Əsas Səhifə > Mənəviyyat > “Sən “Ayebe”nin binasının bir hissəsini striptiz kluba...”

“Sən “Ayebe”nin binasının bir hissəsini striptiz kluba...”


25-09-2020, 21:43

“Sən “Ayebe”nin binasının bir hissəsini striptiz kluba...” – Çingiz Abdullayevə sərt ittiham

Yazıçı Mirmehdi Ağaoğlu Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi xalq yazıçısı Çingiz Abdullayevi sərt tənqid edib. 

Yenisabah.az Kulis.az-a istinadən xəbər verir ki, Mirmehdi Ağaoğlu “Çingiz Abdullayevin gözə kül üfürməyi” başlıqlı yazısında xalq yazıçısını qeyri-səmimilkdə ittiham edib:  “Bir müddət öncə dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin Facebook açıqlaması yenə aləmi bir-birinə vurdu. Onda olur belə şeylər. İldə bir dəfə nəsə deyib aləmi qatır. Özü də fikir vermisinizsə, onun dediklərində haqlı məqamlar olsa da əksər vaxtlarda «xalastoy» güllə kimi olurlar, ya da hədəfdən yayınırlar.

Məsələn, Çingiz müəllim bir yazıçı kimi haqlı olaraq kitabxanaların bağlanmasından gileylənər, amma “Ayebe”nin binasının yaxınlığındakı iki köklü kitabxananın bağlanıb birinin yerində turizmlə əlaqəli təşkilat, o birinin yerində isə aerokassa açılmasına etiraz etməz. Əlində fakt var, ad çəkib dəlil-sübutla danışa bilər, lakin dinməz. Çünki etiraz etsə, ona deyəcəklər ki, sən “Ayebe”nin binasının bir hissəsini striptizkluba (“26-lar” kafesi) çevirə bilərsən, biz kitabxananı aerokassaya çevirə bilmərik?

İkincisi, Çingiz müəllim niyə o kitabxanaları bağlayıb yerində turizm təşkilatı, aerokassa tikənlərlə üz-göz olsun ki? Nəyinə lazım? Yenə hərdən şəxsi məsələlər üçün zəng edib işini aşırır. İki uçuq-sökük kitabxanaya görə camaatla üz-göz olmağa dəyməz!”

Yazıçı daha sonra Çingiz Abdullayevin Rusiyada fəaliyyət göstərən azərbaycanlı kadrların olmaması ilə bağlı dediklərinə toxunub:  “Çingiz müəllim haqlı olaraq deyir ki, niyə Rusiyada fəaliyyət göstərən kadrlarımız yoxdur? Gürcülərin (eybi yox), ermənilərin (dəhşət) var, bizim yox?

Rusiyada daş atırsan erməni jurnalistə, aktyora, rəssama, rejissora, yazıçıya dəyir. Amma onların içində azərbaycanlıları gündüz çıraqla axtarmalı olursan. Niyə bizim gənclər dil (rus) öyrənib Rusiya mədəni-intellektual mühitinə inteqrasiya etməyə çalışmırlar ki, indi biz də Rusiyada nüfuza sahib olaq?! Nə vaxta kimi bu nüfuzu yalnız mən təmin etməli olacağam (Bunu dilə gətirməsə də, əminəm ürəyindən keçirib)?

Yuxarıda vurğuladım, haqlı iradlardır. Lakin Çingiz Abdullayev həmişə olduğu kimi günahı yaradan səbəbləri deyil, günahkarı danlamaqla məşğuldur. Bu yerdə biz də mövcud problemə cavab axtarmamışdan qabaq eyni sualla xalq yazıçısına müraciət etmək istərdik.

Çingiz müəllim, rusdilli yazıçı siz, illərlə dil boğaza qoymursuz ki, əsərləriniz dünyanı gəzir. Parisdən tutmuş Peruya qədər hər yerdə satılır. Lap yaxşı. Şöhrətiniz dünyaya yayılıb. Belə çox pakizə. Bəs, o zaman burdan-bura Moskvada niyə sizi görmürük? Niyə rus mətbuatında, rus televiziyasında siz yoxsuz? Deyirsiz, Rusiyada əsərlərimiz əldən-ələ gəzir, keçmiş SSRİ-nin ən məşhur detektiv yazıçısısız. Möhtəşəm. Bəs niyə görünmürsüz? Axı bu şöhrətdən niyə bir qırıq rus mədəni mühitinə, rus televiziyasına düşmür ki, sizi də onların efirindən görək? Rusiyada tanınmaq belə asandırsa, siz niyə tanına bilmirsiniz?”. 


Geri qayıt