TÜRKİYƏ ERMƏNİSİNİN şirkəti ilə YUMURTA MÜHARİBƏSİ aparan azərbaycanlı iş adamı danışdı: “...BİLMİRDİK”

Mürvət Həsənli: “Belə bir şəraitdə erməniyə xeyir verməyimiz, onlarla işbirliyində olmağımız mümkün deyil”

Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi, kənd təsərrüfatı üzrə mütəxəssis Mürvət Həsənli bu günlərdə “Yeni Müsavat”ın qonağı olaraq suallarımızı cavablandırdı. Onunla söhbətimiz kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, aqrar sektorun, xüsusilə də quşçuluğun ehtiyaclarından başlayıb türk şirkəti ilə yaranan mübahisəsində bitdi.

Söhbətin ikinci hissəsini diqqətinizə təqdim edirik:

- Bu günlərdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə belə bir təkliflə çıxış etdi ki, kənd təsərrüfatı istehsalçıları vergiyə cəlb olunsunlar. Sizcə, buna ehtiyac varmı? Vergiyə cəlbolunma kənd təsərrüfatı üçün nə demək olar?

- Ziyad Səmədzadə tanınmış iqtisadçıdır. Amma bu gün kənd təsərrüfatının vergiyə cəlb olunması bu sektorda başlanmış olan inkişafı tamamən dayandırar. Əvvəla, ona görə ki, kənd təsərrüfatı istehsalı özü riskli bir sahədir - müxtəlif təbii hadisələr orada məhsuldarlığa böyük təsir göstərir. Ataların bir məsəli var, yağmadı yağış, bitmədi qamış. İkinci bir tərəfdən, dünyanın hər yerində kənd təsərrüfatı sahəsi dövlətlərdən böyük dotasiya alır. İranda hətta valyuta məzənnələrinin kəskin dəyişmələrində belə aqrar istehsalçılara dövlət tərəfindən böyük dotasiya verilir. Türkiyədə dövlətin prioritet seçdiyi sahələr üzrə istehsalçılara 20-30 milyon lirə həcmində qrantlar ayrılır. Götürək, quşçuluğu. Rusiyada dövlət toyuqbaşına 28 qəpik dotasiya ayırır istehsalçılara. Ən böyük aqrar ölkələrdə də dövlət hər zaman kənd təsərrüfatına dəstək verir. Azərbaycanda da dövlətin dəstəyi müxtəlif formalarda göstərilir, biri də kənd təsərrüfatı istehsalçılarının vergilərdən azad olunmasıdır. Strateji yol xəritəsində də vergi güzəştlərinin 2025-ci ilədək davam etdirilməsi nəzərdə tutulur. O zamanadək kənd təsərrüfatı sahəsi yüksək inkişaf əldə edərsə, bəlkə də vergiyə cəlb olunar - yəni gəlirlər imkan versə, niyə də yox...

murvet-1.jpg (1000 KB)

- Son vaxtlar dünyanın nüfuzlu mütəxəssisləri tərəfindən yeni qlobal maliyyə böhranının başlaması təhlükəsi barədə xəbərdarlıqlar səsləndirilir. Xüsusilə də səhm və istiqraz bazarlarında köpüklərin yarandığı, onların tezliklə partlayacağı qeyd olunur. Sizcə, belə bir böhran başlanarsa, Azərbaycana hansı təsirləri ola bilər?

- Mən qlobal maliyyə böhranı barədə təhlükəni real hesab edirəm. Dünyada baş verən maliyyə böhranlarının tarixinə diqqət yetirsək, görərik ki, hər 10-11 ildən bir belə böhranlar yaranır. Axırıncı belə böhran 2008-2009-cu illərdə olub. Bu o deməkdir ki, yeni böhranın, bir növ, vaxtı gəlib çatıb. Digər tərəfdən, səhm və istiqraz bazarlarında da hədsiz böyümə açıq hiss olunur. Bu şəraitdə böhranların baş verməsi gözləniləndir. Azərbaycana təsirlərə gəlincə, 2008-2009-cu illərdəki böhran bizə demək olar ki, təsir göstərmədi - böyük həcmdə neft gəlirlərimiz daxil olurdu. İndi isə həm gəlirlər azalıb, həm də Dövlət Neft Fondunun vəsaitlərinin böyük bir qismi səhm və istiqraz bazarlarına yatırılıb. Böhran başlanarsa, ən azı bu iki sahəyə yatırılan vəsaitləri itirmək təhlükəsi yaranacaq. Eyni zamanda maliyyə böhranı daşınmaz əmlak bazarını da vuracaq ki, Neft Fondunun bu sahəyə də yatırımları var. Biz bu amilləri nəzərə alıb, böhrana hazır olmalıyıq.

- Sizcə, Fondun vəsaitlərini hansı sahələrə yatırmaq daha təhlükəsiz olar?

- Bilirsiniz, bu məsələni bir çox iqtisadçılar da qaldırıb. Düşünürəm ki, bizim Neft Fondunda olan vəsaitlərin bir hissəsi strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icrasına yönəldilməlidir. Burada söhbət kənd təsərrüfatından, yüngül sənayedən gedir. Kənd təsərrüfatının hazırda maliyyə resurslarına çıxış baxımından ciddi ehtiyacları var. Bu ehtiyacların qarşılanması aqrar sektorda böyük inkişaf üçün təkan rolunu oynayacaq. Digər istiqamətlər də var, cənab prezident hansı sahələrin inkişafını prioritet elan edibsə, o sahələrin maliyyələşdirilməsi üçün Neft Fondundan vəsaitlər yönəldilə bilər. Bu həm Fondun vəsaitlərinin böhrandan qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına nail olmaqla ölkədə dayanıqlı iqtisadi inkişafın təmin olunmasına imkan verər.

murvet-2.jpg (1.04 MB)

- Ümumiyyətlə, qeyd etməliyəm ki, Azərbaycanda quşçuluq sahəsində ən böyük nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ilk dönəmində, bir də 2003-cü ildən sonra əldə olunub. Məsələn, 1969-cu ildə Azərbaycanda cəmi 1500 ton quş əti istehsal olunurdu, 1982-ci ildə  bu, 50 min tona yaxın olub. “Siyəzən Broyler”, “Dəvəçi Broyler” və digər quşçuluq fabrikləri o dövrdə yaradılıb. 80-ci illərin sonlarına doğru istehsal düşüb 30-35 min tona. 2003-cü ildən indiyədək isə 140 min tona yüksəlib. Pambıqçılıq, fındıqçılıq və digər istiqamətlərdə də böyük nailiyyətlər əldə olunub. 151 milyon dollar pomidor ixracından, 100 milyon dollardan çox fındıq ixracından gəlir əldə olunub.

- Heyvandarlıq sahəsində çox böyük işlər görülür. Onlarla iri heyvandarlıq təsərrüfatları yaradılır. İldə minlərlə baş cins inəklər gətirilir xaricdən. Tam əminəm ki, yaxın 1-2 ildə Azərbaycan özünü heyvandarlıq məhsulları ilə tam təmin edə biləcək. Quşçuluq sahəsini yuxarıda da qeyd etdim. Biz hazırlaşırıq xaricə damazlıq yumurta ixrac etməyə. Çünki daxili bazarı tam təmin edirik, tələbatdan artıq məhsulumuz yaranır. Bir zamanlar damazlıq yumurtanın idxalçısıydıq, artıq ixracatçısına çevrilirik.

IMG-20180218-WA0001.jpg (147 KB)

- Yeri gəlmişkən, yumurta idxalı ilə bağlı türk şirkəti ilə münaqişəniz yaranmışdı. Hətta məhkəmədə çəkişirdiniz. İndi bu işdə vəziyyət nə yerdədir? Məhkəmə qərar veribmi iş üzrə?

- Bizim həmin şirkətlə uzunmüddətli iş birliyimiz olub. Yəni biz onlardan damazlıq yumurta alırdıq, idxal edirdik. İldə təxminən 30 milyon ədəd yumurta alırdıq onlardan. 2010-cu ildən biz başladıq öz damazlıq təsərrüfatımızı qurmağa. Təsərrüfatımız genişləndikcə, onlardan alışımız azalırdı. 2015-ci ildə Azərbaycan mətbuatında, elə “Yeni Müsavat”da da məlumat getdi ki, o şirkətin ortaqlarından biri ermənidir. Biz bu məlumatı oxuduqdan sonra getdik, onlarla görüşdük. Onlar də təsdiqlədilər ki, bəli, şirkətin 30 faizi ermənilərə məxsusdur. Biz bunu öyrənən kimi onlarla əməkdaşlığı tam dayandırdıq. Ondan sonra başladı iqtisadi mübahisələrimiz. Mən onlardan pul istəyirdim, 1 yumurtaya görə 2-6-8 sent onlar mənə verməli idilər. Onlar da məsələ qaldırdılar ki, bağlanmış müqaviləyə əsasən 2015-ci ildə onlardan almalı olduğumuz 36 milyon yumurtanın pulunu ödəyək. Beləliklə, biz məhkəmədə iddia qaldırdıq. 1 saylı İqtisad Məhkəməsinə müraciət etmişik. Hesab edirik ki, müqavilədə nəzərdə tutulan fors-major halı yaranıb. Çünki biz onların şirkətində ermənilərin payı olduğunu bilmirdik. Bilsəydik, onlarla əməkdaşlıq etməzdik. Bilirsiniz, mən özüm Qərbi Azərbaycanda doğulmuşam. Ermənilərin sifətini görmüşük, xislətinə bələdik. Azərbaycan xalqına qarşı törədilən vəhşilikləri bütün dünya bilir. Belə bir şəraitdə erməniyə xeyir verməyimiz, onlarla işbirliyində olmağımız mümkün deyil. Ona görə də biz o şirkətlə əlaqələrimizi tamamən dayandırmışıq. Biz məhkəməyə müraciət edəndən sonra onların vəkili çıxdı ortaya. Gəlib mənimlə görüşdü. Dedi ki, Sorosun tələbəsidir, ona bir neçə dəfə təklif olunub ki, Azərbaycanda prezident olsun, qəbul etməyib və sair. Son sözü də bu oldu ki, 200 min dollar verim ona, bu işə qarışmasın. Mən də soruşdum ki, qarışsa nə olacaq ki? Qayıtdı ki, bəs 300 minlik Facebook səhifəsi var, orada yazıb məni biabır edəcək-filan. Dövlət orqanları mənim haqqımda tədbir görəcək. Mən də təbii ki, razılaşmadım, münaqişə böyüdü. Hazırda da proses gedir.

- Məhkəmə qərarı nə zaman olacaq?

- Onlar müxtəlif bəhanələrlə işi uzadırlar. Bizim müəssisəmiz Nizami rayonunda yerləşdiyinə görə aidiyyəti üzrə 1 saylı İqtisad Məhkəməsində iddia qaldırmışıq. Bunlar isə deyirlər ki, sonuncu dəfə Ömür Oral “Four Seasons” otelində qaldığı üçün işə Səbayel rayon məhkəməsində baxılmalıdır. Məhkəmə onların bu iddiasını qəbul etmədi. Onda onlar həmin qərardan şikayət verdilər, oradakı qərardan apellyasiya verdilər. İş beləliklə uzandı. Məhkəmə aprel ayında davam edəcək.

4.jpg (886 KB)

- Müqavilədə necə nəzərdə tutulur: qarşılıqlı mübahisələr hansı ölkənin məhkəməsində həll olunmalıdır?

- Müqavilədə mübahisələrin Azərbaycan məhkəmələrində həll olunması nəzərdə tutulur. Biz problemi məhkəmə yolu ilə həll etməyə çalışırıq, onlar başqa müstəviyə çəkməyə çalışırlar. Buna görə də mən həmin vəkili - Aslan İsmayılovu 148-ci maddə ilə məhkəməyə verdim. Səbayel rayon məhkəməsində işə baxdılar. Qərar çıxarılıb ki, Aslan İsmayılov sizin qəzetiniz vasitəsilə təkzib versin, məndən üzr istəsin və təzminat ödəsin.

- Belə deyirlər ki, sizin türk şirkəti ilə əməkdaşlığı dayandırmağınıza səbəb öz müəssisənizin maraqları olub. Yəni onlardan yumurta alıb gətirməmisiniz ki, öz istehsal etdiyinizi alsınlar, erməni ortaqlığı məsələsi, sadəcə, bəhanədir.

murvet-4.jpg (940 KB)

- Onların ermənilərlə ortaqlığı üzə çıxıb 2015-ci ilin iyununda. Onda biz damazlıq yumurtaya olan daxili tələbatın 70 faizini qarşılaya bilirdik. Yəni 30 faiz onsuz da xaricdən alınmalıydı. Yəni bu, əsas səbəb deyil. Onsuz da biz ildən-ilə xaricdən idxalı azaldırdıq. Onlar da görürdülər ki, getdikcə daha az yumurta alırdıq. Bilirsiniz, biz əsasən damazlıq yumurtanı alırdıq İrandan və Türkiyədən. İldə buna 50-60 milyon dollar sərf olunurdu. Onlar da çalışırdılar Azərbaycan bazarını itirməsinlər. Hətta bunun üçün yumurtanı daxildəki qiymətdən bizə daha ucuz satırdılar. Ona görə də dövlət bunun qarşısını almaq üçün bizə dəstək verdi: əlavə gömrük rüsumu-filan tətbiq olundu, güzəştli kreditlər ayrıldı. Nəticədə damazlıq yumurta təsərrüfatları yüksək inkişafa nail oldu. 2010-cu ildə fəaliyyətə  başladıq, 2015-ci ildə artıq 22 milyon ədəd yumurta istehsal edirdik. Biz həm yüzlərlə insanı işlə təmin edirik, həm də on milyonlarla dollar vəsaitin ölkədən çıxmasının qarşısını alırıq. Ümumiyyətlə, Azərbaycanda ərzaq təminatının daxili istehsal hesabına təmin olunması üçün potensial var. Əsas şərtlər də var, qalır xırda bir maliyyə təkanı. Onu da, inşallah, dövlət verəcək.






Fikirlər