MM-də normal maaş, aşağı faizli kredit tələbi

MM-də normal maaş, aşağı faizli kredit tələbiDeputatlar ölkədəki sosial vəziyyəti tənqid edib hökumətdən dəstək istədilər

Siyavuş Novruzov: «Sabah İŞİD gələndə onun qarşısına kim çıxacaq?!»


Dünən Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edib.

İlk çıxış edən Fəzail Ağamalı deputatı olduğu Salyan-Neftçala rayonlarında kəndlərin qazlaşdırılmasına ehtiyac olduğunu deyərək, bu istiqamətdə işlərin sürətləndirilməsini hökumətdən xahiş edib. Aqrar sektordakı problemlərə toxunan deputat bildirib ki, xaricdən gələn meyvə-tərəvəzlərə rüsumun az olması ölkə daxilindəki fermerlərin məhsulunu bazara çıxarıb satmasına çətinlik yaradır. F.Ağamalı peşə-texniki məktəblərin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini və gənclərin işsizlik problemini də vurğulayıb.

Daha sonra kommersiya banklarında faizlərin həddindən artıq çox olduğunu deyən F.Ağamalı bunun qarşısının alınması üçün Mərkəzi Bankın səlahiyyətlərinin artırılmasını və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini təklif edib. "Bununla da əhalini kommersiya banklarının nəhəng mədəsindən qurtara bilərik"
- deyə Ağamalı bildirib.

"Müəllim və səhiyyə işçilərinin maaşı artırılmalıdır"

Deputat Fərəc Quliyev ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarı həddinin 105 manat məbləğində nəzərdə tutulmasını tənqid edib. "Yaşayış minimumu İqtisadiyyat və Sənaye Nazirliyinin hesablamaları, bazarın monitorinqi və Statistika Komitəsinin rəqəmləri əsasında hesablanır. Doğrudanmı bu qurumlar bazarın monitorinqini aparıb və bu rəqəmi real sayıblar?" Deputat tıxac probleminin aradan qaldırılması məqsədilə Bakı-Sumqayıt metro xəttinin çəkilməsi, Aeroport metrostansiyasının tikilməsini təklif edib. O, həmçinin təhsil və səhiyyə işçilərinin maaşlarınin acınacaqlı vəziyyətdə olduğunu deyərək, bu sahədə çalışanların əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını təklif edib.

"Beynəlxalq təşkilatların fəaliyyətləri çox zaman Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur"


Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, ölkəmiz QHT-lərin müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin etməsinə, beynəlxalq təşkilatların fəaliyyətinə qanunla şərait yaratmasına baxmayaraq, çox zaman bu fəaliyyətlər Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur. O, vurğulayıb ki, beynəlxalq maliyyə qaynaqlarının, beynəlxalq qrant layihələri verən təşkilatların Azərbaycanda öz maraqlarının reallaşdırılmasının şahidi oluruq: "QHT-lərin xarici donorlardan asılılığı aradan qaldırmaq və haqlı olaraq onların fəaliyyətinə müəyyən qanuni və digər məhdudiyyətlər işini daha da ciddiləşdirmək lazımdır. B.Muradova QHT-lərə Dəstək Şurasına ayrılan 6 milyon manatın artırılmasına ehtiyac olduğunu deyib.

Yevda Abramov: "Büdcəyə haram qatılmasın"

Qubadan seçilmiş yəhudi əsilli deputat Yevda Quba-Qonaqkənd-Şamaxı magistral yolunun çəkilməsi, hərbi büdcənin artırılması, kəndlərin qazlaşdırılmasının sürətləndirilməsi ilə bağlı təkliflərini verib. O, həmçinin Qubada hava limanının tikintisinin dayanmasına da toxunub. "Hava limanının tikintisi üçün əhalidən əvəzi ödənilməklə torpaq alındı, əraziyə texnika yerləşdirildi, lakin naməlum səbəblərdən bütün texnika oradan çıxarıldı. İndi əhali bilmək istəyir ki, bu iş davam edəcək, ya yox. Alma ağaclarını kəssinlər, yoxsa becərsinlər. Əhali danışır ki, Rusiya burada hava limanının tikilməsinə etiraz edir, ərazi bir-birinə yaxın olduğundan aviasiya qaydalarına görə bu olmaz və s. Bu məsələlərə dövlət səviyyəsində münasibət bildirilsin ki, əhali işini bilsin". Y.Abramov daha sonra sovet dövründə çəkilmiş kəndarası yolların yenilənməsi ilə bağlı da təklif verib. "Xeyransa xalanı Bakı-Quba yolundan daha çox kəndlə rayon arasındakı yol maraqlandırır" - deyən deputat ümumilikdə 2015-ci ilin dövlət büdcəsini dəstəklədiyini bildirib. "Çox gözəl büdcədir, düşərli olsun. Büdcəyə haram qatılmasın və o xalqımıza dövlətimizə, müdafiə qabiliyyətimizə kömək etsin" - deyə çıxışının sonunda bildirib.

Elmira Axundova: "Balaxanı zibil zavodu zibilin hər kubuna 1 manat 20 qəpik tələb edir"

Millət vəkili Elmira Axundova texniki peşə məktəblərinin inkişafına, onların maddi-texniki bazalarının yaxşılaşdırılmasına, yeni peşə dərslərinin tədris olunmasına dair qısa bir zamanda geniş proqram hazırlanmasını və bu proqramın realizə olunması üçün büdcədən lazımi vəsait ayrılmasını təklif edib.
O, həmçinin qeyd edib ki, bir çox kənd xəstəxana və feldşer-mama məntəqələrində tibbi kadrlar çatışmır. "Buna görə təklif edərdim ki, tibb universitetini yeni bitirən cavan kadrlar təyinat üzrə kənd yerlərinə göndərilsin və onlar 2-3 il yerlərdə təcrübə keçsinlər. Bununla yanaşı, onların rayonda işləmək marağını artırmaq üçün maaş daha yüksək olmalıdır və digər müvafiq imtiyazlar verilməlidir. Həmçinin qeyd edim ki, bir çox kənd yerlərində feldşer-mama məntəqələri ya ümumiyyətlə, yoxdur, ya da binalar bərbad vəziyyətdədir. Xahiş edirəm bu problemin həllinə büdcədə diqqət ayrılsın".
Elmira Axundova ekologiya və ətraf mühitin vəziyyəti ilə bağlı "Təmiz Şəhər" ASC yaradılaraq Balaxanıda böyük həcmli zavod istifadəyə verilməsini müsbət qiymətləndirsə də, Bakı və Bakı ətrafı kəndlərin bir çox yerlərində qanunsuz zibilxanalar əmələ gəldiyini deyib. "Bunun səbəbini araşdıranda məlum oldu ki, Balaxanı zibil zavodu tərəfindən zibilin hər kubuna görə 1 manat 20 qəpik tələb olunur. Hər gün xeyli sayda zibil yığan icra hakimiyyətlərinin və bələdiyyələrin isə bu pulu verməyə maliyyə imkanları çatışmır. Xahiş edərdim bu məbləğin azaldılması təmin edilsin".

"Siqaretin qiyməti artırılmalıdır"

Deputat Musa Quliyev bildirib ki, sosial evlərin tikilməsi məsələsi son vaxtlar ciddi müzakirə olunur. "Dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyə qədər köçkünlər üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, onlar sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin".
M.Quliyev Azərbaycanda siqaretin qiymətinin digər ölkələrlə müqayisədə çox ucuz olduğunu deyərək, tütün məhsullarına aksiz və əlavə dəyər vergisinin artırılmasını tələb edib".

Vitse-spiker tənqidlərə cavab verdi

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Dövlət Neft Fondundan vəsait ayırmalarına qarşı çıxanlara cavab verib. "Bununla bağlı həyəcanla danışanlar və tənqid edənlər bir məsələni unudur. Vaxtilə Neft Fondunun yaradılması müzakirə ediləndə bir çoxları təklif edirdilər ki, neft gəlirləri birbaşa dövlət büdcəsinə yönəlsin və artıq qalan fonda yığılsın. Əgər o zaman ölkənin prezidenti Heydər Əliyev bu təklifləri qəbul etsəydi, indi görün vəziyyət necə olardı.

Nəinki müxalifət, o cümlədən hökumətin tərkibində olan nazirlər, böyük vəzifəli şəxslər də neft gəlirlərinin birbaşa dövlət büdcəsinə daxil olmasını istəyirdi. Əminəm ki, neft gəlirləri birbaşa büdcəyə daxil olsaydı, vəziyyət indikindən yaxşı olmazdı. Pulu Dövlət Neft Fonduna xərcləmək üçün yığırlar və ilk növbədə infrastruktur layihələrinə yönəltmək lazımdır. TANAP, TAP, Bakı-Tiflis-Ərzurum, "Şahdəniz" layihələrinə pul xərcləməsək, gələcəyimiz necə olar? Hesab edirəm ki, pullar düzgün istiqamətdə xərclənib".


Valeh Ələsgərov deyib ki, neftin qiyməti ilə bağlı bəzi çıxışlar onu müəyyən məqamlara toxunmağa vadar edir: "Əvvəla, neftin qiymətini hansısa siyasətlə bağlamaq sadəlövhlükdür. Bu gün elə bir ölkə və siyasətçi yoxdur ki, onun qərarı ilə neft və yaxud başqa əmtəə məhsulu ucuzlaşsın, bahalaşsın. Başqa sadəlövh yanaşma da hiss etdim. Guya ABŞ istehsalı artırdığına görə dünya bazarlarında neft ucuzlaşıb. Amerika qarşıdakı 7-8 ildə neft və neft məhsulları ixrac edən ölkə olacaq.

Neftin ucuzlaşmasının əsas səbəbi valyuta və maliyyə bazarlarında gedən oyunlardır. Bu oyunları heç kim proqnozlaşdıra bilməz. Ona görə də neftin qiyməti ilə bağlı danışanda məsələyə dərindən yanaşmaq lazımdır".

V.Ələsgərov büdcədən müxtəlif sahələrə ayrılan pulların artırılmasını təklif edənlərlə razılaşmadığını vurğulayıb: "Biz artıq "verin, xərcləyək" psixologiyasından əl çəkməliyik. Onsuz da hökumət müxtəlif sahələrə vəsaitləri artırır. Mən isə sual verirəm: bunun nəticəsi nə olacaq? İstər sənaye, istər kənd təsərrüfatı, səhiyyə, təhsil, elm olsun. Bu sahələrə ayrılan vəsaitlərin artırılmasının nəticəsi nə olacaq? "Pulu ver, xərcləyim" demək asandır. Nəticə barədə düşünmək lazımdır".

Deputat Aydın Mirzəzadə 2015-ci ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan vəsaitlərin artırılmasını müsbət qiymətləndirib. Deputat gələn ilin dövlət büdcəsində sosial ipoteka üçün nəzərdə tutulan 50 milyon manatın artırılmasını, həmçinin mənzil tikintisini stimullaşdırmaq üçün bu sahədə verginin müvəqqəti ləğvini təklif etdi.

Vahid Əhmədov: "İnsanların mənzilləri, texnikaları borca görə əlindən alınır"

Millət vəkili Vahid Əhmədov bildirib ki, Milli Məclisdə dəfələrlə müzakirə olunmasına baxmayaraq, kredit faizlərinin aşağı salınması üçün tədbirlər heç bir nəticə verməyib.

"Qorunan əmanətlər üzrə faiz dərəcələri 12%-dən 10%-ə salındı. Müəyyən addımlar atıldı. Amma kredit faizləri aşağı düşmədi. Əvəzində bankların gəlirləri 3,5%-dən 5,2%-ə qədər artdı. Hesab edirəm ki, bu çox ciddi məsələdir. Çünki əhalinin kredit borcu artıq 1 mlrd. manata yaxınlaşır. İnsanların mənzilləri, texnikaları borca görə əlindən alınır. Bunun qarşısı mütləq alınmalıdır". Millət vəkili reklam haqqında yeni qanunun qəbuluna ehtiyac olduğunu da deyib. Ölkədə reklam dövriyyəsi həcminin 60 mln. manat, reklamdan gələn gəlirin isə 26 mln. manat təşkil etdiyini deyən deputat bu sahədə kölgə iqtisadiyyatının həddən artıq olduğunu deyərək, reklam haqqında yeni qanunun qəbuluna ehtiyac olduğunu vurğulayıb.

YAP icra katibinin müavini təhsil sektorunu tənqid etdi

Millət vəkili Siyavuş Novruzov Azərbaycanda illərdir aparılan təhsil islahatlarının heç bir nəticə vermədiyini dilə gətirib. "23 ildir müxtəlif təhsil islahatları aparılır. Gah deyirlər Boloniya sistemi, gah da kurikulum tətbiq olunur. Bunlar heç bir nəticə verməyib. Azərbaycan təhsil sistemində müxtəlif üsullar tətbiq olunsa da, təhsil alanların faizi, ali məktəblərə qəbul olunmaq üçün ballar ilbəil azalır. Azərbaycanda müəllimlərin sayı ABŞ-dan üç dəfə artıqdır. Məhz bu sahədə islahata ehtiyac var".
S.Novruzov müəllimlərlə bağlı attestasiya aparılmalı olduğunu, bundan sonra əmək haqqının artırılmasını təklif edib.

Deputat orta məktəblərdə hərbi dərslərin də bərpasının vacib olduğunu söyləyib: "Oqtay müəllim, gedin məktəblərin qabağındakı şagirdlərə baxın. Onların çoxu hərbi hazırlıqdan məhrumdur və Azərbaycan ordusu üçün münasib deyil. Bizə oxumaq da lazımdır, Nobel mükafatı almaq da. Amma bunlar qədər bizə əsgər də lazımdır. Sabah İŞİD gələndə biz onun qabağına bəstəkar yox, əsgər çıxaracağıq. Ona görə də yaxşı olar ki, bu məsələ diqqətdə saxlanılsın. Siyasi partiyalara ayrılan vəsait də artırılmalıdır".
Millət vəkili dərsliklərin həddindən artıq ağır olduğunu və bunun uşaqlara problem yaratdığını da qeyd edib: "Kitablar çox qalın olur, üz qabıqları ağır materialdan hazırlanır. Dərs sisteminə də baxmaq lazımdır. Dərs gününü artırmaq, azaltmaq və s. Normal dərs verib, normal insan yetişdirmək lazımdır".
S.Novruzov aztəminatlı ailələrin, kasıb təbəqənin ipoteka kreditindən yararlana bilmədiyini deyərək, ipoteka kreditləri üzrə faiz dərəcələrinin aşağı salınmasını təklif edib. "Bu gün burda hörmətli nazirlərimiz iştirak edir. Nazirliyin idarə rəisi və yerli idarə rəisinin əmək haqqı, dövlət qulluqçusunun məvacibi imkan vermir ki, o ipoteka ilə ev alsın. Müəllim, həkim, gənc mütəxəssis necə almalıdır? İpoteka kreditlərinin faiz dərəcələri aşağı salınmalıdır. Bu ipoteka krediti elə nəzərdə tutulub ki, kim imkanlıdır ipoteka alsın, bir az da kəm-kəsirin düzəltsin. İpoteka kreditlərinin imkanı olmayan şəxs üçün əhəmiyyəti yoxdur və bu göz qabağındadır. İldən-ilə biz vəsaiti artırırıq. Amma nəticəni müzakirə etməliyik".

Deputat Qənirə Paşayeva da dövlət büdcəsində ipoteka kreditlərinə ayrılan vəsaitin həcminin artırılması, şərtləri yumşaldılması, imkansız ailələr üçün sosial mənzillərin tikintisinin həyata keçirilməsi ilə bağlı təkliflər verib. O, əhalinin aztəminatlı təbəqəsinin, xüsusilə orta məktəb müəllimlərinin böyük bir hissəsinin ipotekadan yararlana bilmədiyini vurğulayıb. "Orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər. Ona görə də hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı. Mən eyni zamanda orta məktəb müəllimlərimizin əmək haqlarının artmasının da önəmli olduğunu düşünürəm və inanıram ki, hökumət üzvləri gələn ilin dövlət büdcəsi çərçivəsində bu məsələyə də xüsusi diqqətlə yanaşacaqlar".

Millət vəkili hesab edir ki, maddi imkanları aşağı olan insanlar üçün mütləq sosial evlər tikilməli və uzunmüddətli az ödəmələrlə maddi imkanları aşağı olan ailələrə verilməlidir.
Müzakirələr bu gün davam edəcək.

Bizimyol.info






Fikirlər