onu özünə ideal seçdiyini deyib. Müəllifi olduğu “Gəncliyin fəlsəfəsi” kitabını da Ü.Bünyadzadənin istedadına, məğrurluğuna olan vurğunluğundan ilhamlanaraq yazdığını deyən K.Bünyadzadə kitabda gənc nəslin öz istedadları ilə xalqın uğurlu gələcəyinə, vətənin azadlığına təsir edə biləcəyi haqda fikirlərini qeyd edib. O, ADU-da rəhbərliyin gənclərin əsl şəxsiyyət kimi yetişməsini təmin edən mühit yaratdığını bildirib. Sonda Könül Bünyadzadə ADU-nun rektou, Milli Məclisin deputatı, professor Səməd Seyidov başda olmaqla universitet rəhbərliyinə Ü.Bünyadzadənin əziz xatirəsini həmişə uca tutduqlarına və daim xatırladıqlarına görə təşəkkürlərini bildirib.

24.09.2014 - “İkinci Mikayıl Müşfiqimiz” - şəhid-tələbə Ülvi Bünyadzadə anıldı

Tədbirdə Xətai rayonu 56 saylı orta məktəbin şagirdlərinin ifasında Ü.Bünyadzadənin yazdığı şeirlər və şəhidin dilindən hekayələr dinlənilib, Ülvi Bünyadzadənin atası mərhum Yusif Bünyadzadənin oğlu ilə bağlı söylədiyi fikirlər səsləndirilib.

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr, 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açmışdı. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdı. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdu. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. Universitetin III kursunda təhsil alan Ülvi Bünyadzadə 19 yanvar, 1990-cı ildə həlak olmuş 20 yanvar şəhididir.


24.09.2014 - “İkinci Mikayıl Müşfiqimiz” - şəhid-tələbə Ülvi Bünyadzadə anıldı






Fikirlər