Əsas Səhifə > Mənəviyyat > "Bir-birini ALLAH üçün sevən müsəlmanları da

"Bir-birini ALLAH üçün sevən müsəlmanları da


17-05-2020, 20:55

Müsəlmanlar bir-birinə qan qohumluğundan daha çox əqidə, iman qardaşlığı ilə bağlanırlar. Yəni sənin doğma qardaşın belə haqsız olsa, sən onun deyil, haqlının tərəfini tutmalısan, çünki İslamda ədalət prinsipi insanlar arasındakı sevgidən, səmimiyyətdən ucadır. Ədalət olmayan yerdə bərəkət olmaz, qardaşlıq olmaz. Ədalət təməl prinsipdir, müstəvidir, bağrında hər cür naz-nemət yetişən torpaq kimidir.
Bir səhabə Peyğəmbərimizin hüzurunda başqa bir səhabəni üzünə qarşı çox parlaq ifadələrlə mədh edir.
Rəsulullah o öyən şəxsə belə deyir:
- Sən dostunun boynunu qırdın.
Özü də Allah Rəsulu bu sözü üç dəfə təkrar edir, ardınca da belə buyurur:
- Əgər bir kimsə, illah da, öz qardaşını öyəcəksə: "Mən filankəsin belə olduğunu zənn edirəm, ancaq işin iç üzünü, həqiqəti Allah bilir, mən heç bir kimsənin Allah qarşısında təmiz, günahsız olduğunu iddia edə bilmərəm, - desin.
Heç şübhəsiz, insanların yaxşı və pis, seviləcək və sevilməyəcək tərəfləri var. Tərifləyəndə gərək obyektivlik meyarını qaçırmayasan. Tənqid edəndə də məhv eləməyəsən.
İstər sevgi olsun, istər nifrət, hər şeyin təməlində Allahın rizasını qazanmaq niyyəti dayanmalıdır. Möminin qəzəbi də Allahın rizası üçün olmalıdır, sevgisi də. Əgər belə olmazsa, nə o sevgi öz ünvanına yetişər, nə də o qəzəb. Ona görə də bu cür həssas məsələlərdə hər şeydən öncə sənin duyğularının Haqqa, həqiqətə, ədalətə nə qədər uyğun olub-olmadığını araşdırmaq və bu mövzuda qərar vermək lazımdır.
Əgər Allahın düşmənini görüb tanıyıb, ona qəzəblənmirsənsə, gerçək mömin olduğunu iddia eləmə; əgər Allahın sevdiyini görüb, tanıyıb sevmirsənsə, yenə bu iddianı dilinə gətirmə.
Hər şeyimiz kimi, hisslərimiz, duyğularımız da bizə Allahın əmanətidir və o əmanətin hesabını verə bilmək üçün əmanətə, riayət etmək, yəni onu Allahın istədiyi istiqamətə yönəltmək lazımdır.
Hər gün insanlar bir-birinə sevgilərini, nifrətlərini açıqlayırlar. Təbii ki, sənin də sevdiyin və hər görəndə əsəbiləşdiyin adamlar var. Öncə qəlbinə boylan, duyğularını araşdır, o sevginin və qəzəbin təməlində nə yatır, onu öyrənməyə çalış.
Cahil haqqında belə bir söz var: Cahil, hansı əməlin Allah rizası üçün, hansı əməlin nəfsin istəkləri ilə işləndiyini ayırd edə bilməyəndir. Əslində çox gözəl və bəlkə də misilsiz ölçüdür. Bu prizmadan yanaşanda bu mövzuda bütün suallara cavab tapmaq mümkündür. Yəni bir insanın sevgisi də, qəzəbi də Allah rizasını qazanmaq üçün olarsa, o duyğular həmin könüldə bərəkət toxumları kimi boy verib insanın öz muradına yetişməsinə səbəb olar.

İbrətli hadisə
Nə sən Musa Peyğəmbərsən, nə də mən fironam...
Molla məsciddə xütbə oxuyurmuş. Dövrün padşahı məscidə girir və adamların arasında yer tapıb oturur. Padşahın məscidə girdiyini görər-görməz molla səsini də, üslubunu da dəyişir. Başlayır ədalətsiz başçılar haqqında ən sərt, ağır şeylər danışmağa. Sən demə, bu molla ilə padşahın arasında nəsə problem varmış, indi də padşahı görən kimi mollanın köhnə dərdi yadına düşür və başlayır onun ünvanına döşəməyə. Padşah da hər şeyi yaxşı anlayırmış, bilirmiş ki, molla nə deyirsə, hamısını ona deyir. Gözləyir, gözləyir, görür ki, olmur, molla elə qızışıb, özü dayanana oxşamır. Ona görə də barmağını qaldırıb söz istəyir. Molla icazə verir, padşah da ayağa durub belə deyir:
- Ay molla, bəlkə də mən sənə qarşı nə vaxtsa haqsızlıq eləmişəm, amma bir həqiqət var ki, Allah-Taala Musa peyğəmbəri fironun üstünə göndərəndə tapşırmışdı ki, ona xoş sözlər söyləsin. Mən məscidin qapısından içəri girəndən sən üstüörtülü da olsa, başlamısan mənim ünvanıma döşəməyə. İndi özün düşün: nə mən o firondan daha cəllad, daha qəddaram, nə sən Musa peyğəmbərdən daha üstün, daha xeyirxahsan. Əgər məni tərbiyə eləmək, düz yola dəvət etmək istəyirsənsə, Allahın buyruğunu yerinə yetir, Onun dediyi kimi ol, bir qədər xoş davran.

Qardaş qardaşa sevdiyini desin
Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) bir nəfərlə söhbət edirmiş. Bu zaman başqa birisi ordan keçir. Rəsulullahın yanındakı səhabə: "Ey Allahın Rəsulu, Allah üçün mən bu gənci sevirəm"- deyir. Rəsulullah da: " Yaxşı, bəs sən bunu onun özünə də bildirmisənmi?"-  soruşur. Həmin şəxs də: "Xeyr, bildirməmişəm" cavabını verincə, Rəsulullah həmin səhabəyə tövsiyə edir ki, öz sevgisini, səmimiyyətini müsəlman qardaşına bildirsin.

 
 
 


Geri qayıt