Əsas Səhifə > Mənəviyyat > Həmkarları Məleykə Əsədovanın və Ramiz Məlikin

Həmkarları Məleykə Əsədovanın və Ramiz Məlikin


5-12-2017, 14:14

İki xalq artisti, Akademik Milli Dram Teatrının aktyorları olan Məleykə Əsədova və Ramiz Məlik arasında gedən “şortik” qalmaqalı yenə də gündəmdən düşmür. Bu dəfə aktrisa Məleykə Əsədova APA-ya açıqlama verərək bildirib ki, həmkarı cəmiyyətə yanlış informasiya ötürməklə məşğuldur.

Aktrisa qeyd edib ki, Ramiz Məliki geyim üçün etdiyi iradla bağlı yox, məhz ailəsini, anasını əxlaqsız sözlərlə təhqir etdiyinə görə məhkəməyə verib. Aktrisa həmçinin vurğulayıb ki, həmkarı ata-anasının məzarı qarşısında onların ruhundan üzr istəməsə, dediyi sözləri öz ünvanına götürməsə, məhkəmədən əl çəkməyəcək, təzminat tələbini yerində saxlayacaq.

Xatırladaq ki, bundan əvvəl xalq artisti Ramiz Məlik “Yeni Müsavat”a danışaraq qarşı tərəflə barışmaq üçün addım atdığını, lakin həmkarının bunu qəbul etmədiyini demişdi: “Mən barışmaq üçün addım atmışam, əl uzatmışam. Məhkəmədə də bunu dedim. Amma onun son açıqlamasından yəqin ki, xəbərdarsız, deyib ki,  mən sürünə-sürünə ondan üzr istəməsəm bağışlamayacaq. Utanmır o?! Əgər özündə mədəniyyət, tərbiyə görürsə, necə deyə bilər ki, 74 yaşında kişi onun qarşısına sürünə-sürünə gəlsin?! Mənim 74, onun 50 yaşı var. Onun yaşı qədər mənim sənət fəaliyyətim var. 50 il bundan əvvəl səhnəyə gəlmişəm. Bu hansı mədəniyyətə, əxlaqa, tərbiyəyə sığar?! Bu sualı ona vermək lazımdır ki, ağsaqqal kişiyə bu cür sözü deməkdən utanmırsan?”

Maraqlıdır, Akademik Milli Dram Teatrının aktyorları iki həmkarlarının “şortik qalmqalı”na necə münasibət bəsləyir?

Məsələ ilə bağlı adı çəkilən teatrın bir neçə aktyoru ilə əlaqə saxladıq. Əməkdar artist Sənubər İskəndərli məlum qalmaqal haqqında heç bir fikir bildirmək istəmədiyini dedi.

Əməkdar artist Sabir Məmmədov isə çəkilişdə olduğunu, bunun üçün başqa vaxt əlaqə saxlamağımız istədi. Teatrın digər aktyor və aktrisalarından da eyni cavab aldıq. Lakin məsələyə qarışmaq və adının çəkilməsini istəməyən bir aktyorun cavabı bu cür oldu: “Əgər bir kişi bir qadına fahişə deyirsə, demək elə onun özü fahişədir…”

Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasında yaranmış bu qalmaqala səbəb Məleykə Əsədovanın şortikli şəkillərini “İnstagram” səhifəsində paylaşması olub. Xalq artisti Ramiz Məlik buna görə aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də mini-şortikdə çıxmamalıdır.

Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib. O, həmkarından şərəf və ləyaqətinin təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.


Geri qayıt