“Büdcənin canına daraşmış “parazit”dirlər” - Mədəniyyət adamları ləğv olunan şöbələrdən danışdı

Xəbər verdiyimiz kimi, prezident İlham ƏIiyev Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən nazirliyin rayonlardakı yerli şöbələri ləğv edilməli, onların rəhbərliyi və əməkdaşları işdən azad olunmalıdır. Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək.

Bəs nazirliyin rayon şöbələrinin ləğv olunması nə ilə nəticələnəcək?

BakiPost.az-ın əməkdaşı bu sualla mədəniyyət adamlarına müraciət edib.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu bildirib ki, lazımsız işlərlə məşğul olan rayon şöbələrinin ləğv olunması doğru qərardır:

 

"Mən bu qərarla tamamilə razıyam. İrad kimi olmasın, hətta deyərdim ki, bu, geçikmiş qərardır. Prezident İlham Əliyev düşünmədən, uzun müddət müzakirələr aparmadan belə bir qərar verməz. Amma yenə də vaxtında verilmiş qərardır. Çünki artıq rayonlarda bütün idarələr - rayon mədəniyyət idarəsi, rayon gəclər mədəniyyət idarəsi kimi qurumlar arabanın beşinci təkərləri idi. Yəni lazımsız qurumlar idi. Sadəcə yalandan konyuktura naminə guya ki, hansısa əhəmiyyətli və faydalı tədbirlər keçirirlər, amma ortada əməlli bir iş yoxdur”.

 

B. Vəziroğlu qeyd edib ki, rayon şöbələri büdcədən artıq pul yeyir: "Onlar büdcənin canına daraşmış "parazitlər”dir. İstedadlı gənclər özləri-özlərinə yol açır. Yol aça bilməyənlər də bataqlıqda batıb qalır. İstedadsızlara isə onsuz da yol açmaq lazım deyil. Çünki onlar öz-özlərinə yol açır. Onlar həmişə nəyəsə nail olurlar. Allah da onlar belə bir istedad verib. Amma istedadlı gənclərə nə rayon mədəniyyət şöbəsi, nə də başqa qurumlar köməklik edir. Bütün bunların hamısı artıq qurumlardır. Hesab edirəm ki, prezident bundan sonra da ölkənin icra qurumlarının bütün o şişirdilmiş aparatlarına yenidən nəzər salacaq. Bu cür qurumların çoxu ləğv olunacaq. Onsuz da toylarımıza, yaslarımıza, tədbirlərimizə israfçılıq edirik. Bu sahədə də büdcə pulunu havayı yeyənlərə paylamaqda yenə israfçılıq edirik. Düşünürəm ki, artıq bunun qarşısını almaq vaxtıdır. Prezident də bu barədə konkret sərəncamlar verir”.

Əməkdar incəsənət xadimi, xalq artisti, "Şöhtət" ordenli Faiq Sücəddinov vurğulayıb ki, rayon şöbələri çox aşağı səviyyədə fəaliyyət göstərirlər:

 

"İstedadlı gənclər kifayət qədər çoxdur. İndiki gənclərin hamısı oxuyur. Amma elmlə də məşğul olsalar yaxşı olar. İlham Əliyevin rayon şöbələrinin ləğvi haqda qərarı çox doğrudur. Çünki mənim də həmin şöbələrdən xəbərim var. O qurumlar çox aşağı səviyyədə fəaliyyət göstərir. Məsələn, Laçın rayonun mədəniyyət şöbələrindən birinin tələbəsi olan bir qızın pianino çala bilmədiyinin şahidi olmuşam. Yaxşı musiqi savadı almaq istəyən gənclər Bakıya gəlib Azərbaycan Dövlət Konservatoriyasına, Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olsunlar”.

Milli Konservatoriyanın professoru, xalq artisti, xanəndə Mənsum İbrahimov da rayon şöbələrinin ləğv olunmasını düzgün hesab edir:

 

 

"Bundan sonra hər şey yaxşı olacaq. Edilən struktur dəyişikliyi işin təkmilləşməsinə səbəb olacaq. Ona görə də verilən qərar doğrudur. Hesab edirəm ki, bu qərar yalnız işin xeyrinədir”.






Fikirlər