Əsas Səhifə > Mənəviyyat > Cənnət Kəlbəcərdən Cənnətə köçmək xoşbəxtliyi...

Cənnət Kəlbəcərdən Cənnətə köçmək xoşbəxtliyi...


6-06-2021, 00:26

Cənnət Kəlbəcərdən Cənnətə köçmək xoşbəxtliyi...- Hər kəsə nəsib olmur...

On minlərimiz “Bircə kərə doğma Qarabağdakı yurdumu görəydim, sonra Allah canımı alaydı”  arzusu ürəyindəcə dünyadan köçdü...”

“Bizi o yurdlara dönməkdən çəkindirməyə çalışan düşmənlərimizə elə bu dünyada cəhənnəmi yaşatmalıyıq...”

-Fikir savaşı...-
 
*** ***
28 il öncə tariximizə qardaş qanları, müəmmalı iblis oyunları  ilə  yazılmış 4 iyun tarixi  dünən də işğalçı-terrorçu Ermənistan tərəfindən namərdliklə axıdılan jurnalist, məmur qanları ilə bir daha qan yaddaşımıza həkk olundu...
 
*** ***
 
Bu anlarda son mənzilə yola salınan şəhidlərimizin doğmaları, əzizləri, dostları, həmkarları və heç onları yaxından tanımayan bir çoxumuz adətən belə faciələrdən sonra dərhal içimizdən  gələn suallar verməyə başlayırıq: 
“Ay aman! Niyə belə oldu?! Ay Allah,  axı bu oğullarımızın günahı  nə idi?.. Niyə ermənilərin cəzasını birdəfəlik vermirsən?!.”
 
Əlbəttə, dəhşətli faciədir. Şəhidlərimizin əzizlərinə təsəlli vermək çox çətindir. Gücümüz “Allah rəhmət eləsin! Allah səbir versin! Məkanları Cənnət olsun” deməkdən savayı heç nəyə çatmır... Fəqət, hər kəs bu dünyaya dar çərçivədən, yalnız Azərbaycan-Ermənistan-Qarabağ savaşı, Rusiya-Qərb-ABŞ qarşıdurmaları bucağından deyil, daha geniş prizmadan - Quran və yaradılış prizmasından baxa bilsə,  belə ölümlərlə qarşılaşanda bircə kəlmə “İnnə lillahi və inna ileyhi raciun”- “Allahdan gəlmişik və Ona dönəcəyik” Quran ayəsini tələffüz edərək təmkinlə həlak olanlar, şəhidlər, həmçinin yaralananlar  üçün dualar edəcək və həyatda varkən haqq davasından dönməyəcəkdir... 
 
*** ***
 
Əgər bu dünya həyatını imtahan, sınaq, mübarizə meydanı kimi qəbul ediriksə, burada daimi hüzur, dinclik axtarışından çəkinməli və həyatda varkən Xeyir, haqq uğrunda Şərə qarşı  mübarizədən, savaşdan dönməməliyik... Məşhur övliya, İslam filosofu İbn əl-Ərəbi əbəs yerə demir: “Cahanda hüzur arayan hüzursuz qalar...”
 
*** ***
Bu həyatda, özü də dünyanın, Azərbaycanın indiki durumunda hər an kimliyindən; vəzifəsindən, varından-dövlətindən, peşəsindən asılı olmayaraq hər birimizin başına gələ bilər oxşar faciələr...
 
*** *** 
 
Torpağı, daşları üzərində həmkarlarımızın və məmurumuzun həlak olduğu Kəlbəcərin öz möhtəşəm gözəlliyi və  bol çeşidli nemətləri ilə bu dünyada Cənnət timsalı olmasını, yəqin ki,  o yurdu, ən azı fotolarda görmüş heç kəs təkzib etmək iddiasında bulunmaz... Və belə bir əsrarəngiz gözəlliklər ağuşunda şəhidlik zirvəsinə ucalaraq ötəki dünyada Cənnət sakini olmaq şansını qazanmaq hər kəsə nəsib olmur. Bu xoşbəxtlik, dünən  iki peşəkar həmkarımıza və bir məmurumuza nəsib oldu...
 
***   ***
 
Eyni fikirlər həm birinci, həm ikinci Qarabağ savaşlarında Kəlbəcərdən savayı, Laçında, Şuşada, Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə,  Ağdamda, Qubadlıda, Cəbrayılda, Füzulidə, Zəngilanda, Xocavənddə və s. əsl anlamda şəhid olan bütün hərbçi və mülki vətəndaşlarımıza  aiddir...
 
*** ***
 
Qərbi Azərbaycandan soydaşlarımız zorla qaçqın salınandan, torpaqlarımız işğal  olunandan ötən bir qərinəyə bərabər dövrdə on minlərlə qaçqın-köçkünümüz “ Bircə kərə Zəngəzuru, Göyçəni, Qarabağı, Kəlbəcəri, Şuşanı, Laçını, Qubadlını, Cəbrayılı, Ağdamı... görəydim, sonra Allah canımı alaydı” kimi arzuları ürəyində dünyadan köçüb... Təsadüfi deyilən bir qəza, yaxud infarkt, insult, şəkər, xərçəng və ya koronavirusdan...  Hələ neçə yüz minlərimiz eyni arzularla bu günahlı cahanda yaşamaqdayıq... Onları, özümüzü bədbəxt sanaq, yoxsa  o  cənnət yurdlar uğrundakı savaşlarda şəhid olmuş hərbçi və mülkilərimizi, yaxud sonradan o torpaqlarda xidməti borclarının icrası zamanı minaya düşərək həlak olanlarımızı?.. 
 
*** ***
Kimin əsl mənada xoşbəxt, kimin bədbəxt olmasını yalnız Allah bilir... Fəqət, Qarabağın cənnət yurdları uğrunda sidqi-ürəkdən, səmimi-qəlbdən,  təmənnasız , ixlaslı döyüşərkən, yaxud eyni niyyətlə xidməti vəzifələrini yerinə yetirərkən şəhid olanlarımızın Cənnəti qazanaraq əbədi xoşbəxt olacağına inamımız, imanımız hədsizdir... O səadət  hər kəsə nəsib olmur. O xoşbəxtlik bayaq xatırlatdığımız on minlərə, yüz minlərə yox, məhz o yurdlara şəhid olanlarımıza nəsib oldu...
 
*** ***
 
Müharibənin, savaşın, cihadın qaydası budur. Üzbəüz döyüşlər bitəndən sonra da düşmən namərdliklərini davam etdirəcək, yollarımıza minalar basdıracaq, pusqulardan atəş aşacaq, hücum edəcək, arxadan vuracaq... 
*** ***
 
Şərəfsiz dığalar yollarımıza bir neçə mina basdırmaqla, bir neçəmizi şəhid etməklə, yaralmaqla bizləri dədə-baba yurdlarımıza dönüşdən çəkindirəcəksə, onda biz nə karəyik?    Şeytanlar vəzifələrini yapacaq deyə, biz insanlar Allah, Vətən qarşısındakı borc və vəzifələrimizdən əl çəkəcəyikmi?.. 
 
*** ***
 
Bizi o yurdlara dönməkdən çəkindirməyə çalışan düşmənlərimizə elə bu dünyada cəhənnəmi yaşatmalı deyilikmi?
 
*** ***
 
Şükür Allaha, müzəffər ordumuzun 44 günlük savaşı, şəhidlərimizin, qazilərimizin canı-qanı sayəsində  işğal altındakı torpaqlarımızın böyük bir hissəsi və ən başlıcası, Şuşa, Kəlbəcər, Laçın, Ağdam işğaldan azad olundu... Yenə də bütün təhlükələrə və əngəllərə  rəğmən ümid edərək  yolumuza davam edəcəyik!  Yenə də bir ölüb min diriləcəyik!  Necə deyərlər, düşməndə şər, oğuzda ər tükənməz!.. 
*** ***
 
Yenə də yeri gələndə düşmənin təxribat və hücumlarına həm hərb, həm siyasət, informasiya, tarix, elm, mədəniyyət  və s. cəbhələrində cavabını verəcəyik. Şəhidlərimizin qisasını alacağıq... Və  bunlarla paralel yenə də sülhə çağırışlarımızı da davam etdirəcəyik! Həm də böyük əzm və iradə ilə böyük quruculuq işlərini davam etdirəcək,  Böyük Qayıdışa, işğaldan azad bütün yurdlarımızda daimi məskunlaşmağa  hazırlıq görəcəyik... Daxilimizdə buna əngəl olacaq, haqq-hüquqlarımızı tapdamağa çalıışacaq nəfs qulları – korrupsionerlər, rüşvətxorlara qarşı da mübarizəmizdən geri dönməyəcəyik... 
*** ***
 
Allah bizi darda qoymaz, inşəAllah!..
 
Sultan Laçın

 


Geri qayıt