Əsas Səhifə > Mənəviyyat > Aygündən “CÜCƏLƏRİM” üçün

Aygündən “CÜCƏLƏRİM” üçün


1-12-2017, 16:02

Xalq artisti Aygün Kazımova dünya şöhrətli uşaq mahnısı olan "Cücələrim"i öz repertuarına daxil edib.

Musavat.com xəbər verir ki, müğənni yeni işini 30 illik səhnə fəaliyyətinin ən pozitiv işi adlanmdırıb: “"Cücələrim" mahnısının bu il 70 illiyi tamam olur. Musiqisi Qənbər Hüseynli, sözləri isə Tofiq Mütəllibova aid mahnını bilməyən insan yoxdur. Dünyanın ən məşhur uşaq mahnısıdır. Yeganə Azərbaycan mahnısıdır ki, dünyanın 40 dilinə tərcümə olunaraq ifa olunub. Mən də bu mahnıya öz töhfəmi verdim".

Aygün Kazımova bildirib ki, bu mahnıya sevgisi uşaqlığından bu günə kimi davam edir: "Məktəbdə oxuyarkən "Cücələrim" ansamblının baş cücəsi idim. Bu gün isə bu layihənin prodüseri mənim yeni musiqi prodüserim olan Kahaber Tsiskaridzedir.

Onunla bir neçə layihəlik müqavilə bağlamışam. "Cücələrim" bizim başlanğıc işimiz oldu. Ard-arda işlər görəcəyik.

O, Gürcüstanın məşhur DJ-i, musiqiçisi, prodüseri və ictimai xadimidir. Bu il Tiflis merinə namizəd idi. Azərbaycana da məhz "Cücələrim" proyektinə görə gəlib.

Obrazımın üzərində isə illərdir mənimlə ən böyük layihələrimdə komandamın üzvü olan Ruxa, Tural Atazadə və Rüfət İsmayıl çalışıb. Layihənin ümumi prodüseri isə Şahin Qurbanovdur".

Qeyd edək ki, "Cücələrim" layihəsi üçün Aygün Kazımova xüsusi fotosessiya və musiqili video rolik də hazırlayıb. Fotoların müəllifi Orxan Aslanov, back stage isə Kamran Aydınova aiddir. Layihənin art direktoru Anar Hüseynovdur.


Geri qayıt