Axır çərşənbədəki MÖCÜZƏ - Sabir Əhmədlinin qələmindən SEÇMƏ

Axır çərşənbədəki MÖCÜZƏ - Sabir Əhmədlinin qələmindən SEÇMƏAnam axır çərşənbəyə inanırdı. Deyirdi ki bayramdan qabaq axırıncı çərşənbədə gecənin hansı vədəsindəcə bütün ağaclar başlarını endirib üç dəfə yerə vururlar. Həmən anda kim bunu görsə, ağaclar üçüncü dəfə yerə səcdə qılanda nə arzu etsə mütləq istəyinə çatacaq.

Heyləcə keçmişlərdə, o vaxtlar bir arvad bayram qabağı, axır çərşənbənin gecəsi daxmadaca əyləşib gözünü dikibmiş eşiyə, ağaclara.
Güdürmüş, əri də uzanıb yatıbmış orada, böyründə. Gözləyib, gözləyib budur bir meh əsdi, ağaclar tərpəşdi. Hamısı birdən başlarını endirib torpağa yatdılar. İrili- xırdalı bütün ağacların başı torpağa dəyəndə arvad özünü itirir, bilmir Allahdan nə istəsin, nə alsın. Ağaclar üçüncü kərə baş endirəndə arvad çaşıb ərindən yapışır: "Ay Tanrı! Sən bunuca döndər qızıla!".

Sözünün ağzından çıxmağıyla istəyinin yerinə yetməyi bir olur. Dönüb baxır ki, mir- mitil içində yatmış kişi şəfəq saçır, təpədən-dırnağa dönüb olub özü boydaca qızıl. Böyük variyətdi. Ancaq canlıca kişisi əlindən getmişdi. Qalır neyləsin. Büküb- bürmələyib kişini bir palaza, çəkib qoyur daxmanın küncünə. Dolanışıq ağırmış, güzəranları pismiş. Di gəl arvad gözünün qabağında bucaqda yatıb qalan qızıl xəzinəsinə toxunmağa qıymır, əli gəlmir.

Günlər, aylar keçir kişisiz arvadın halı büsbütün pisləşir. Əli hər yerdə üzüləndə kişinin tək bircə çeçələ barmağını qoparır xərcləməyə başlayır. Gözləyir bir də ilin dolanmağını, bir də axır çərşənbənin gəlməyini. Həmin vədə, həmin saatda kəsdirib pəncərənin qabağını gözünü zilləyir eşiyə, başlayır gözləməyə. Düz o vaxtda bildirki vədə bir yel əsir, ağaclar yenə tərpəşir hamısı başlarını qoyurlar torpağa. Arvad girəvəni əldən buraxmayıb: "Ay Allah, sən mənim ərimi, uşaqlarımın atasını qaytar özümə!"- deyib yalvarır.

Kişi asqırıb birillik qızıldan canlıca adama çevrilir. Kişi başına gələndən xəbərsizmiş, elə bilirmiş bircə gecə yatıb, səhəri öz qaydasında, vədəsində oyanıb. Arvadı qorxusundan dillənməyib. Obaşdan dəhrəni- baltanı götürüb kişi yollanır meşəyə, kör- kötükdən çıxarsın, çörəkpulu qazansın. Bir ara kişi baxır ki əli dəhrənin, baltanın sapına yatmır. Bir də görür sağ əlinin çeçələsi yerli- dibli yoxdu. Kişinin gözü kəlləsinə çıxır.

Qayıdıb başılovlu yapışır arvadın yaxasından, barmağını göstərib soruşur bu nə sirdir? Arvad əhvalatı necə olmuşdusa açıb danışır. Kiçi yanıb- yaxılır, içindən göynəyib gülür və deyir: "Arvad tayfasının ağıldan yoxsul olduğunu bilirdim, amma bu qədər yox. Ay sarsaq -deyir- məni diricə bazara çıxarsan bircə o çeçələ barmaqca qızıla almazdılar. O ayaqdan gör nələr itirmisən!"

Sabir Əhmədlinin "Yasamal gölündə qayıqlar üzürdü" romanından seçdi
Zəfər Şərifov


Axır çərşənbədəki MÖCÜZƏ - Sabir Əhmədlinin qələmindən SEÇMƏ






Fikirlər