Elton Məmmədov: -"Ölkədə çaxnaşma yaratmaq istəyirlər..."

 

"Bu xəbərləri yazmaqla insanları qıcıqlandırırlar, əsəbləri ilə oynayırlar. Loğman işdən çıxarılmayıb, hazırda işinin başındadır".

 "AzerTaym.az"  Axar.az-a istinadən xəbər verir ki, bunu deputat Elton Məmmədov avtobaza müdiri işləyən qardaşı Loğman Məmmədovun vəzifəsindən çıxarılması barədə yayılan məlumatlardan danışarkən deyib. Onun sözlərinə görə, qardaşı da işini icra edir, bacısı Məhbubə Məmmədova da “Tərəqqi” liseyinin direktoru vəzifəsindədir:

“Bacım da, qardaşım da öz iş yerlərindədirlər. Bu yalan xəbərləri yazanların kim olduğunu siz də, xalq da yaxşı bilir. Onlar Məmmədovlara qarşı yox, dövlətə, Azərbaycana qarşı bu addımı atırlar. Ziya Məmmədov Prezidentin sərəncamı ilə Nəqliyyat naziri vəzifəsinə təyin olunub və hazırda əmək məzuniyyətindədir. Ziya Məmmədov da, onun yaxınları da dövlətə, xalqa, prezidentə sadiq insanlardır. Ancaq ölkədə çaxnaşma yaratmaq, sabitliyi pozmaq istəyənlər bu yalan xəbərləri yayırlar”.

E.Məmmədov hesab edir ki, hər kəs ölkəsində əmin-amanlıq olmasını arzulayır: “Ancaq sifarişlə bunu yazanlar sabitliyi pozmağa çalışır. Bu cür yalanları yazmaqla insanların əsəbləri ilə oynamasınlar. Çox təəssüflər olsun ki, bəziləri belə səhv məlumatlarla narahatlıq yaradırlar. Biz Heydər Əliyevdən əmanət qalmış dövlətin vətəndaşlarıyıq. Enişli-yoxuşlu yollardan keçmişik, onlar dərk etməlidirlər ki, bu cür yalanlar hamımıza ziyandır”.






Fikirlər