Əsas Səhifə > Mənəviyyat > BÖYÜK İNSANlığın, ziyalılığın və yazıçılığın böyük vəhdəti

BÖYÜK İNSANlığın, ziyalılığın və yazıçılığın böyük vəhdəti


10-07-2020, 12:05

“Sabir Əhmədli ədəbiyyatımızın vicdanı, nəsrimizin Folkneridir” 
Bu gün böyük yazıçı olmaqla yanaşı, həm də həmişə böyük ziyalılığı, ən əsası böyük İNSANlığı özündə daşıyan Sabir Əhmədlinin 90 illik yubileyidir.  
S.Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunda anadan olub. İndiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Beş il doğma rayonunda müəllim, məktəb direktoru işləyən Sabir Əhmədli 1956-cı ildə Bakıya köçüb. "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilib, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-1996-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyib.
S.Əhmədli ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlamışdı. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edən yazıçının "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb.
S.Əhmədli 1992-ci ildə “Azərbaycanın xalq yazıçısı” fəxri adına layiq görülüb. O,  Azərbaycan nəsrində roman ustası kimi dəyərləndirilir.
Qəhrəmanlar nəslinin nümayəndəsi sayılan S.Əhmədlinin qardaşı Cəmil Əhmədov İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olub. Sovet İttifaqı Qəhrəmanı idi. Oğlu Məhəmməd Əhmədov isə Qarabağ müharibəsi zamanı 12 fevral 1994-cü ildə Murov istiqamətindəki döyüşlərdə şəhid olub.
S.Əhmədli 17 aprel 2009-cu ildə ömrünün 79-cu baharında dünyasını dəyişib.
Əlbəttə, bu, S.Əhmədlinin yaradıcılığı haqqında sadəcə bir xatırlatmadır. Onu bir yazıçı kimi tanıtdırmağa ehtiyac yoxdur. Həmçinin böyük ziyalı və böyük İNSAN kimi də. Ehtiyac olan nəsə varsa, o da S.Əhmədliyə nəyə görə ögey münasibətin sərgilənməsidir. Axı o çoxlarından fərqli bir həyat yaşamış, fərqli bir xarakter sahibi olmuş və yaşamış olduğu bu həyatı, xarakteri özünün yaradıcılığına da daşımışdır. Həm də təbii şəkildə. Xəlqilik təkcə onun canında, qanında, bir sözlə, özündə deyil, həm də sözündədir, əsərlərinin ruhundadır. Onun səmimiliyinin, bir insan kimi bütövlüyünün qaynağı da elə ömrünün sonuna qədər ruhunda daşıdığı bu xarakteridir.
Bu böyük yazıçı haqqında, insanlığı və ziyalılığı əsərlərinin ruhu ilə sıx bağlı olan, gerçəkdən vəhdət təşkil edən görkəmli ədib, işıqlı şəxsiyyət barədə çoxları fikir bildirib, ürək sözlərini yazıb, yaradıcılığının məziyyətlərinə, fəqliliyinə diqqət çəkiblər. Necə deyərlər, sözümün canını söyləmək, təkrarçılığa yol vermədən fikrimi ifadə etmək üçün onlardan yalnız kiçik bir qismini (dəryadan damla timsalında) xatırlatmağa məcburam.   
“Sabir Əhmədov əlinə qələm aldığı ilk gündən kotanlı-belli, oraqlı-çinli, dəryazlı bir kənd müdriki, el adamı, torpaq oğlu kimi bu aləmdən bütün varlığı ilə yapışmış, xalqın sevinc və kədərini, yeni həyat tərzini, düşüncələrini, yaşamaq uğrunda mübarizəsini yaradıcılığına hopdurmuşdur” (Görkəmli tənqidçi Qulu Xəlilov). 
“Sabir Əhmədli zamanın nəbzini tutan, onun qarşıya qoyduğu problemləri vaxtında duyan, hətta hardasa zamanı qabaqlayan bir yazıçı idi. Ondan söz açanda bir ifadəni istər-istəməz xatırlamalı olursan: ROMAN USTASI. 
“Dünyanın arşını” Azərbaycan nəsrində öz fəlsəfi-publisistik yönü ilə seçilirdi. Zahirən bir rayonda baş verən hadisələri təsvir etsə də, əslində, problem əhatəli idi, durğunluq illərində bütün ölkəni və xalqı sarmış mənəvi və sosial bəlaların bir rayon timsalında ümumiləşdirilməsi o zaman yuxarı dairələri qıcıqlandırmaya bilməzdi. İndi lap ucadan, qorxusuz-hürküsüz söylədiyimiz həqiqətləri Sabir Əhmədli qırx-qırx beş il əvvəl açıq söyləmişdi” (Filologiya elmləri doktoru, ədəbi tənqidçi Vaqif Yusifli).
Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın AMEA Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi haqqında fikirlərindən seçmələr:
“"Müsəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyində pafos, emosional, ritorik alqışlamalar və "portret oçerklər”dəki yerli-yersiz mübaliğələr imkan vermədi ki, çağdaş ədəbi mənzərənin problemlərini elmi-nəzəri, akademik təhlil əsasında aydınlaşdıraq.
Sabir Əhmədli kimi ədəbiyyatımızın vicdanı, nəsrimizin Folkneri hesab edilən bir şəxsiyyət, xalq yazıçısı "portret oçerk” "səviyyəsinə” qalxa bilməyib bu kitabda. Amma 60 il Azərbaycan xalqının müstəqilliyi, azad təfəkkürü, ədəbiyyatı, mədəniyyəti üçün vicdanla qələm çalan, müstəqillik, Qarabağın azadlığı uğrunda oğlunu qurban vermiş ("Məhəmmədi əsgərlikdən saxlatdıra da bilərdim, cəbhədən yayındıra da. Amma o boyda oğulu xalqdan gizlədə bilməzdim. Onu nə təhər gizlədəydim axı?”- S.Əhmədli), şəxsiyyəti ilə qələmi arasında paradoks olmayan xalq yazıçısı isə icmal məqalələrdə fraqment kimi görünüb, itir... 
Qəribədir, S.Əhmədlinin ədəbi taleyinə sovet-bolşevik rejimindəki qərəzli, qısqanclıqla, məkrlə yanaşılma prinsipi (vaxt oldu ki, üst-üstə götürəndə, 10 il kitabının çap olunmasına imkan vermədilər, "sovet ədəbiyyatına yaraşmayan yazıçı” kimi Mərkəzi Komitənin iclaslarında tənqid olundu, bütün yazıları nəzarətdə saxlanıldı) müstəqillik zamanında, demokratik şəraitdə yazıb-yaradan Elmlər Akadeniyasında da təkrarlandı. Ədəbiyyat İnstitunun senzurası onu müstəqillik illərinin ədəbi portreti kimi təqdimə rəva görmədi... Halbuki, müstəqillik illərinin ən dəyərli nəsr əsərlərini ("Yanvar hekayələri”, "Kütlə”, "Axirət sevdası”, ”Kef”, Ömür urası” və s.) məhz Sabir Əhmədli yazmışdı. "20 yanvar” hadisələri baş verən günlərdə qanlı küçələri qorxmadan gəzə-gəzə, ağlaya-ağlaya yazmışdı "Yanvar hekayələri” adlı kitabını... O ahıl yaşında cəbhə bölgəsində, əsgərlərin yanında olurdu, güllə yağışı altında...
S.Əhmədli üçün meyar xalqın etimadı idi, xalqın gözündən düşməmək, xalq qarşısında suçlu olmamaq idi. Oğlunu da "xalqdan gizlədə bilməmək” dürüstlüyü yolunda fəda etdi...” 
“Azərbaycan Respublikasının Prezidenti İcra Aparatına tapşırmışdı ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2005-2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsərlərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin... 
Siyahı tərtib olunub təqdim ediləndə məlum olur ki, xalq yazıçıları S.Əhmədli, H.Abbaszadə və Q.İlkinin adları o siyahıda yoxdur. Ərizə ilə müraciət olunur, sonda digər iki yazıçının adı siyahıya əlavə edilir, S.Əhmədli isə istisna kimi kənarda qalır. 
Səbəb bəlli deyil. S.Əhmədli öz siyasi kimliyi və yaradıcılığı ilə Azərbaycan dövlətinə və xalqına, müstəqilliyinə sədaqətli bir şəxs olduğu halda  bu münasibət nəyin ifadəsidir?!
AMEA-nın Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Tərcümə Mərkəzi və başqa aidiyyatı qurumlar bu sahədə öz üzərinə düşən işi elə bu günlərdəcə icra etməyə başlasa, bir il müddətində o boşluğu aradan qaldırmaq olar. O zaman S.Əhmədlinin 90 illiyi qeyd olunan gündə (əgər olunsa!) onun ruhu qarşısında günahkar dayanmarıq... (Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın Mədəniyyət Naziri Əbülfəz Qarayevə xalq yazıçısı Sabir Əhmədli ilə bağlı müraciət - 16.02.2019) 
Qeyd edək ki, Sabir Əhmədlinin özü də şəxsinə qarşı senzora aşağıdakı şəkildə toxunmuşdu:  
“”Dünyanın arşını"ndan az sonra mən "Yamacda nişanə” povestini yazdım. Bu povest ilk əsərdir ki, mən onu birbaşa makinada yazdım. "Ulduz” jurnalında çap olundu. Daha sonra "Yaşıl teatr”, "Qanköçürmə stansiyası” yazıldı və çap olundu. Doğrudur, Mərkəzi Komitənin qərarına düşəndən sonra mən beş il kitab buraxdıra bilmədim. Daha mənim hər bir yazımı dörd gözlə oxuyur, mikroskopla baxırdılar. "Azərbaycan” jurnalında, istər "Ulduz”da çap olunurdum. Jurnallarda çap olunmaq asandı, oradakılar tanışlar, yaxın, qəhmar insanlardı. Amma kitab yox. Orada imansız, amansız, senzor, qisasçı məmur, vəzifəgüdənlər əyləşmişdilər. Mənim bircə əlyazısı gətirməyimi gözləyirdilər, düşsünlər üstünə” (Yazıçının "Yazılmayan yazı” kitabından). 
“Sabir Əhmədlinin məkan dairəsindən asilı olmayaraq, bütün əsərlərində harasa tələsən, kökü ilə bağları qopmaqda olan, duyğuları öləziyən və qəddarlaşan insan kütləsinə qarşı bir üsyan var. Sabir Əhmədli sanki yeni nəslin üzünə hopan laqeydlik ifadəsini söküb atmağa çalışır, milli kimliyindən uzaq düşməkdə olan fərdin konfliktini verirdi” (Filologiya elmləri doktoru, ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova).
"Sabir müəllim Binəqədi qəbristanlığını Fəxri xiyaban elədi" (yazıçı Aqil Abbas). 
İndi keçək Azərbaycan Yazıçılar Birliyinin (AYB) sərgilədiyi münasibətə.
AYB-nin, bu qurumun Ağsaqqallar Şurasının üzvü Sabir Əhmədlinin vəfatı ilə bağlı yazdığı nekroloqun (“Ədəbiyyat qəzeti”. -2009. -24 aprel) sonunda deyilir: “Görkəmli yazıçı, səmimi insan Sabir Əhmədlinin işıqlı xatirəsi qələm yoldaşlarının və oxucularının qəlbində daim yaşayacaq”.
İxtiyarsız olaraq bu nekroloqda diqqətimi cəlb edən də bu cümlə oldu. Məsələ bundadır ki, həmin kəlmələrin yazıldığı gündən ötən 11 il zaman müddəti (hətta bir qədər də çox) heç də bu BÖYÜK İNSAN, BÖYÜK yazıçı və BÖYÜK ziyalıya münasibətin hətta ölümündən sonra belə dəyişmədiyini göstərdi. Göründüyü kimi, AYB onun işıqlı xatirəsini qəlbində yaşatmadı. Ya da sadəcə qəlbində yaşatdı.
Əlbəttə, hörmətin ifadəsi kimi sıravi oxucuların edə bildiyi və edə biləcəyi bir şey varsa o da S.Əhmədlinin işıqlı xatirəsini qəlbində yaşatmaqdır. AYB rəhbərliyinin isə edə biləcəyi, lakin etmədiyi çox şeylər var idi. Elə bu gün də var. Bu baxımdan, məsələn, rəhbərliyin S.Əhmədliyə münasibəti ilə bağlı bir fakta da toxunmadan keçmək olmur. Belə ki, AYB rəhbərliyinin heç olmasa bir nümayəndəsi belə 2015-ci ilin 14 iyulunda böyük yazıçının “Biz yenə qayıdacağıq” adlı kitabının Beynəlxaq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində iştirak etmədi. Halbuki, bu tədbiri Yazıçılar Birliyi, həm də “Natəvan” klubunda həyata keçirməli idi. Üstəlik, mərhum yazıçının yubileylərini belə keçirmədi.  Təəssüflər olsun ki, bunu istəmədi və ya hansısa səbəbdən çətinlik çəkdi. Hər iki hal, əlbəttə, qüsurludur. 
Bəli, bu gün Sabir Əhmədlinin 90 illik yubileyidir. Amma yenə də səs çıxmadı. Bilmirəm, bəlkə sabah, ya başqa bir vaxt çıxacaq. Ancaq bu da inandırıcı deyil. Yəni nə dəyişib ki? Amma yox, dəyişiklik var, ölkəni pandemiya bürüyüb. Bu üzdən AYB koronavirusa minnətdar olmalıdır...
Hə, sayğıdəyər oxucular, hörmətli Sabirsevərlər, indi gördünüzmü, İradə Musayevanın təbirincə desək, ədəbiyyatımızın vicdanı, nəsrimizin Folkneri olan S.Əhmədli haqqında nələr yazılır? Gördünüz. Onda mütləq nəzərə alın ki, səsi eşidilənlərin səsi çıxmır, səsi çıxanların isə səsi eşidilmir. Bunu ən çox AYB, konkret desək, bu qurumun rəhbərliyi etməlidir. O da etmir. Bunu heç onlardan gözləmək də lazım deyil. Bilirsiz niyə? Bilirsiz, amma yenə xatırladım ki, başları Prezidentin hər il yazıçı və şairlər üçün ayırdığı təqaüdü ən müxtəlif yollarla mənimsəməyə qarışıb (Əvvəllər bu təqaüdün növbə ilə hər kəsə verildiyini desələr də, sonradan bu bəhanə uğursuz olduğu üçün yalnız imkansızlara verildiyini bəhanə gətirdilər). Bir də ki, prioritetin daha çox yaltaqlığa verildigi yerdə Sabir Əhmədliyə məlum münasibət təəccüblü deyil. 
S.Əhmədli gerçəkdən xalq yazıçısı olub. Xalqın içərisində olub, onun qəmi, kədəri, problemləri, sevinci ilə yaşayıb. Və elə bu səbəbdən də son mənzilinin də Fəxri Xiyabanda deyil, sadə xalqın uyuduğu ümumi qəbiristanlıqda qərar tutması da bizə təəccüblü gəlməməlidir. Əgər Azərbaycanda iki ziyalı varsa, onlardan biri mütləq Sabir Əhmədlidir...
90 yaşın mübarək, BÖYÜK İNSAN, BÖYÜK yazıçı, Böyük ziyalı!
 
Nəriman MAHMUD
Yazıçı-publisist

Geri qayıt