Əsas Səhifə > Mənəviyyat, Slayd > "Kitabların əvvəl qoxusunu sinəmə çəkirəm,

"Kitabların əvvəl qoxusunu sinəmə çəkirəm,


27-12-2018, 23:17

 

Kitabların əvvəl qoxusunu sinəmə çəkirəm, sonra məzmununu"          

 

" 

    Aydınyol.az saytının suallarını şair Həmid Herisçi cavablandırır

– Ədəbiyyatla, kitabla ilk təmasınızı necə xatırlayırsınız?

– İlk gördüyüm kitab daşbasması üsulu ilə 1855-ci ildə Bombeydə hazırlanmış “Şahnamə” əsəri idi. Pəncərəmizin taxçası üzərindəki bu kitabı həmişə evimizə düşən günəş şüaları axtarardı, bir də rəhmətlik atam. Atamdan, günəş şüalarından sonra bir gün mən də bu qalın amanatı vərəqləməyə başladım. Kitab şəkilli idi. Bu litoqrafik şəkillər məni Turan-İran müharibələrinin lal şahidinə çevirdi. Bir başqa kitab İçərişəhərdəki evimizin pəncərəsindən görünən daş kitabə idi. Kitabə Qazan xan məscidinin bəzəyi, bir növ qədim pasportu idi. Xəyallarımda o daş kitabəni çox oxuyardım. Beləliklə, ədəbiyyat aləminə səyahətim qədim kitablardan, daş kitabələrdən başladı. İnanın, bu, əsl start meydançasıdı. Sonra girişdim təzə, spesifik qoxulu çap kitablarına. Qısası, əvvəlcə kitabların qoxusundan, ətrindən ovsunlandım, qədim kitabların qoxusu ilə təzələrin fərqini hiss etdim. Bu təcrübəm indi də karıma gəlir. Kitabların əvvəl qoxusunu sinəmə çəkirəm, sonra məzmununu. Oxuduğum ilk kitablardan birinə – Viktor Hüqonun “Səfillər” romanına bu yaxınlarda yenidən müraciət etməli oldum. Səbəb Fransadakı son siyasi təlatümlər, “sarı jiletli” etirazçıların Paris nümayişləri idi. “Xəzər-səhər” televerilişində son Fransa hadisələrini şərh edərkən bu kitaba ciddi ehtiyac hiss elədim. Gördüm ki, bəli, əsər hələ də aktualdı. Fransanı bu əsərsiz dərk etmək mümkün deyil. Bir daha ədəbiyyatın – ölməz Qavroşların, Jan Valjanların, Kozettaların ruhunu duydum. Ölməzliyi duydum. Daxili aləmimdə bu, çox ciddi mənəvi təlatüm, silkələnmə yaratdı. Əsərdə ən yanğılı səhnə Jan Valjanın çörəkçidən bircə ədəd ağappaq, ətirli bulkanı oğurlayıb öz ac bacısı uşaqlarına yedirtdiyi epizoddur. O bulkaya görə Jan Valjan 19 il katorqa əməyinə məhkum edilmişdi.  Sovet hökuməti sonra bu fransız bulkasını böyük səs-küylə bişirib münasib, aşağı qiymətlə sadə xalqın ixtiyarına verdi. Mən də bu ağ fransız bulkasını o vaxt çox yemişəm. Ancaq bu fransız bulkasının tarixçəsini, mənşəyini çox-çox sonralar anladım. O vaxt anladım ki, bu fransız bulkası artıq dükan taxçalarında yox idi.

– Siz ədəbiyyata 80-ci illərdə gəlmisiniz. O illərlə müqayisədə Azərbaycan ədəbiyyatındakı mövcud vəziyyəti necə qiymətləndirərdiz?

– Biz son vaxtlar təkcə o fransız bulkasını yox, həm də peşəkar ədəbiyyatşünaslığı, redaktor məktəbini, peşəsini də itirmişik. İndiki ədəbiyyat, bizim 80-ci illərdən fərqli olaraq redaktorlarsız, ədəbiyyatşünaslarsız, tərcüməçilərsizdi. Nəticə göz önündədi – kor-kor, gör-gör. Bu məktəblər mütləq bərpa edilməlidi. Bu baxımdan sizin Tərcümə Mərkəzinin üzərinə çox böyük vəzifə düşür.

– Demək istəyirsiniz ki, inkişafdan çox tənəzzül hiss olunur?

– 80-ci illərdə ədəbiyyatımız, ən azı, qonşu İran və Türkiyədən heç də geridə deyildi. “Azərnəşr”, “Yazıçı”  və s. nəşriyyatlardan avansı əvvəlcədən alıb, ədəbiyyat yaradırdılar. O dövrdə senzura və sair   maneələr də vardı. Ancaq bu maneələr yazarları ruhdan salmır, əksinə, onlarda peşəkarlıq məziyyətlərini artırırdı. Qeyri-peşəkarlıq müstəqillik dövründən başladı. Maneələrsiz, senzurasız, ədəbiyyatşünaslarsız, redaktorsuz ədəbiyyat  özünü doğrultmadı.

– Demək...

– Demək, maneə ədəbiyyata daha çox xidmət edirmiş. Demək ədəbiyyatda maneələr olmalıdı, nəinki tam azadlıq. 1937-ci ildə biz istedadlara qarşı repressiyaları yaşadıq. İndi də bu repressiyalara bənzər bir tədbirə ehtiyacımız var. Ancaq bu dəfə repressiyalar, qadağalar istedadsızlara qarşı çevrilməlidir.

– Kim həyata keçirəcək bu repressiyaları?

– Elə mən özüm.

– Sözünüzdən belə çıxır ki, ədəbiyyatda maneələr azadlığı üstələməlidir?

– Keçid dövrünün baş şüarı olan “Azadlıq!” hayqırtısı əvvəlcə siyasətdə həvəskarları, naşıları qanadlandırdı. Nəticə nə oldu? İtirilmiş ərazilər, dağılmış tifaq. Sənətdəki azadlıq da oxşar xarabalıqlarla yadda qaldı. Düzdü, siyasətdəki bu “çərçivəsiz azadlığın” qarşısı tez alındı, qayda-qanun oturuşdu. Nəticə müsbətdi. Oxşar qayda-qanun mədəniyyət sahəsində də təkrarlanmalıdır. Bax o gün həyat yoldaşım İlhamiyyə xanım  Şəkiyə – xəstəxanaların monitorinqinə getmişdi. Deyir, həvəskar ustalar bu tibb ocaqlarının əsas pasientləridi. Alətlərdən naşıcasına istifadə edib əl-ayaqlarını yaralayır, həkimlərin işini artırırlar. Ancaq qələm, fırça, mikrofon laqunda deyil; anında yox, tədricən ziyan vurur. Biz çox gözləyə bilmərik. Gərək mütləq ədəbi, mədəni həyata müdaxilə edib burda qayda-qanun, böyük-kiçik münasibətlərini bərpa edək.

– “Ədəbiyyatşünas”, “ədəbi tənqidçi” anlayışı “reytinq şkalası” ilə əvəzləndi. Ədəbiyyata top onluqlar gətirdilər. Şou-biznes ölçülərinin ədəbiyyata sızması, sizcə, qəbulediləndirmi?

– Bu, xaricdəki kimi, peşəkar deyil,  kütləvi ədəbiyyatın yaranması ilə nəticələnəcək. Sosial şəbəkə istifadəçiləri status yaza-yaza özlərini yazıçı hiss etməyə başlayıblar. Saysız romanlar, hekayələr, şeirlər, kitab təqdimatları artıq hamını bezdirib. Ədəbi proses bu çoxsaylı imzalar arasında dəli olmasın, nə etsin? Yenə də deyirəm, redaktorsuz, ədəbiyyatşünassız ədəbi proses olmur.

– Nə təklif edirsiniz?

– Bu dövrə Qərbdə “post” adını veriblər. Yəni yaradıcılıq, yenilik keçmişdə qaldı. Bu dövrdə köhnə əsərlərə təzə can, nəfəs vermək lazımdı. Təzələrinə ehtiyac yoxdu. Nə lazımdı, çoxdan yazılıb. Kitab rəflərdədir. Gəlin onların tozunu silib işığa çıxaraq. Yaxşısı budu, yaradıcılıqla deyil, artıq var olan ədəbiyyatımızın təbliği ilə məşğul olsunlar. Müasir dünya ədəbi prosesindən danışsınlar, tərcümələr etsinlər. Bunun da əsas yükü indi sizin Tərcümə Mərkəzinin üzərinə düşüb. Dərdləriniz, qayğılarınız anlaşılandı.

– Dediyiniz kimi, bir vaxtlar ədəbiyyatımız, yazarlarımız qonşu İran, Türkiyə ilə müqayisədə xeyli yaxşı mövqelərə sahib idi...

– Lakin... Lakin indi bunu desən, sənə gülərlər. Səbəb isə sadədir: İranda, Türkiyədə ziyalıların çoxu solçuydu. SSRİ-ni özlərinə qiblə bilən bu şəxslər 80-cilərdə qazamatlara dolduruldular. Zindandan çıxanda gördülər  SSRİ köçüb, yurdu qalıb. Siyasətdə inqilab edə bilməyən bu kütlə inqilabı başqa sahədə – mədəniyyətdə, ədəbiyyatda, kinoda həyata keçirdi. Leninin “bütün sənət növlərindən bizə ən vacib olanı kinodu” şüarına əməl edərək İranda, Türkiyədə dünya səvyyəli kino nümunələri yaratdılar. Girişdilər dünya kinofestivallarına. Kino isə, ssenari, operator, rejissor, aktyor heyəti, qrim, kostyum və s. deməkdi. Məşhur “Qurdlar vadisi” serialı estetik əməliyyatlar keçirən Türkiyə klinikalarının sponsorluğu, iştirakı ilə çəkildi. Həkimlər bu serialda qəhrəmanlara, o cümlədən Polad Ələmdara mükəmməl burun düzəldirdilər. Sənətkarlar da bu həkimlərə qoşulub öz peşəkarlıqlarını artırdılar. Nəticədə bu gün həmin ölkədə burun da düzəldi, kino da.

– Şəxsi yaradıcılığınızda nə yeniliklər var?

– İstər sovet, istər müasir dövr olsun, fərqi yoxdu, həmişə eyni xətlə ədəbiyyatda, sənətdə irəliləmişəm. Şeirimdə, nəsrimdə, publisistikamda həmişə dünya standartı sərgiləmişəm. Elə TV-lərdəki teleaparıcılığımda da bu keyfiyyət göstəricisini nümayiş etdirirəm. Yetimliyim, ələbaxımlığım yoxdu. Sənətdə özümə qarşı nifrəti həmişə hiss etmişəm. Bu, həvəskarların, naşıların nifrətidi. Ancaq bu nifrətləri mənə xoşdu. Çünki insan öz nifrətində daha səmimidi, nəinki məhəbbətində. 


Geri qayıt