Yeni “Xəzər Səhər”in yeni aparıcıları “Yeni Müsavat”ın QONAGI OLDULAR

İlhamiyyə Rza: “Həmid olmasa bu verilişin razılığını verməzdim”

Həmid Herisçi: “Gülməli də səslənsə, mən senzura tərəfdarıyam”

Bu günlərdə “Xəzər” telekanalı tanınmış telejurnalistlər İlhamiyyə Rza və Həmid Herisçini səhər efirinə dəvət edib. Artıq 5 gündür ki, “Xəzər” tamaşaçıları səhərlərini “Xəzər Səhər”də bu cütlüklə açır. Gündəmdəki olaylar, insanlar hər ikisinin təqdimatında 2 saat boyunca tamaşaçıya çatdırılır.

Biz də bir həftəlik “efirə qayıdışı” təhlil etmək üçün onlarla söhbətləşdik. Müsahibə yerinə, yəni, redaksiyaya öncə İlhamiyyə xanım gəlir. Həmid bəy müsahibənin sonlarına yaxın qatılır. Az qala mistik bir planlama ilə. Efirdəki və həyatdakı tərəf-müqabili son sualın cavabını verər-verməz H.Herisçi də otağa qədəm qoyur. O gələnə qədərsə biz verilişin bir həftəlik efir həyatını, eləcə də telejurnalistikanın incə detallarını müzakirə etmişdik.

- İlhamiyyə xanım, nə qədər fasilədən sonra efirə qayıtdız?

-Bir ildən bir qədər çoxdur. Axırıncı veriliş ANS-də “Nəzər nöqtəsi” idi. Təxminən may ayında getdim verilişdən. İki ay sonra da ANS bağlandı. Ən böyük fasilə ANS-dən qabaq olmuşdu. 2006-cı ildə “Space”dən getmişdim. 10 illik fasilədən sonra “Nəzər nöqtəsi”nə dəvət aldım. İndi də “Xəzər Səhər”.

-Belə bir təklif gözləyirdiz? Şəxsi tanışlığımızdan dolayı, təxmin edirəm ki, siz efir qapısını artıq özünüz üçün bağlamışdız və ya efir imkanının olmayacağı qənaətindəykən bu təklifi aldız...

-Mən dəfələrlə demişəm, televiziyada işləmək barədə artıq düşünmürdüm. Bu yaxınlarda rəqfiqələrimlə birlikdə Uşaq İnkişaf Mərkəzini yaratdıq və orada çalışıram. Maraqlı, alicənab və bacardığım bir iş olsa da, əsas peşəm, necə deyərlər, “ilk aşkım” deyil (gülür). Üstəlik, zaman keçdikcə düşünürsən ki, televiziya cavanların yeridir.

-Doğurdan elə düşünürsüz? Amma mən efirdəki bəzi cavan aparıcıların danışıqlarını, hadisələrə yanaşmasını görəndə tamam əksini fikirləşirəm.

-O, artıq keyfiyyət fərqidir. Bu, artıq cavanlıq-qocalıq məsələsi deyil.

-Mən bizim milli efiri nəzərdə tuturam...

-Hə, bizim efirdən söhbət gedirsə, mən sözümü geri götürürəm, tam haqlısız. Çünki biz də televiziyaya gələndə çox gənc idik. Mən xəbərlər verilişinə gələndə gənc idim, reportyor kimi işə başlamışdım. Bizim fərqli keyfiyyət meyarlarımız, dəyərlərimiz, insanlara baxışlarımız var idi. İndi görürsən ki, çox asan yola əl atırlar. Baxırsan ki, qabağında suflyor, heç nə etmədən, hər şey qabağına hazır vəziyyətdə gəlir. Nə var ki buna? Veriliş aparıcısı düşünən adam olmalıdır. Xüsusən də canlı efirdirsə..

-Sizdə vəziyyət necədir? Hər şeyin qabağınıza hazır gəlməsi baxımdan... Hazır gəlir, yoxsa mətbəxdə siz də varsız, hər işin içindəsiz?

-Müxbir komandası, redaktor, bir sözlə, beyin mərkəzi var. Amma mən o prosesdən kənarda qala bilmərəm. Peşəkarlıq baxımından iddiam olmasa, qala bilərəm halbuki. Hətta xahiş edərəm ki, qabağıma bir suflyor da qoysunlar ki, bülbül kimi ötüm. Mən bunu istəmirəm. Canlı, səhər efirində bir hənir, insani yanaşma olmalıdır. İkincisi də, hazırkı yerimizdə, mənim də, Həmidin də şərhləri böyük təcrübənin və illlərlə sehni əməyin məhsuludur. Biz bunu bir an içində düşünürük. Hazırlaşıb gəlmirik. Hazırlığımız ancaq ondan ibarətdir ki, ümumiyyətlə, gündəmdən, hazırlanmış süjetlərdən, reportajlardan xəbərimiz olur. Amma verilişdəki şərhlər spontan olur.

-Efirin, ekranın bir gücü, hökmranlıq hissi var. İnsan studiyada olanda özünü bir başqa gücdə hiss edir. Sizin üçün bu, keçilmiş mərhələ ola bilər. Amma bütün hallarda efir sizə nə verir... onu bilmək istərdim. Necə hissdir?

-Efirin ecazkarlığı getdikcə azalır. Televiziyalar indi yeganə və əsas məlumat mənbəyi deyil. İnternet rəqabəti şəraitində televiziyalar xeyli uduzur. İnsanlar xəbəri istədikləri vaxtda, lazım bildikləri yerdə və şəkildə alırlar. İnternet məlumatı insanlara relevant şəkildə almaq imkanı yaradər. Dünən efirdə olan verilişi bu gün də izləyə bilirsən. Ona görə də artıq TV ətrafında o ajiotaj yoxdur. Bunu bir tamaşaçı olaraq deyirəm. Aparıcı olaraqsa televiziya mənim peşə baxımdan özümü ən rahat hiss etdiyim yerdir. Televiziya ətrafında, televiziyaya, mediaya yaxın çoxlu sayda peşə var. Piar, idarəetmə sahələri, marketinq, mətbuat xidmətləri... bunlar peşəmizə yaxın sahələrdir. Televiziyaya fasilələr verdiyim illərdə mən bu sahələr üzrə çalışmışam, müxtəlif yerlərdə. Media eksperti kimi müxtəlif layihələrə cəlb olunmuşam. Amma etiraf edim ki, TV-dən başqa heç yerdə özümü bu qədər əmin, özgüvənli, rahat hiss etmirəm. Bütün hallarda sadaladığım peşələr öz əsas peşən deyil və sən orda hər dəfə sıfırdan başlamalı olursan. İşləməklə bərabər öyrənirsən də. Təbii ki, öyrənmək beşikdən məzaracan davam edir. Amma mən o öyrənməyi nəzərdə tutmuram. Söhbət işin əlifbasını öyrənməkdən gedir. Sən həm işləyirsən, həm də işi öyrənməyə başlayırsan. Amma təbii ki, televiziya və jurnalistikada belə deyil, bura mənim yaxşı bələd olduğum və sevdiyim sahədir.

- Uzun illər “Gecə kanalı”nda, adından da göründüyü kimi, gecə saatlarında veriliş apardız, ondan sonra yenə “Nəzər nöqtəsi” və axşam efiri. İndi isə canlı yayımla səhər saat 8-dən efirdə olmalısız. Kontrast, fərqlilik, yeni aura... Çətin deyil?

-Məsələ burasındadır ki, “Gecə kanalı”nda veriliş hazırlamazdan çox öncə mən AzTV-nin “Səhər” proqramında aparıcılıq edirdim.

-Aha, səhər verilişi təcrübəsi var...

-Əlbəttə, var. Ümumiyytətlə, “Səhər” mənimçün təkcə səhər verilişi deyil, həm də canlı yayım təcrübəsi idi.

-Bəs fərq nədədir? Gecə və canlı veriliş tamaşaçısı ilə səhər verilişinin tamaşaçısı bir-birindən nə ilə seçilir?

-Açığı, istər gecə, istərsə səhər insanları yükləmək düzgün deyil. Bir qədər də dövr fərqi var. O vaxt biz insanları daha çox düşündürməyə çalışırdıq. Və televiziya həqiqətən də ən böyük informasiya kanalı idi. O zaman biz hansısa bir mövzu barədə danışanda onun bütün konturlarını göstərməyə çalışırdıq. Əvvəla, məsələyə müxtəlif baxış bucağı olan mütəxəssisləri dəvət edirdik. İkincisi də saat yarımlıq efir vaxtında mövzunun bütün detallarını işıqlandırmağa, suallara cavab tapmağa çalışırdıq. Amma indi sən nə baxışları, nə çözümləri, nə də mövqeləri insanlara sırımalısan. Birincisi, müxtəlif fikirlərin meydanı xeyli daralıb. İkincisi, televiziya, eləcə də istənilən informasiya məkanı yeganə bir kanal deyil. Insanların müxtəlif kanallardan, müxtəlif rakurslarda informasiya almaq imkanları genişlənib, qərarı özləri verməlidilər. İnformasiyanı bunca çeynəyib tamaşaçıya təqdim etməyə gərək yoxdur.

-Tamaşaçını nə səhər, nə də axşam yükləmək doğru deyil qənaətindəsiz. Amma səhər verilişlərinin missiyası budur: sutka ərzində ölkədə baş verənləri, qəzetlərdəki xəbərləri təhlil edib, tamaşaçıya çatdırmaq. Bu, Türkiyədə də belədir, Rusiyada da, Amerikada da... Ölkədə isə qəza da olur, faciə də, dəhşətli qətllər də... Gündəm budursa, yükləməkdən necə qaçmaq mümkündür?

- Özü də, bu veriliş ictimai-siyasidir, əyləncəli deyil. Mən vaxtilə AzTV-də səhər verilişi aparmışam, onun formatı əyləncəli-informativ idi.

-Yəni, müğənni də gəlirdi, yazıçı da, aktyor da... Burda isə format buna imkan vermir.

-Bəli, rubrikalar var idi. Valyuta məzənnəsindən, hüquq, həkim məsləhətxanası var idi. Mozaik bir veriliş idi. Amma bizim “Xəzər”dəki veriliş xəbərlər departamentinin buraxılışıdır. Orda format ciddidir. Bayaq dediyim yükləməmək, tamaşaçını neqativə kökləməmək funksiyası aparıcının üzərindədir. Amma ənənəvi ictimai siyasi verilişlərdən fərqli olaraq, burda , məsələn, dünyadakı zəlzələlər dalğasından danışarkən, “keçmiş olsun”, “bizdən uzaq olsun” kimi replikalar vermək, insani yanaşma nümayiş etdirmək kimi bir imkanın da var. Yəni, quru yanaşma deyil. Adətən xəbər təqdim edən aparıcıların sürətli və emosiyasız nitqi burda yersizdir, çünki tamaşaçını aparıcıdan xeyli uzaqlaşdırır

-Xəbərlərə verdiyiniz şərhlərdə, yanaşmalarda nə qədər azad, nə qədər çərçivəlisiz? Ölkə bəlli, olaylar bəlli, sizi tanıyan biri kimi münasibətinizi də bilirəm. “Gecə kanalı” kimi təcrübəniz olub. O halda çərçivə harda başlayıb, harda bitir?

-Konyuktura nəzərə alınmalıdır. Kifayət qədər azad hesab etdiyiniz “Gecə kanalı”nın özündə hansı səhnəarxası konyukturanın olduğunu, hansı məhdudiyyətlərin olduğunu desəm, “heç azad mühitdə işləməmisiz” deyərsən. Canlı mühit çox məsuliyyətli bir işdir. Ora dörd gözlə baxılır. Bizim içərimizdə də sərhəd var ki, nələri demək olar, nəyi yox. Bu, senzura yox, daxili məsuliyyətdir. Ola bilər ki, o məsuliyyətin dozası bir qədər artıb. Buna baxmayaraq, verilişdə materiallara etdiyimiz şərhlərə müdaxilə yoxdur.

-(zarafatla) Amma partizanlıq edə bilməzsiniz...

-Biz heç vaxt partizanlıq etməmişik. Çünki canlı efirdəsənsə deməli, sənə güvənirlər və sən də bundan sui-istifadə etməməlisən. Təbii, elə məqam gəlib çata bilər ki, sən vicdanınla seçim qarşısında qala bilərsən.

-Keçək Həmid bəylə sizin tandeminizə. Canlı yayımda iki nəfərin olması çətin məsələdir. Xüsusən nəzərə alanda ki, tərəf-müqabiliniz Həmid kimi məlumatlı, çox danışmağı, çox paylaşmağı sevən biridir. Proporsiyanı necə qoruyursuz? Veriliş təklif olunanda kimin daha çox ön planda olacağı şərt kimi qarşınıza qoyuldumu?

-Xeyr. Hər şey çox təbii baş verir. Mən bilirəm ki, bu verilişdə Həmidin deyəcəyini, edəcəyini mən edə bilmərəm. Həmid siyasi hadisələri, siyasi gündəmi təkcə bu günlə yox, keçmişlə bağlı analogiyalar aparmağı bacarır, məlumatlıdır. Onun hadisələrə baxışı çoxşaxəlidir. Mən bir jurnalistə lazım olan qədər məlumatlıyam, Həmidsə danışdığı sahəyə o sahənin mütəxəssisi qədər bələddir, siyasi şərhlər verərkən, tarixi ekskurslar edir, analogiyalar aparır və dediklərini də elmi baxımdan, faktlarla əsaslandırmağı yaxşı bacarır.

-Həmid Herisçi ilə efirdə çətinlik çəkirsiz?

-Əksinə, çox rahatam. Həmid olmasa bu verilişin razılığını verməzdim. Söhbət ictimai-siyasi formatlı səhər verilişindən gedir.

-Kölgədə qalmaqdan qorxmursuz?

-Keçdi o mərhələ. Hətta cavan, təcrübəsiz və tam qəbul edilməyən dövrlərimdə belə kölgədə qalmaqdan qorxmamışam.

-Qadınvari bir sual verəcəm. Günün böyük hissəsi həyat yoldaşınla birgə olmaq... darıxdırıcı deyil? Evdə, işdə, işin mətbəxində... Yorulmursuz bir-birinizdən?

-Evdə oluruq ki? Bax, mən onunla efirdə işlədim, indi də gedirəm o biri işimə. Axşam da saat 8-dən tez evə gəlmirəm.

-Səhər saat 8-də efirdə olmaq üçün gününüzü hamımızdan tez başlayırsız. Yəqin Bakının səhəri də çox gözəldir... Bizim görmədiyimiz, səhər saat 6-nin Bakısı...

-Əladır. Yollar boş, hava saf. Görə bilmədiyin şeyləri görürsən. “Aaa, bu binanı təzə tikiblər?” deyib təəccüblənirsən. Halbuki bu bina əvvəldən də vardı.

-Tamaşaçı sizdən nə tələb edir? Nəyi tənqid edir, nələr yazır?

-Tamaşaçı özünü, öz problemlərini görmək istəyir efirdə. Tənqidə gəlincə, o gün biri Həmidə yazıb ki, nə üçün siz efirdəki tərəf-müqabilinizə “sən” deyə müraciət edirsiz? İndi gərək mən izah edim ki, o, 25 ildir ki, mənə eyni cür müraciət edir. Təzə problem deyil (gülür). Həmidə olan tənqidlər onun qeyri-standart danışıqları, hərəkətləri ilə bağlı olur. Məzmuna dair irad tutanlar yoxdur.

Elə bu yerdə otağın qapısı açılır və İlhamiyyə xanımın ömür-gün, eləcə də efir yoldaşı Həmid Herisçi içəri girir. Və onunla da eyni tempdə, eyni mövzular ətrafında söhbətə başlayırıq.

-Mən o fikirlə razıyam ki, televiziya canlı efir deməkdir. Kim ki, televiziyada işləyib, amma canlı efirdə olmayıb, o adam televiziyanı dərk etmir. Televiziyanın sirli gücü də ona keçməyəcək. Canlı efir möcüzələr aləmidir və bu, insana böyük güc verir. Real aləm deyil sanki.

-2 saatlıq canlı efirdə potensialınızı tam nümayiş etdirə bilirsiz?

-Görünür, təcrübə var. Nə mənə, nə İlhamiyyə xanıma çətindir. Bu, istedad hesabınadır. Hər ikimiz bu “təyyarədə” çətinlik çəkmirik. Sanki ulduzlara doğru bu kosmik gəmidə gedirik. Onun öhdəsindən gəlirik. Amma yazılı jurnalistika başqa, ciddi dəyərdir. Mən sevinirəm ki, “Yeni Müsavat”da bu dəyərlər qorunur.

-Televiziyada bəlli çərçivələr var. Nəyi, harada demək və deməmək məsələsi bəllidir. Sıxılırsız bu çərçivələrdən?

-Çərçivələr, məngənələr yaxşıdır. Peşəkar, işini bilən üçün yaxşıdır. Bəli, televiziyada bəlli çərçivələr var. Təkcə siyasi deyil. “Hər şeyi yazaq” deyilsə, çox adam çox oyunbazlıqdan çıxacaq. Bəzi adamlar üçün jurnalistika, televiziya çörək pulu qazanmaq yerindən başqa yer deyil. Peşə, yaradıcılıq... bunlar yoxdur. Çox qısa zamanda namus, qeyrət, vətən eşqini nəğd soğana-çörəyə dəyişəcəklər. Hər zaman cavabdeh yerlərdə işləmişəm, senzuranın xeyrini görmüşəm. Peşə xüsusiyyətlərini gücləndirir. Gülməli də səslənsə, mən senzura tərəfdarıyam.

-Səhəri neqativlə açmaq olmaz. Amma eyni zamanda gündəmdə də neqativ xəbərlər varsa, balansı necə qoruyursuz?

-Təkcə nöqsanlarını yox, dəyərlərini də görmək lazımdır. Həyat təkcə qaradan ibarət deyil, ağ da var. Həyatın bir dövrü gəlib ki, gəlin müsbət tərəfi də qiymətləndirək. Müsbət xəbərlərə mən çox meyllənirəm. Səhərlər insanları salamlamağı çox sevdim. Amma çox ağır işdir. Səhər sübhdən oyanmalı, hazırlaşmalısan. Xronometrajı bilməlisən. Səhər vaxtı indicə aldığın xəbəri anındaca şərh etməliən.

-Siz yazılarınızda hər zaman proqnoz verməyi, sirr açmağı sevirdiz. Bu verilişlə bağlı proqnozlarınızı da bilmək istəyirəm. Tamaşaçı bu verilişi sevəcəkmi, efir həyatı nə qədər olacaq verilişinizin?

-Əvvəla, mənim özümdən olsaydı, çox səhvlər buraxardım. Bunu mistika adlandıraq, o, mənə kömək edib. Mistiklər deyirlər bəxtdir, mömünlər deyir, bu qüvvə Allahdır. Bunu hiss etmədən nə ədəbiyyata, nə də jurnalistikaya girmək doğru deyil. Özümə qalsa, bir çox işləri görə bilməzdim. Nə kitab çıxara, nə yazı yaza bilərdim. Məsələn, mən “Yeni Müsavat”da çox şərəfli 1 il yaşadım. Azər Ayxanla birlikdə işlədik. Azər mövzuları verir, məndən yazıları alırdı. Biz nələr yazırdıq...İndi də efirdə. Balıq özünü suda necə hiss edirsə, İlhamiyyə xanımla mən də efirdə özümüzü elə hiss edirik. Bizimçün heç bir maneə yoxdur. Xronometraj, canlı efir, efirdə üzmək... mən bunları müəyyən qədər İlhamiyyə xanımdan öyrənmişəm.

- Sizin yazıların, müəllif verilişlərinin belə anonsu olurdu: Həmid Herisçi sirləri açır... Səhər efirində hansı sirləri açacaqsız?

-Mənim bu efrdə heç bir sirr açmaq fikrim yoxdur. Sirləri “Yeni Müsavat”da açırdıq. Bu məkan Azərbaycan jurnalistikasında xalqa, azərbaycanlı ailəsinə, dövlətə, cəmiyyətə, insana ən yaxından kömək edən yerdir. Bir il işlədim, gördüm. Burada iqtidar-müxalifət söhbəti yoxdur.

 






Fikirlər