Əsas Səhifə > Mənəviyyat > Mənəvi DAYAQ nöqtəmiz və ya axirətə İMANIN

Mənəvi DAYAQ nöqtəmiz və ya axirətə İMANIN


9-07-2020, 13:22

 Biz bu dünyanın, varlıq aləminin bir parçasıyıq, iradə və ağıl sahibi varlıqlarıq, ancaq çox zaman ətrafımızda baş verənlərə müdaxilə edə, onları yönləndirə bilmirik. Axirətin varlığı məsələsi də bu qəbildən olan mövzulardandır. Bəli, axirətin varlığının bizimlə çox yaxın, sıx əlaqəsi var. Bununla yanaşı axirətin varlığı məsələsi insan iradəsinin xaricində olan həqiqətdir. Tarix boyu bütün sivilizasiya və mədəniyyətlərdə, inanc sistemlərində, axirətin varlığına işarə edən ayinlərə, işarə və əlamətlərə rast gəlmək olar.

Axirətin varlığına inanmaq istər insan, istərsə də cəmiyyət həyatında çox mühüm amildir. Axirətin varlığı ilə bağlı ortaya qoyulan əqli dəlillərdən biri insanın fitri ehtiyacı olan ədalət duyğusu ilə bağlıdır.

Dünyada ədaləti tam bərqərar etmək mümkün deyil. Əksər hallarda cinayətkarlar öz cəzalarını almadan bu dünyadan köçüb gedirlər. İnsanların haqlarını qəddarcasına qəsb edənlər, sanki bu əməllərini bir mükafat kimi özləri ilə o dünyaya aparırlar. Digər tərəfdə isə haqq və hüquqları əllərindən alınan, heç bir haqq və hüququnu tələb edə bilməyən yüzminlər, milyonlar zillət içində, məzlum halda bu dünyanı tərk etməli olurlar. Dünyada hər zaman məhkəmələr var olsa da, ümumi mənzərədə ədalət hissini bu dünyada dadmaq hər insana nəsib olmur. İnsanlar hava kimi, su kimi ehtiyacları olan ədalət hissini, ədalət duyğusunu dadmadan canlarını tapşırırlar.
Misal üçün, bir insanı öldürən caniyə 20 il həbs cəzasının verildiyini düşünək. Bu hesablama ilə qəsdən və terrör törədərək 15 nəfərin ölümünə səbəb olan bir caniyə hər halda ömürlük həbs cəzası veriləcəyini demək olar. Bir insan ömrünün təxminən 70-80 il (bəlkə də daha az) olduğunu nəzərə alsaq, ikinci misaldakı cani cəzasını tam mənada çəkmədən dünyadan ayrılmış olacaq. Lap məhkəmələr ona 300 il həbs cəzası versə də, bu cəzanın hamısının real olaraq çəkilməsi mümkün deyil. Nəinki 15 nəfər, yüzlərlə, minlərlə insanın ölümündə təqsirli canilər də var ki, bu zaman da adil bir cəzanın verilməsi və caninin həmin cəzanı bu dünyada çəkməsi qeyri-realdır. Sual ortaya çıxır ki, bəs ədalət duyğusu ilə tam tətmin olma, tam qarşılanma nə vaxt baş verəcək? Əgər bu duyğu və hiss heç vaxt qarşılanmayacaqsa, nə üçün insanlara bu hiss və duyğu verilib?
Bir sözlə, zalım zalımlıq, məzlum da məzlumluq içində bu dünyanı tərk edir. Heç bir cəza almadan bu dünyadan köçən canilər də var, etdiyi yaxşılıqların qarşılığını, mükafatını, heç olmasa bir “sağ ol”unu almadan dünyasını dəyişənlər də... Deməli, insanların bu haqq arayışlarının mütləq qarşılanma yeri, böyük bir məhkəmə var. Bu dünyada yarımçıq qalan, ya da heç baxılmayan işlər sadəcə olaraq o böyük məhkəməyə qədər təxir olunur. Əslində bu dünyanı mütləq mənada ədalətsizliyin tuğyan etdiyi bir məkan olaraq da görmək doğru olmaz. Bu dünyada da ədalətin bərqərar olduğu anlar, məqamlar var. Ancaq yuxarıda qeyd edildiyi kimi əsl cəza və əsl mükafatın verilmə məkanı bu dünya deyil.
Ən balaca bir varlığın ən balaca bir ehtiyacını belə şəfqətlə və mərhəmətlə qarşılayan, ən balaca bir məxluqun səsini eşidərək ona yardım edən Uca Allah (c.c) necə ola bilər ki, ən üstün məziyyətlərdə yaratdığı, dəyər verdiyi bəşər övladının ən mühüm ehtiyacı olan ədalət duyğusunu tam tətmin etməsin, bu ehtiyacı aradan qaldırmasın! Halbuki, bu fani dünyada qısa bir ömür yaşayan insan belə bir həqiqi ədaləti dada bilmir. İnsan elə bir dəyər və əhəmiyyətə sahibdir ki, ümumi mənzərədə bu dünya həyatı onun əməllərinin hesabının görülməsi üçün qapanacaq və yeni bir dünyanın, axirətin qapıları açılacaq.
Sanki müştərinin diqqətini əsl məhsula çevirmək üçün istifadə olunan prototip məhsullar kimi, dünya nemətləri də cənnət nemətlərinin nümunələri, onların prototipləri hökmündədir.
Məsələnin digər bir tərəfi də belədir ki, dünya nemətlərindən, dünya süfrəsinin ləzzətlərindən dadanlar bu xoşbəxtlik diyarından ayrılmaq istəməz, burada əbədi qalmaq istəyərlər, ən azı bu dünyada əbədi qalacaqları zənninə qapılarlar. Bir gün bu dünya həyatından ayrılacağını, yoxluğa tərk ediləcəyini düşünmək insanı dərin bir hüznə və kədərə boğar, ona acı verər. Bunun səbəbi isə insanda var olan, ancaq bu dünyada qarşılanmayan əbədilik duyğusudur. Deməli, əbədilik duyğusunun yaşanacağı dünya bu dünya deyil, başqa bir diyardır. Bu dünyanın həzz və ləzzətləri olsa-olsa o əbədi cənnət nemətlərinin bir kataloqu hesab edilə bilər.
Vəzifəsinin sona çatması və ömrünün bitməsi ilə bu dünyadan köçüb gedən hər bir canlının bütün xüsusiyyətləri, ona aid bütün bilgilər torpağa düşən çəyirdəklərində qorunaraq saxlanılır. Məhz bu çəyirdək və toxumlarda qorunaraq saxlanılan bilgi və xüsusiyyətlər növbəti baharda növbənöv gül və çiçəklər, ləzzətli meyvələr olaraq qarşımıza çıxırlar.
Bitkilər aləmində baş verən bu proseslər bizə axirət aləmi ilə bağlı bir çox mesajlar verir. Uca Allah (c.c) insana verdiyi dəyər və qiymət ilə müqayisədə çox aşağı səviyyədə yer alan bitkilər aləmində belə bir qoruma və hifz etmə qanunları qoyubsa, deməli Onun (c.c) üçün bəşər övladının əməllərini də axirətdə hesab verməsi üçün qoruyaraq saxlamağa, hifz etməyə qadirdir.
Uca Allahın (c.c) yer üzündə Özünə xəlifə olaraq yaratdığı, ağıl neməti ilə təchiz etdiyi, ilahi vəhyin ünvanı olaraq seçdiyi insanın qəbrə girərək orada rahatca yatması, heç vaxt oyandırılmaması, axirət məhkəməsində böyük və ya kiçik bütün əməllərindən sorğu-suala çəkilməməsi necə mümkün olar? Qiyamətə və yenidən dirilməyə bənzəyən qış və baharı hər il yenidən var edən Uca Allahdan (c.c) insan necə qaça, torpaq altında gizlənə bilər?
Əgər bir insana: “Sənə bir milyon il ömür və dünya səltənəti veriləcək, ancaq sonda hər şey əlindən alınacaq və yoxluğa qarışacaqsan” deyilsə, o, bir milyon illik dünya səltənətinə sevinmək yerinə, sondakı yoxluğa görə kədərlənib hüzünlənəcək. Deməli, bir milyon kimi böyük, ancaq fani illər, insan fitrətindəki əbədilik duyğusunu tətmin edə bilmir. İnsanda var olan bu əbədilik duyğusu və sonu görünməyən arzuları, insanın əbədiyyət üçün yaradıldığını və sonsuz yolun yolçusu olduğunu göstərir. Bu dünya insan üçün bir müsafirxana və axirət səfərinə çıxacaq gözləmə salonudur.
Axirət inancı insanların şəxsi və sosial həyatının əsas təməli, səadət və xoşbəxtliyinin, kamilliyə çatmalarının əsas tərkib hissəsidir. İnsanların təxminən yarısını təşkil edən uşaqlar üçün dəhşətli görünən ölüm gerçəyi cənnət düşüncəsi ilə yumşaldıla, xof olmaqdan çıxarıla bilər. Əks halda ətrafındakı özü kimi uşaqların, böyüklərin ölümləri o kövrək xarakterli uşaqların müqavimətini, mənəvi gücünü alt-üst edər.
İnsanların bir hissəsini təşkil edən qocalar da yalnız axirət həyatına olan inancları ilə yaxınlaşmaqda olan qəbir həyatına qarşı dözüm qazana bilərlər. Qocalar həyatlarının, gözəl dünyalarının yaxında sona çatmasına qarşılıq olaraq sadəcə axirət həyatına inanmaqla təsəlli tapa bilərlər. Qocalar, uşaqlar kimi tez təsirlənən ruhları ilə ölüm və yox olmanın gətirəcəyi şiddətli bir ümidsizlikdən yalnız əbədi bir həyata iman etməklə qurtula bilərlər. Əks halda şəfqət və qayğıya, sükunətə və mənəvi rahatlığa möhtac olan bu ixtiyarlar, elə bir qəlb sıxıntısı və iztirab yaşayarlar ki, bu dünya onlar üçün qaranlıq bir zindan, bu həyat onlara şiddətli bir əzab olar.
Sosial həyatın ən güclü dayaq və dəstəyi, şübhəsiz ki, gənclərdir. Gənclərin coşqu və ehtiras dolu duyğularını, aşıb-daşan həva-həvəslərini özlərinə və ətrafına zərər vermədən cilovlamaq, sosial həyatın normal axışını təmin etmək cəhənnəmin varlığına iman etməklə mümkündür. Cəhənnəm qorxusu olmazsa, gənclər öz həva və həvəslərinin arxasına düşər, zəiflərin, yaşlıların həyatını cəhənnəmə çevirər, həyatı yaşanmaz hala gətirərlər.
İnsanların dünya həyatında ən sağlam qalası, sığınma yeri və cənnətdən bir köşəsi ailə həyatıdır. Ailə fərdləri hər kəsin balaca bir dünyasıdır. Ailə həyatında səadət və xoşbəxtliyi yaxalamaq səmimi bir vəfakarlıq, qarşılıqlı hörmət, həqiqi bir fədakarlıq və mərhəmətlə mümkün ola bilər. Belə bir qarşılıqlı hörmət və mərhəmət, yalnız əbədi bir dostluq və bərabərlik fikri, həmçinin sonsuz bir həyatda bərabər yaşama inancı ilə mümkündür.
Misal üçün, axirətin varlığına inanan bir şəxs həyat yoldaşı haqqında belə deyəcək: “O mənim əbədi aləmdə, əbədi həyatda yol yoldaşımdır. İndi yaşlanmış və gözəlliyi getmiş olsa da, axirət aləmində əbədi bir gözəlliyi olacaq. Belə bir əbədi yol yoldaşlığı və dostluq üçün hər bir fədakarlığı edərəm”. Beləcə də ixtiyar həyat yoldaşına gözəl bir huri gözü və məhəbbəti ilə, şəfqət və mərhəmətlə baxacaq. Əks halda axirətlə müqayisədə bir-iki saatlıq dünya həyatındakı qeyri-səmimi bərabərlik əbədi bir ayrılıqla nəticələnəcək, dünya cənnəti olan ailə həyatı cəhənnəmə çevriləcək.
Axirətin varlığı və yenidən dirilmə məsələsinin İslamda elə böyük bir yeri vardır ki, Quran ayələrinin üçdə biri məhz bu mövzu ilə bağlıdır. İslamda əksər məsələlər məhz axirətin varlığına bağlanmış, yenidən dirilməyə iman bir çox məsələnin əsasını təşkil etmişdir. Qurandakı minlərlə ayədə açıq bir şəkildə axirətin varlığından bəhs edilir. İslam alimləri minlərlə Quran ayəsində axirətin varlığından bəhs edilməsini səmada günəşin parlamasına bənzətmişlər. Səmada parlayan günəşi inkar etmək mümkün olmadığı kimi, minlərlə ayədə xəbər verilən axirətin, yenidən dirilmənin varlığını inkar etmək də mümkünsüzdür.
Dünya həyatı öz-özlüyündə axirətin varlığını sübut edir. Hər baharda yenidən dirilmənin yüzminlərlə nümunəsinə şahid oluruq. İnsanların ehtiyac duyduğu bütün bitki və meyvələri qışın şaxta və soyuğundan sonra yenidən var edən, hər birini sanki proqramlanmış halda öz vaxtında yetişdirən Uca Allahdır (c.c). Ehtiyacları var edən də, onları qarşılayan da Odur (c.c). Bütün ehtiyacları qarşılayan Uca Allah (c.c) insanların ən mühüm və bu fani dünyada təmin oluna bilməyən əbədilik duyğusunu da qarşılamağa qadirdir.
Bir əmr verərək dəfələrlə ordunu hərəkət keçirən komandan haqqında: “Bu adam istirahət etmək üçün ətrafa dağılaraq dincələn, yatan əsgərləri bir əmr və çağırışla toplaya, bir araya gətirə bilməz” deyilsə, nə qədər gülünc olar? Eynilə bunun kimi yox ikən ordu misalı bütün heyvanları, bütün canlıları, varlıqları yaradan, hər baharda yer üzündə yüzminlərlə həyatı yenidən canlandıran Uca Allah (c.c) necə ola bilər ki, yenə bir əmri ilə bütün insanları məhşər meydanına toplaya bilməsin?!
Günümüzdə yaşayan insanların həyatı ilə bağlı televizor proqramlarına, qəzet və jurnallara, müxtəlif sahələrdə aparılan elmi araşdırmalara nəzər yetirəndə axirət inancı zəif olan insanların adətən daha çox sıxıntı içində olduqlarını görmək mümkündür. Misal üçün, axirət inancına sahib olmayan və ya axirət inancının zəif olduğu cəmiyyətlərdə, insanlar başına gələn hadisələr qarşısında mənəvi bir dayaq nöqtəsi tapa bilmir, psixoloji cəhətdən çöküntü yaşayırlar.
İlahi buyruqlar, tarixi hadisələr, xüsusilə psixologiya və sosiologiya sahəsində aparılan araşdırmaların nəticələri onu göstərir ki, insanları içinə düşdüyü mənəvi böhrandan qurtaracaq ən güclü amil, İslam dininin əsaslarından biri olan axirət inancıdır.

Nazim Mustafayev
  
 


Geri qayıt