Əsas Səhifə > Mənəviyyat, Slayd > - Rüstəmxanlının Vəhabzadə haqqında

- Rüstəmxanlının Vəhabzadə haqqında


17-08-2021, 23:28

 Bu gün böyük şairimiz, müəllimim və dostum Bəxtiyar Vahabzadənin doğüm günüdür. Bu günlərdə onun oğlu hədəfdə olduğu kimi 24 il öncə özü hədəfdəydi. Aşağıdakı yazını ona mənəvi dayaq olmaq üçün yazmışdım...
MİLLƏTİN ƏSƏB NÖQTƏSİ
    Yaşadığımız mürəkkəb hadisələr son on ildə ziyalı söhbətini daim diqqətdə saxlayıb. Tarixin bütün dövrlərində olduğu kimi indi də ziyalı millətin əsəb nöqtəsidir. Bütün ağrılar ondan keçir; bütün zərbələri o qəbul edir. Düşmənin də ilk hədəfi odur, özümüzünkülərin də. İşimiz düz getmirsə, vətəni müdafiə edə bilmiriksə, iqtisadiyyatımız pozulursa, çörəyimiz qəhətə çıxırsa, siyasətimizi düzgün qura bilmiriksə – günahkar ziyalıdır. Hakimiyyət davalarının, müxalifət, iqtidar qarşıdurmalarının da sapand daşı odur...
Azərbaycanda insan kimi yaşamaq üçün şərait həmişə mürəkkəb olub. Bu, təkcə həyat səviyyəsi, çeşidli rejimlərin təzyiqləri və bürokratik əngəllərin çoxluğu ilə bağlı deyil. Bu həm də ənənə adına xalqa sırınan bəzi eybəcərliklərlə və cəmiyyətimizdəki hava ilə – maddiyyatçılıqla, mənəvi dəyərlərin itməsi, həqiqətin saya salınmaması, qiymət ölçülərinin qarışıq düşməsi, kütləvi eqoizm psixologiyası ilə bağlıdır. Folklor milli psixologiyanın və milli mənəviyyatın güzgülərindən biridir: «oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı», «tülkü tülkülüyünü sübut edənəcən dərisini boğazından çıxararlar» kimi misalların bizdə yaranması da təsadüfi deyil. Bununla belə, xalq təfəkkürü mübarizədən çəkinməmək üçün ümid yeri də qoyub: «haqq nazilər, üzülməz», «düz əyrini kəsər» və s.
«Balıq bilməsə də, Xalıq bilər» misalını da xalq yaradıb. Yəni, biz yaxşılıqları xırda təşəkkürlər üçün etmirik.
Əsl şairləri Ali İdeallar idarə edir, onlar Böyük həqiqətlərə tapınır və Böyük Ruhun pıçıltılarını yazırlar. Buna görə də təzyiqlərin, iftira və ölümün onlar üçün, əslində, elə ciddi bir əhəmiyyəti yoxdur. Tapındıqları ideallar onlar üçün dostu da, yoldaşı da, sevgilini də, lazım gələndə vətəni də əvəz edir. Öz millətinin dözümsüzlüyündən, Vətəndən qaçan, amma mühacirətdə də Millətim, Xalqım – deyib yanan azmı sənətkar tanıyırıq? Türkiyədən qovulan kommunist Nazim Hikmətin öz dili və Vətəni üçün elədiklərini onu qovan «vətənsevər»lərin etdikləri ilə bir tərəziyə qoymaq olarmı?
Böyük sənətkarlar azdır və heç bir rejimə sığmırlar, ona görə ki, onlar azadlığı öz içlərində tapırlar, həyat və zamana ayrı ölçülərlə yanaşırlar və yaşamağın mənasını Ali İdeala bütöv xidmətdə, haqqa təmənnasız yardımda görürlər. Bu yol onları ölməzliyə aparır, amma bu dünyada çox gün görmürlər, normal insan həyatı yaşaya bilmirlər, yolları əzab və iztirablardan keçir.
Azərbaycan böyüklərinin taleyi dediklərimizin təsdiqidir; bu həqiqəti mən də dərk eləmişəm və bu barədə çox yazmışam. Həmin xətt ilk kitabımın ilk şerindəki
«Dağları dumanda itən –
Vətən… Vətən!»
– bənzətməsindən başlamışdı.
Ucaların qisməti dumandır, şimşəkdir, qardır… Ancaq elə həmin kitabda bu ucalıqların qorunması zərurətinə işarə də var idi:
Qəlbindən tunel aç, dağlar inciməz
Təki zirvəsinə ayaq dəyməsin!...
(1968)
Nəyə görə tarix boyu zirvələrimizi ayağa salmışıq? Böyüklərimizə aramızda yaşamaq imkanı verməmişik?
Altı əsrin dalında
Nəsimi də mühacir…
Dərisi yad ellərdə
Soyuldu dabanından,
«Haqq» kəlməsi cücərdi
Ürəyinin qanından!
Səkkiz əsrin dalında
Xaqani də mühacir,
Göz yaşları fırladır
Yenə çərxi-fələyi,
Salıb qürbət yollara
onu dövrün kələyi...
***
...Yurdumuzdan aralı
dilimiz də mühacir.
Uzaq qəbiristanlarda
ölümüz də mühacir.
...Ağlına arxalanan
söz əsəri – mühacir.
Haqqa bayraqdar olan
Xiyabani – mühacir,
Pişəvəri – mühacir!
(1978)
Nəyə görə millət üçün yananların taleyinə millət bu qədər biga­nədir? Öldürüb üstündə ağlamaq xəstəliyi nə vaxt sağalacaq?
Aman durna, dimdiyini öz başında sınama.
Sən gücünü yurddaşında, qardaşında sınama!
(1982)
Nə bir-birimizi öldürməkdən yorulduq,
Nə bezikdik ölənin dalınca ağlamaqdan!
(1984, Hüseyn Cavid haqqında)
Ey böyük millətim mənim!
Sənin nə qəribə təbiətin var...
Ömrünü yolunda qurban verəni
Bəzən ac saxlamaq xasiyyətin var.
Çəkilən sədlərdən çaşdı yolların
Kimdir sağ əliylə sol əli kəsən?
Başını dünyada ucaldanların
Başını batırdıq özümüz bəzən.
Tarix kitabında neçə göz dağı,
Namərdi yemlədin nahaq yerə sən.
Dünyaya dahilər verən torpağın
Verdin səfasını tülkülərə sən!...
...Yol açdın – yolunla addımladılar,
Kim bağlar ömrünün sapını sənin.
Bir xalqın gözünü açan sənətkar,
Niyə açmadılar qapını sənin?!
(1973, H.Ərəblinski haqqında)
Hərəmiz bir dərədə, eyş-işrət, kef, əyləncə,
Bir babanın mülkünü əlli yerə bölmüşük.
Birimiz döyüləndə arxayın yatdıq gecə,
Bilmədik bir bədəndə hamımız döyülmüşük!
(1985, Cavad Xan haqqında)
Öz köhnə yazılarımdan misal gətirməyimin üzrxahlığı ilə yanaşı, sadəcə olaraq, bu mövzunun məni illər boyu necə davamlı şəkildə rahatsız etdiyini bildirmək istəyirəm. Bu acı tarixləri yaza-yaza, bir növ, özümü də hər cür məhrumiyyətlərə hazırlamışam. Niyə bir-birimizə bu qədər dözümsüzük? Bir-birini bəyənməmək xəstəliyi canımıza hardan yol tapıb? Niyə unutqanıq və bu yırtıcı, məhv etmək, batırmaq, qisasçılıq ehtirasının kökü hardadır?
Görünür, Şərqin ən böyük «qəm şairi»inin və ifaçıları kimi təklənmiş ən qədim mahnılarının Azərbaycanda yaranması da, müəyyən mənada mənəvi mühitimizlə və vətəndaşlarımızın çəkməyə mübtəla olduqları ictimai və insani ağrılarla bağlıdır.
Müstəqillik və azadlıq tufanı sakit görünən cəmiyyətin altını üstünə çevirir. Müharibə unudulmuş görünən ehtiraslara od vurdu. Demokratiya adına hərc-mərclik, cəzasızlıq başlandı. Əsl düşmən yenilməmiş öz içimizdə düşmən axtarışına başladıq… Sosialist rejimində parçalanmağımızın, fəlakətlərimizin səbəbkarı kimi rus müstəmləkəçiliyinə nifrət edərkən (heç olmazsa bu nifrətdə hamımız bir idik) sonra özümüz özümüzü hədəfə çevirdik. Müstəqillik bütövləşməni sürətləndirməkdənsə, milli qürur və səmimiyyəti artmaqdansa fəaliyyətçilik artır, adamlar təklənir, milli bütövlükdənsə «ov ehtiraslarına» köklənmiş yalquzaq birlikləri, dəstə, tərəfkeş, tayfa, qazanc birlikləri yaranır. Dünənin bazar uşağı bazar iqtisadiyyatına hamıdan tez alışır və bu günün seçilən adamına çevrilir; amma ağıl, bünövrə olmadığına görə ağıllıları sevmir, onları qısqanır və onları ya aradan götürmək, ya da ləkələməklə, hörmətdən salmaqla özünə tay etmək, adiləşdirmək istəyir.
Hər şeyi bazarın, pulun həll etdiyi vaxtda ziyalılarımızın, alimlərimizin, sənət xadimlərimizin çətinlikləri təkcə maddi vəziyyətin ağırlığı ilə bağlı deyil, həm də sayılmamaqla, yavaş-yavaş «xeyirdə-şərdə» iştirak edə bilməyən, «artıq» adama çevrilmələri ilə bağlıdır. Qəfil varlanan təbəqə isə yuxarı başa keçirilir, ağılla həll edilməli işləri pulla asanca həll edir.
Ağsaqqala da ehtiyac qalmır. Böyük-kiçik həddi də itir. Cəmiyyətə böyüklük və ağsaqqallıq edən puldur! Deyirlər, dünya bu yolu keçib, biz də keçməliyik. Amma biz həmişə olduğu kimi, hər yeni küyə elə ehtiyacla cumuruq ki, ayaq altda qalanlardan xəbərimiz olmur. Şəhərin ürəyində tarixi binaları qat-qat, blok-blok qamarlayan, İçəri şəhəri bina-bina zəbt edən pullu mədəniyyətsizlər, əlbəttə, «xruşovkaların» beşinci mərtəbəsindəki iki-üç otaqlı köhnə mənzilinə zorla dırmanan akademiklərə, qocaman sənətkarlara, yazıçılara təkəbbürlə baxacaqlar, bu ədalətsizlik üzə çıxmasın deyə onları özlərinə möhtac edəcəklər: birinə sponsorluq, birinə reklam, əl yetməyənin də başını qarışdıracaqlar – yalanlarla, şayiələrlə… Qoy başlarını qaldırmağa, əsl həqiqət haqqında düşünməyə vaxtları qalmasın!...
Belə olmasa, cəmiyyət qarşısında heç bir xidməti olmadan adamların fantastik memarlıq nümunələri olan saraylarının yan-yana düzüldüyü bir şəhərdə ziyalıların həyatı daimi müzakirə mövzusuna çevrilməzdi, deyək ki, şair Bəxtiyar Vahabzadənin «Badamdar mülkü» yalanını ortaya atmazdılar. Bəlkə də Badamdarda Vahabzadə soyadlı birinin mülkü var. Amma o, Bəxtiyar deyil!
Əgər Badamdarda, ya da şəhərin lap mərkəzində Bəxtiyar Vahabzadənin iki-üç mərtəbəli bir mülkü olsaydı bunun nəyi pis olardı və buna niyə xoflanmalıydıq? Hələ Sovet dövründə Nodar Dumbadzedən necə dolandığını soruşduq. «Gürcüstan hökuməti mənim üçün portağal bağının ortasında ev tikib, hər il meyvəsini də satıb mənim hesabıma keçirirlər». Xəstə və yaşa dolmuş Bəxtiyar isə hər gün neçə dəfə yazıçıların köhnə binasının beşinci mərtəbəsinə qalxmalıdır. Nəmli Şəkini həkimlər məsləhət görmür. Abşeronda isə bağı yoxdur. Bəs onda bu nə əskik söhbətlərdi qəzetlərəcən çatır. Bəxtiyar Vahabzadə cavan yaşlarından xalqın sevimlisidir. Stalin rejimindən sonra «şəxsiyyətə pərəst Geri qayıt