“Səfurəyə çox böyük haqsızlıq etdilər” - S.İbrahimovanın tələbə yoldaşı

“Səfurəyə çox böyük haqsızlıq etdilər” - S.İbrahimovanın tələbə yoldaşıModern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikası davam edir.

Müsahibimiz xalq artisti, teatr və kino aktyoru Tariyel Qasımov tələbə yoldaşı, xalq artisti, Azərbaycan teatrında və kinosunda özünəməxsus yeri olan aktrisa Səfurə İbrahimova haqqında xatirələrini danışır:


Səfurə çox sakit təbiətli və utancaq idi”

“Mən bir neçə tanınmış şəxslə (Şahmar Ələkbərov, Həsən Əbluc, Nurəngiz Gün, Yalçın Rzazadə) bir kursda oxumuşam ki, onlardan biri də Səfurə İbrahimova idi. Biz Təhmasibin (kinorejissor, aktyor və pedaqoq Rza Təhmasib) tələbələriyik. 1960-cı ildə Mirzağa Əliyev adına Teatr İnstituna daxil olmuş, 64-cü ildə qurtarmışıq.
Hələ institutda oxuyan vaxtı Səfurə İbrahimova bizim aramızda həqiqətən, seçilirdi. Əvvəla, çox sakit təbiətli bir qız idi. Özü də bir balaca utancaq idi. Səfurənin o qədər də rəfiqəsi yox idi. Elə bil bizdən seçilirdi, çox yaxınlıq etməzdi. Amma oğlanlarla dostluq edərdi. Ümumiyyətlə, biz elə hamımız - 10 qız, 10 oğlan bir-birimizlə dost idik. Hələ instituda oxuyan vaxtı Səfurəni hansısa qısametrajlı filmə dəvət etmişdilər. 1963-cü ildə institutda diplom işi “Romeo və Cülyetta” tamaşasında oynayandan sonra mən Akademik Milli Dram Teatrına dəvət olundum. Və 63-cü ildə “Azdrama”ya gəldim, orada “Antoni və Kloepatra”da oynadım. Məncə, Səfurə də “Azdrama”ya dəvət olunmuşdu. Bizim institutda qızların içində yeganə öz istedadı ilə seçilən Səfurə idi. Çünki elə Səfurə imtahan tamaşalarımızın hamısında baş rol oynayırdı. Düzdür, “Sevil” tamaşasında Sevili Zərnişan adında bir qız oynayırdı. O da istedadlı qız idi. Sonra nədənsə sənətdən uzaqlaşdı. Səfurə həmin tamaşada Dilbəri oynayırdı. Sonra kinoda da Dilbəri oynadı. Amma Akademik Milli Dram Teatrında Əliabbas Qədirovla tərəf müqabil olaraq Sevili oynayıb.

“Səfurəyə çox böyük haqsızlıq etdilər” - S.İbrahimovanın tələbə yoldaşıTələbəlik vaxtı da gözlənilirdi ki, Səfurədən çox böyük aktrisa, dahi bir sənətkar olacaq. Müəllimlər Səfurədən çox razı idi, hamı onunla işləmək istəyirdi. Yəni tələbə kimi də çox yaxşı idi. İnstitutu əlaçı kimi qurtardı. Özü də Səfurənin təyinatı Akademik Milli Dram Teatrı oldu və orada bir-birindən gözəl rollar oynadı, kinolara çəkildi və dahi bir sənətkar oldu. Çox böyük aktrisadır Səfurə İbrahimova”.


“Səfurəyə qarşı çox böyük haqsızlıq etdilər”

“Səfurə xanım mənim üçün çox əziz bir aktrisa, gözəl bir insan, çox yaxşı dost idi. Həqiqi deyirəm. Hətta bir məsələni də söyləyim. Deməli, oğlum əsgər gedirdi, Biləcəridən yola salmağa gəlmişdik. Gördüm Səfurə də burdadır. Bilirdim ki, Səfurənin övladı yoxdur. Dedim, “Səfurə, sən burada neyləyirsən?”. Dedi, “oğlumu yola salıram”. Məlum oldu ki, bacısıoğludu. Onu özünə oğul kimi götürüb və yola salıb. O vaxt Biləcərinin rəisi Aydın Həsənov idi, o, bütün incəsənət adamlarına çox böyük hörmət edirdi. Mən Səfurədən soruşdum ki, “Səfurə, oğlunu hara yola salmaq istəyirsən?”. O da dedi ki, Riqaya istəyirəm. Mən Aydın müəllimə bunu çatdırdım, dedim ki, “bu Səfurə xanımın oğludur”. Səfurə o vaxt əməkdar artist idi. Nəticədə, oğlanı Səfurənin ürəyi istədiyi yerə saldı. Yəni demək istəyirəm ki, biz Səfurə ilə dostluğu o xəstələnənə, “Azdrama”dan çıxana qədər davam etdirmişik. “Azdrama”da bir əhvalat baş verdi. Mən onu nə demək istəyirəm, nə də ki xatırlamaq. Səfurəyə qarşı çox böyük haqsızlıq etdilər və o, teatrdan uzaqlaşdı. Bu adam özünə qapandı və heç kimi qəbul etmədi. Ona görə də aramızda əlaqə olmadı. Səfurəni “Azdrama”da ona qarşı olan o haqsızlıqdan bir az əvvəl tamaşada görmüşdüm, vəssalam. Biz tələbələr çox mehriban olmuşuq. Ona görə hamımız bir-birimizlə görüşürdük. Düzdür, bəziləri başqa rayonlara getdi. Amma Səfurə Bakıda olsa da, bizimlə o qədər də əlaqə olmurdu.

Səfurə qətiyyən müəllimlik etməyib. Mənə belə gəlir ki, onda o xarakter yox idi. Məsələn, mənim də ağlıma sığmır ki, dərs deyə bilərəm. Hərçənd, 3 ay İncəsənət Universitetində Ağakişi Kazımovun assenti işləmişəm. Amma 3 aydan sonra özüm çıxıb getmişəm, görmüşəm ki, yox, müəllimlik mənim işim deyil. Mənimki sırf aktyorluqdur, ya rejissorluqdur və Səfurə xanım da elə. O sırf gözəl aktrisa idi”.


“Onu yenidən səhnədə, ekranda görmək istərdim”

“Səfurəyə çox böyük haqsızlıq etdilər” - S.İbrahimovanın tələbə yoldaşı

“Səfurə xanım bir dəfə sevib, nişanlanıb. Sonra nəsə bu, uğursuz olub və ondan sonra da heç ərə getməyib.
Səfurə xanım həm teatrda, həm kinoda uğur qazanıb. Məsələn, aktrisa ya teatrda çox parlaqdır, kinoda heç nə edə bilmir və yaxud əksinə, kinoda parlaqdır, teatrda heç nə edə bilmir. Amma Səfurə ikisində də eyni dərəcədə böyük sənətkardır. Açığını deyim ki, onun kinodakı bütün rollarını bəyənirəm. Hamısı tamam ayrı-ayrı xarakterlərdi və hamısında da Səfurə gözəldir.
Tamaşaçı Səfurə xanımı itirib. Amma çox təəssüflər, Səfurə xanım fikirləşməyib ki, tamaşaçılar onu çox sevirlər. İndi bir haqsızlıq olub, o görüb ki, haqsızlığa qarşı heç bir tədbir görülməyib və tamam küsüb, qapanıb. Səfurə heç bizi də qəbul etməyib. Mən də arada çox istəmişəm ki, bir əlaqə saxlayım, qəti qəbul etməyib. Belə bir haqsızlıq olduğunu görüb bu həyatdan küsdü, vəssalam. İnanmıram ki, o, yenidən barışıb qayıda bilər. Tamaşaçılar da onu sevib, dövlət də ona layiqincə qiymət verib. Ona xalq artisti adı, prezident təqaüdü verilib. Qiymətini alıb. Gərək işləyəydi, yeni rollar yaradardı. Mən Səfurəyə can sağlığı arzu edirəm. Allah özü ona kömək olsun. Allah elə etsin ki, o, desin ki, mən təzədən qayıdıb işləmək istəyirəm. Əlbəttə, istəyərdim ki, onu yenidən səhnədə, ekranda görüm. İndi Səfurənin elə yaşıdır ki, o, gözəl, xeyirxah analar, nənələr oynaya bilər, özü də çox gözəl oynaya bilər. Çünki Səfurə özü çox xeyirxah, çox gözəl insan idi, çox gözəl tələbə dostu idi”
.


“Səfurəyə çox böyük haqsızlıq etdilər” - S.İbrahimovanın tələbə yoldaşı
“Səfurəyə çox böyük haqsızlıq etdilər” - S.İbrahimovanın tələbə yoldaşı
“Səfurəyə çox böyük haqsızlıq etdilər” - S.İbrahimovanın tələbə yoldaşı






Fikirlər