Əsas Səhifə > Mənəviyyat > “Səhnə mənim həyatımdır, heç vaxt oranı

“Səhnə mənim həyatımdır, heç vaxt oranı


15-10-2021, 22:39

“Səhnə mənim həyatımdır, heç vaxt oranı tərk etmərəm”

“2 ildən sonra teatr səhnəsinə çıxmaq, o sevinci tamaşaçılarla yaşamaq həqiqətən də sevindirici bir haldır. Bu gün axşam teatrda pandemiyadan sonra ilk tamaşa- “Varislər”-i nümayiş etdirəcəyik. Hamımız, bütün kollektivimiz çox sevincliyik. Amma təəssüf ki, bir neçə sənət yoldaşımız artıq bizimlə deyil, eyni səhnəni bölüşə bilmirik. Ammma onlar hər zaman yaşayacaqlar, çünki aktyorlar ölmür, əəbədiyyətə qovuşur. Artıq qalib ölkənin vətəndaşları kimi teatra qədəm qoyuruq. Bu hiss başqa bir hissdir. Düzdü, şəhidlərimiz, qazilərimiz var, onların sayəsində bu zəfəri qazandıq. Elə istərdim ki, zəfər günümüzə, Qarabağa aid tamaşalar səhnələşdirilsin, filmlər çəkilsin və biz də orada sözümüzü öz sənətimizlə deyək. Bir neçə gün əvvəl isə universitetdə “Narkomaniyaya yox deyək” şüarı altında “Ağ ölüm” tamaşasını oynadıq. Möhtəşəm bir tamaşa oldu. Sanki 2 il yox, 2 gün səhnədən uzaq qalmışdıq, kökdən düşmüş piano kimi deyildik. Səhnəyə çıxanda hiss etdim ki, elə bil ki, daha da cavanlaşmışam, özümü çox yaxşı hiss edirəm. Düşünürdüm ki, 2 ilə yaxın bir müddətdən sonra nə oynayacağam? Rollarım üçün hədsiz çox darıxmışdım. Axı onlar bizim həm də övladlarımızdır. Oktyabr ayının 30-da “Ağ ölüm” tamaşasını həm də Dövlət Kukla Teatrında oynayacağam”
 
Bunu Moderator.az-a bir müddətdir mətbuatdan uzaq düşən Gənc Tamaşaçılar Teatrının aparıcı, sevilən aktrisası, xalq artisti Nübar Novruzova bildirib.
 
Akrisa daha sonra ona ünvanlanan “Nə vaxtsa səhnədən getmək istəmisiniz?” sualına isə belə cavab verib.
 
 
“Xeyr, nə danışırsınız?! Səhnə mənim həyatımdır, heç vaxt oranı tərk etmərəm. Əgər nə vaxtsa hiss etsəm ki, çalışmaq gücüm yoxdur, yaxud da mənə ehtiyac yoxdur, əlbəttə ki, yerimi gənclərə verib teatrdan gedəcəyəm. Təbii ki, elə yaşım olacaq ki, mütləq şəkildə işdən çıxıb evdə oturmağa məcbur olaram. Ona görə də təqaüdü vaxtında alıb, yaşamaq lazımdır. İnanıram ki, prezident təqaüdü mənə vaxtında qismət olacaq. Nə qədər ki, gücüm var, yeni-yeni obrazlar oynamaq istəyirəm. Bəzən o qədər boşluqlar hiss etdim ki, zamanında istəyib də oynaya bilmədiyim o qədər rollar oldu ki. Düzdü, bu yaşın da öz rolları var. Bir də görürsən ki, ağrıyıram, özümü yaxşı hiss etmirəm, amma səhnəyə çıxan kimi hər şey yaddan çıxır. Bu tək bu gün yox, illərlə belədir. Səhnə başqa aləmdir” deyə xalq artisti bildirib.
 
Aktrisa tamaşaçı sevgisindən də danışıb.
 
 
“Mənim televiziyada o illərdə “Duel” və “Unudulan adam” televiziya tamaşalarım çəkilib. Küçədə kimsə mənimlə rastlaşanda o rolların elə xırda detallarını deyirlər ki, mən çaşıb qalıram. Bəzən o detallar mənim yadımdam belə çıxır. Sonra ayrılıb gəlirəm, öz-özümə fikirləşirəm ki, mənim özümdən küsməyə haqqım yoxdur. Tanımadığın insanlar səni küçədə saxlayıb yaxınlaşır, sənə göylər boyda sevgi verir. Özü də ilin-günün bu vaxtında. Gənc yaşlarında bu sözləri eşitmək bir başqadır, indiki yaşda isə bunun tam başqa bir duyğusu var. Siz inanın ki, 1979-cu ildə diplom tamaşası oynamışam, onun haqda mənə küçədə saxlayıb danışırlar. Hətta elə rollarım var ki, artıq unutmuşam ki, bunu mən oynamışam? Məgər bu xoşbəxtlik deyilmi? Bu bütün aktrisalar üçün bir xoşbəxtlikdir. Bu günlərdə bir yerə getmişdim, bir şəxs yaxınlaşıb dedi ki, sizin şəkilinizi kitabımın arasına, stolumun üstünə qoyub saxlayırdım, tamaşalarınıza gəlib baxırdım. Depressiyaya düşdüyün anda bu sözləri eşidirsən və həyata qayıtmaq istəyirsən. Biz sənət insanları küsəyənik, bu xoş sözlər bizi həyata bağlayır, ümidə qovuşdurur.  Aktyorun, aktrisanın yaşı olmur, onlar hər yaşda elə sənətçidirlər. Qəlbləri hər zaman uşaq kimidir” deyə aktrisa bildirib.

Geri qayıt