Əsas Səhifə > Mənəviyyat > “Bu otuz ildə görün bizi nə həddə çatdırdılar ki, müharibəyə

“Bu otuz ildə görün bizi nə həddə çatdırdılar ki, müharibəyə


8-10-2020, 11:17

Xəbər verdiyimiz kimi bu gün şair, Əməkdar jurnalist Adil Cəmilin doğum günüdür. A.Cəmil 1954-cü il oktyabrın 8-də Kəlbəcərin Kilsəli kəndində anadan olub.
A.Cəmil Moderator.az-a açıqlamasında təbii ki, doğum günündən yox, ordumuzun uğurlu əməliyyatından, torpaqlarımızın addım-addım işğaldan azad edilməsindən danışdı:
“Təbrikiniz üçün çox sağ olun. Bu gün biz təzədən doğuluruq, Qarabağla bağlı bu ikinci dəfə həyata gəlişimizdir. Adətən müharibə başlayanda insanlarda əhval-ruhiyyə aşağı düşür, amma görün bizi nə həddə çatdırdılar ki, müharibəyə sevinirik. Bu illər ərzində həmişə inamla, ümidlə yaşamışıq ki, torpaqlarımıza qayıtmalıyıq. Təbii ki, o inam, ümid olmasaydı, bu haqqı savaşımız da olmayacaqdı. Təbii ki, torpaqlarımızın işğaldan azad edilməyinə görə mən Ali Baş Komandanımıza dönə-dönə təşəkkür edirəm, bir vətəndaş kimi qarşısında diz çökürəm. Hörmətli prezidentimiz bütün müstəvilərdə bu müharibəni az qalsın ki, təkbaşına aparır, yəni diplomatik, siyasi, iqtisadi, sosial sferada. Doğrudan da ölkədə xalq və iqtidar birliyi budur. Bu günki qədər Azərbaycan xalqı bir yumruq kimi birləşməmişdi. Mən bu xalqın az-çox birliyini 1990-cı ildə 20 Yanvar qırğınında görmüşəm, onda bizi dərd birləşdirirdi, amma indi bizi sevinc birləşdirir. Artıq bu birləşmənin monoliti daha möhkəmdir. Bu baxımdan Azərbaycan ordusunun, əsgərinin, Ali Baş Komandanının bizə yaşatdığı, bəxş etdiyi gözəl günlər üçün onlara bir daha minnətdarıq. Bu gün döyüşən Azərbaycan əsgəridir və Allah onları qorusun, onlar irəliyə doğru gedirlər. Hər qarış torpağımızı geri alırlar, çünki bir qarış torpaqda da vətən var. Mən fürsətdən istifadə edib sizin kollektivinizi də təbrik edirəm. Bu gün hər birimizin ürəyi Qarabağla döyünür. Genetik olaraq müəyyən kodlar var ki, onlar artıq bu gün oyanış dövrünü yaşayır. Düşünürəm ki, qələbəmizin bu cür başa çatmağına həm də bizim dünyasını dəyişən insanlarımızın ruhudur, çünki onlar da bu torpağın həsrətiylə dünyasını dəyişib. Allah qorusun Azərbaycanımızı. Tezliklə bütöv Qarabağda üçrəngli bayraqlarımızla bayram keçirək”.
"AzerTaym.az"

Geri qayıt