Gənc qızların “ƏR AXTARIRAM” mesajlı statusları – İFRAT MÜASİRLİK

Müasirlik, azadlıq deyərkən, sanki bəzi dəyərlərimizi də itirməkdəyik. Bir vaxtlar hamilə qadınlar qayınata, qayın və digərlərinin yanında çox görünməməyə çalışardısa, indi USM-nin cavabını sosial şəbəkələrdə paylaşırlar. Hələ nənələr subay qızlara “ərə gedəcəksən, yoxsa gora” sualını verəndə, utandıqlarından “gora” deyə cavab verərdilər. İndi isə ərə olan həvəs onları hətta sosial şəbəkələrdə status yazmağa, “ər ovuna” çıxmağa vadar edir. Dindirsən “ərə getmək nədir, mənim 30-35 yaşına qədər ərə getmək fikrim yoxdur” desələr də, fikirlərilə etdikləri uzlaşmır. Hətta bəzi anaların “filankəs ikinci dəfə ərə getdi, sən özünə bir oğlan tapa bilmirsən” tənəsi gənc qızların yanlış addım atmasına səbəb olur. Əksəriyyəti də müasirlik adı ilə abırsızlığı cəmiyyətə sırımağa çalışır. Əks münasibət göstərənləri isə “geri kafalı”, “köhnə fikirli” adlandırırlar. Nədir dəyərlərimizin dəyərsizləşməsi səbəbləri?

 “Mənim yaşda olanlar üçün bu, qəbuledilməzdir”

 Məsələ ilə bağlı Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu kimi halların qəbuledilməz olduğunu bildirir:

“Hər ölkənin özünün davranış modeli var. Adətən mənim yaşda olanlar üçün bu cür hallar bir az təəccübblü gəlir. Qadın adətən kiminsə ona evlənmək təklifini gözləməlidir, özü kiməsə bunu təklif etməməlidir. Qadın tərəfindən təklifin verilməsi qəti qəbulolunan bir proses deyil. Mənə hansısa kişi deyəndə ki, “qadın özü nömrəsini mənə verdi” təəccüb edirəm. Mən deyirəm ki, bu, ola bilməz. Mənə görə heç bir qadın bunu etməz. Amma zaman dəyişir, mühit dəyişir, fikirlər, hadisələrə baxış dəyişir. Hindistan kimi geridəqalmış ölkədə də qadınlar kişilərə evlənmək təklifini edirlər. Zəmanənin müxtəlif tələbləri olur. Təbii ki, ağır oturub, batman gəlmək daha yaxşıdır. Amma kimlərsə ailə qurmaq üçün bunu tezləşdirməyə çalışırsa belə, hər kəsin öz seçimi var. Biz buna qarışa bilmərik. Kiməsə deyə bilmərik ki, bu pisdir, etmə”.

 “Onları izləyən kişilər...”

M.Zeynalova hesab edir ki,  bu cür tələskənlikdə bir məqsəd var, o da ərə getməkdir:

“Amma istənilən halda tələskənlik təəccüb doğurur. Eyni zamanda, tələskənlik çox təhlükəli ola bilər. Qız hansı formada ərə getməyi seçir:özümü təklif edir, yoxsa qarşı tərəfmi təklif edir, bu artıq müasir dünyanın davranışlarına bağlı məsələdir. Biz nə qədər qaçmağa da çalışsaq, müasir dövrün tələblərilə qarşılaşmalı, uzlaşmalı oluruq. Amma yalnız ər xatirinə, “ərə getdim” demək üçün ailə qurmaq  və bir müddət sonra problemlərlə yaşamağa vadar olmaq yaxşı hal deyil. Məsləhətlidir ki, ailə quracaq tərəflər bir-birini daha yaxşı araşdırıb nikaha daxil olsunlar. Keçmişdə gənclər ailə qurmazdan əvvəl böyüklər araşdırma aparırdı, qız tərəf oğlanı, oğlan tərəf qızın özü və ailəsilə maraqlanıb məlumat toplayırdı. İndi belə şeylərə bir az pis baxırlar. Amma edilmədiyi halda, fəsadları da çox olur.

Ümumiyyətlə mən çox müasir adamam. Amma elə şeylər var ki, hətta onları qəbul etmək iqtidarında belə deyiləm, anlamıram və qəbul edə bilmirəm. İnsan irəli getmək, karyera qurmaq üçün prinsipial ola bilər. Amma bu cür formada özünü təqdim etməyi doğru sayılmır. Ətrafımda olanlardan bu cür hərəkət görməmişəm deyə, mənə təəccüblü gəlir. Mənim ətrafımda olanlar bunu etmir. Edənlər də bəlkə də gəncliyin gətirdiyi hava ilə edir və düşünür ki, ətrafdan yaxşı görünür. Amma əksinə, bu cür hallar əksərən əks-effekt verir. Onları kənardan izləyən kişilərin düşüncələrində heç də yaxşı iz qoymurlar”.

“Ailə basqısı qızları tələsik ərə getməyə vadar edir”

 Qadın hüquq müdafiəşisi gənclərin sosial şəbəkələr üzərindən “ərə getmək istəyirəm” mesajını vermələrinin səbəbsiz olmadığını vurğulayır:

“Mən düşünmürəm ki, hamı kütləvi şəkildə ərə getmək istəyindədir. Ətrafımda 28, 29, 30 və daha yuxarı yaşda olan və ərə getmək haqqında düşünməyən qızlar var. Ailə qurmağı əsas prioritet hesab etməyən qadınlarımız da var. Amma ərə getmək fikrilə onların, olduqları mühitdən, ailədən qaçmağa can atmaları müşahidə edilir. Ailə basqısı, ailədəki sosial çətinliklər, bəzən hətta şiddətə yönəlik davranışlar qızları əlacsız ər axtarışına sövq edir.

Ailə qurmağı müasirlik hesab edənlər var. Çox vaxt ailədə münasibətlər yaxşı olmur. Ailədə münasibətlər normal olanda gənclər sağlam düşünür, səhv addım atmağa vadar olmur, nə olur olsun, ərə gedim, canımı qurtarım deyib başqa problemlərlə qarşılaşmırlar.

Müəyyən yaş dövrü var ki, 15-16 yaşlarında müəyyən həvəslənmələr ola bilər. Amma bu həvəslənmədə ailənin rolu o olmalıdır ki, yeniyetmənin çılğın vaxtında düşünülməyən addımlarının qarşısını alsın, onunla söhbət etməyi bacarsın. Bundan sonra proseslər özü tənzimlənəcək. Ailədə sevgi yoxdursa, təbii ki, kimsə oradan qaçmağa çalışacaq”.






Fikirlər