Nuriyyə Əhmədovanın qəbr evi…



 

Bahar RÜSTƏMLİ
Bu yaxınlarda ANS-in efirində qonaq idi. Akademik Milli Dram Teatrında baş verən haqsızlıqlardan danışırdı. Aktyor həmkarlarının müdafiəsinə qalxmışdı. Onu həmin verilişdə görəndə gözümə inana bilmədim. 

Doğrudanmı gördüyüm qadın Nuriyyə Əhmədovadır? Yəni, o, bütün olanlardan sonra efirə çıxıb? Bu boyda faciələr yaşayan aktrisa axı, necə özündə güc tapıb ki, hələ bir aktyor yoldaşlarını da müdafiə edir? Bunu hər qadın bacarmaz… 

Bu suallar məni didib-didişdirirdi. Zəng edim, ya etməyim deyə yerimdə qıvrılırdım. Bilirdim ki, xəstədir. Düzdür, özünü sındırmırdı, hər dəfə zəng edəndə telefonlarıma ürəklə, bəzən isə göz yaşında boğularaq, hıçqıra-hıçqıra cavab verirdi - güclə də olsa danışırdı. 

Əlim əsə-əsə telefonunu yığdım. Səsimdən tanıdı… “Baharcan, nə yaxşı bu jurnalistlər var, məndən xəbər tuturlar, halımı soruşurlar. Sevənlərim də elə onların yazılarından Nuriyyə Əhmədovanın həm səhhətindən xəbər tutur, həm də yada salır ki, ölməmişəm, sağam. Elə həmkarlarım da o yazıları oxuyub mənə ya baş çəkir, ya zəng edirlər. Bilmirəm onların xəcalətindən necə çıxacağam”. 

Dedim ki, bu nə sözdür Nuriyyə xanım, xəcalətli düşməniniz olsun, borcumuzdur. Axı Nuriyyə Əmədova elə-belə, sıradan bir sənətkar deyil. Siz Azərbaycan səhnəsində bir-birindən yadda qalan obrazlar oynamısınız. Elə bir rolunuz olmayıb ki, tamaşaçı onu sevməsin. Təkcə “Həm ziyarət, həm ticarət” filmində yaratdığınız, özünü unudub ərinin qazancından qəpik-qəpik pul yığıb qızlarının gələcəyini düşənən ana obrazı bütün Azərbaycan qadınlarının dilində əzbərdir. 

Dərindən ah çəkərək “Baharcan, mən çox bədbəxt qadınam. Bu həyatda başım nələr çəkmədi! Bütün əzizlərimin faciələrini gözümlə gördüm. Və bunu içimdə dəhşətli ağrılarla çəkə-çəkə də olsa, yaşadım. Bəlkə də başqa qadın olsaydı, ölərdi. Amma mən yaşadım. Bilirsən niyə yaşadım? Mənim çox böyük arzum var. Jurnalistlərə borcum var, dar günümdə mənə arxa olublar. Kaş arzum həyata keçəydi. Dövlət hamıya verdiyi evdən bir otaqlı da olsa, mənə verəydi. Razıyam, 16 kvadrat olsun, amma versinlər. Bütün jurnalistləri başıma yığıb evimdə istədiyim qədər ürək açıqlığı ilə onların güzünə baxıb, söhbət edəydim. Ürəkdən onlara bir sağ ol deyəydim” dedi. 

Deyə bilmədi… O, bu həyatda ev arzuladı… Bütün gəlinlər kimi istədi ki, onun da evi olsun, bəzəsin-düzəsin… Evinə girəndə dərindən bir köks ötürsün. Desin ki, mənim evim var, səhnədə çəkdiyim əziyyət heçə getməyib; Başqaları kimi, onun da əziyyəti qiymətləndirilib.

Axı kimdən, ev verilənlərin hansından əksik idi? Qalmaqalla gündəmi zəbt edən Aygün Kazımovadan, yoxsa “Toylar kralı” Səməd Səmədovdan? 

Olmadı… Olmadı, Nuriyyə xanım… Allah sizi bu əzabdan xilas etdi. Sizə əbədi olaraq, rahat bir ev bağışladı. Qəbr evi…Təki orada rahat, problemsiz, kimisə düşünmədən, kimin üçünsə ağlamadan yatasınız… 

Allah rəhmət eləsin!






Fikirlər