Əsas Səhifə > Müsahibə > Sabir Rüstəmxanlı: “Adamlar bir-birlərinə qarşı biganələşib”
Sabir Rüstəmxanlı: “Adamlar bir-birlərinə qarşı biganələşib”28-12-2017, 10:49 |
Modern.az saytı Xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir. - Sabir müəllim, ədəbiyyata gəlməklə nə qazandınız? Azərbaycan ədəbiyyatına hansı töhfəniz oldu? - Gərək bunları danışmaq üçün bir kitab yazam. Əslində, belə bir kitabı yazmalıyam. Çünki düşdüyüm ədəbi mühit 1960-cı ilin sonları idi. Bu illər Azərbaycanda gedən ictimai-siyasi proseslərin güzgüsü idi. Hər şey "Ədəbiyyat və incəsənət" (indiki “Ədəbiyyat qəzeti”) qəzetinin səhifələrində öz əksini tapırdı. Dördüncü kursda oxuyarkən "Ədəbiyyat və incəsənət" qəzetində bir məqalə çap etdirdim. Həmin vaxt universitetin əyani şöbəsindən qiyabiyə keçib rayonumuza getmək istəyirdim. Çünki vəziyyətimiz çox ağır idi və kənddən də təkid edirdilər. Təsadüfən bir dostumun təklifi ilə "Ədəbiyyat və incəsənət" qəzetində işə düzəlməklə bağlı təklif aldım. Bunu qəbul edib, redaksiyaya getdim. Çox sağolsun, baş redaktor Hüseyn Abbaszadə məni işə götürdü. Redaksiyada bu işi bacarıb-bacarmadığımı yoxladılar. Bir gün sonra məni işə dəfət etdilər. Beləliklə, bir müəllim kimi kəndə getmək fikirimi dəyişdim və başladım Yazıçılar İttifaqının (indiki AYB) orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində çalışmağa. Bayaq "Ədəbiyyat və incəsənət" qəzetinin Azərbaycanın ictimai-siyasi həyatında bir model olduğunu qeyd elədim. Çünki o dövr "Ədəbiyyat və incəsənət" qəzetində cəmiyyətdə olan neqativ hadisələr işıqlandırılırdı. Bu qəzet bir növ müxalif qəzet rolunu oynayırdı. Bununla yanaşı, qəzetdə olduqca dəyərli insanlar çalışırdı. - Bayaq qeyd etdiniz ki, ötən əsrin 60-cı illərindən ədəbiyyata gəlmisiniz. İndi biz XXI əsrdəyik. XX əsri arxada qoyduq. Azərbaycan ədəbiyyatının ən yüksək dövründən biri də XX əsr hesab edilir. Bu əsrdə alimlər, şairlər bir sözlə, böyük ədəbiyyatçılar yetişdi. Bu günün şedevr əsərləri həmin əsrdə yazıldı. Həmin əsri necə şərh edərdiniz? Sovet hakimiyyətinin olmasına baxmayaraq, XX əsrdə böyük qələm sahibləri yetişdi. - XX əsr Azərbaycan tarixində ən ciddi rol oynamış və Azərbaycan durduqca, xatırlanası bir yüzillik oldu. Bu yüzillik bizə müstəqillik gətirdi. 1918-ci ildə Rusiyanın tərkibindən ayrılaraq Şərqdə ilk demokratik müstəqil dövlət qurduq. Həmçinin, Cənubi Azərbaycanda da milli hökumət quruldu. Aprel çevrilişində tarixi müstəqilliyini itirən ölkəmiz yenidən 1991-ci ildə müstəqilliyə qovuşdu. Buna sevinirəm ki, Müstəqillik Aktına imza atanlardan biri də mən oldum. Xalqın müstəqillik tarixinə baxsaq, bu əsrdə qeyd etdiyimiz faktlar bir çox şeyləri aydın göstərir. XX yüzilin bu cür əlamətdar hadisələri ilə yanaşı, mənfi tərəfləri də mövcuddur. Bu dövrdə represiyalar, qırğınlar olub. Millətin qabaqcıl ziyalıları məhv edilib. Həmişə deyirəm: “Biz 90-cı illərdə yenidən müstəqillik qazandıqsa, bu, millətin böyüklüyünün göstəricisidir”. 1905-1907-ci illərdə olan qırğınlar xalqa ağır zərbələr vurdu. Xüsusi ilə də İrəvanda olan hadisələr. 1918-1920-ci illərin soyqırımı Bakıya və ətraf rayonlara böyük bəlalar gətirdi. Xüsusi ilə 1937-ci ildəki faciədə xalq böyük itkilər verdi. 1948-1954-cü illərin köçü isə ardıcıl vurulan zərbələrin davamı idi. Nəhayət, 1988-ci ildə baş verən hadisələr hər kəsə məlumdur. Rus ordusunun Azərbaycana yeridilməsi, şəhidlər verməyimiz, torpaqlarımızı itirməyimiz böyük bəlalar idi. Həmçinin, millətin bir hissəsi Mərkəzi Asiyaya köçürüldü. Onlar bu gün də vətənlərinə qayıda bilmirlər. Bu cür dəhşətli facilər yaşadıq. Amma, bu millət yaşam gücünü, dövlətçilik ənənələrini və onu qorumaq gücünü göstərdi. Məncə bunlardan bir nəticə çıxarmaq lazım.
- Bu suala cavab vermək həqiqətən çətindir. Məsələn, küçədə, bazarda məni tanıyan insanlarla rastlaşanda “gözəl insan necəsiz?”, “nə var nə yox?” kimi sözlərlə salamlayırlar. Qəribə gəlir ki, bu insanlara “gözəl” sözünü kim diqtə edib. Görünür heç kim deməyib və öz-özünə formalaşıb. Belə sözlər bəzən məni incidir. “Ömür kitabım” 1988-ci illərdə gənclərin əlində bayraq kimi gəzirdi. Hətta qızlara cehiz kimi verirdilər. Bu kitabım fantasdik bir rəqəmlə, 250 min tirajla çap olundu. İnanın ki, elə bir ev yox idi ki, o kitab orada olmasın. Düşünürəm ki, bu mənim işim deyildi. Bu taleyin işi idi. Kitabın oxuna biləcəyini düşünmədən ürəyimi boşaltmışdım. İllər ərzində bu kitaba ancaq torpağımla, vətənimlə, taleyimizlə bağlı düşüncələri yazmağa çalışmışam. Bir aralar bu düşüncələr auditoriyalarda sakit qarşılanırdı. Ancaq bir sevgi şeirini daha yaxşı qarşılıyırdılar. Birdən-birə 70-ci ildə bir intibah başlandı. Artıq bu şeirlər auditoriyanı ayağa qaldırırdı. Həmin şeirləri rayonlarda, universitetlərdə, zavodlarda və başqa yerlərdə səsləndirəndə divarlar titrəyirdi. O vaxtlar ədəbiyyatın çərçivəsini genişləndirməyə çalışırdıq. Bəlkəm də, həmin mövzular publisistikanın mövzuları idi. Mən isə daha çox şeirlə narazılığımı bildirirdim. Həqiqətən vətən və Azərbaycanın taleyi ilə bağlı şeirləri daxildən gələn hislərin təsiri ilə yazmışam. Bunlarla şöhrət qazanmağı düşünməmişəm. Bəxtiyar Vahabzadə müəllimim olub. Onunla sonra çox yaxşı dost olduq. Xəlil Rza ilə də yaxşı dostluq əlaqələrim var idi. Burada Məmməd Arazın adını da qeyd edə bilərəm. Zaman keçəndən sonra hiss elədim ki, yollar gəlib birləşib. Şeirlərimi dəb xatirinə yox, daxili tələbatın zərurəti ilə yazmışam. “Ömür kitabı”nda vətən tarixi ilə yanaşı, öz ömrümü də yazmışam. Çünki ömrüm vətən ömründən ayrı deyil. Təəssüf ki, həmin dövrdə oxunan şeirlər indi oxunmur və dəbdən düşüb. - O dövrlə indiki dövrü müqayisə etdikdə, niyə “həmin əsərlər oxunmur və ya dəbdən düşüb” deyirsiniz? - Görünür xalq Qarabağ məğlubiyyətini qəbul edə bilmədi. Məğlubiyyət bir çox dəyəri müvəqqəti olsa da, əlimizdən aldı. Bizə düşmən olan qüvvələr bundan ustalıqla istifadə edirlər. Bu gün tanıdığım millət ayrı bir millətə çevrilir. Bununla bağlı “Bu mənim xalqım deyil” adlı şeirim var. Sanki xalq bir pisxoloji duruma gəlib. - İndi isə tarixi romanlardan söhbət açmaq istəyirəm. “Tarixi roman” ənənəsi ötən əsrdən başlayıb. Bu ənənənin elə bir qədim tarixi yoxdur. Bu ənənə ötən əsrdə formalaşıb. Hal-hazırda tarixi roman yazan simalardan birisiz. Bu nə ilə əlaqədardır? - Tarix bir güzgüdür. Millət bu güzgüyə baxmalıdır ki, özünü daha aydın görsün. XIX əsrdə Rus-İran müharibəsində ruslar qələbə çaldılar. Beləliklə, ruslar xalqımızı daha da gəncləşdirmək üçün bir sıra addımlara əl atdılar. Əlifbamızı dəyişdirərək, bizi balaca bir xalq kimi təqdim etməyə başladılar. Türk xalqının hərəsinə bir əlifba verərək, onları bir-birindən və tarixdən qoparmaq istəyirdilər. Bu rusların türk düşmənçiliyinin son həmlələri idi. Bunları daha çox Azərbaycan tarixi kitablarında görürük. Həmin kitablarda guya, türklər bu torpaqlara XI-XII əsrdə köçüb gəliblər, ruslar türkləri Avropa ilə tanış edib və s. kimi türklərin əleyihə yazılar yazılırdı. Hətta “Dədə-Qorqud” dastanı belə yasaq idi. “Dədə-Qorqud” dastanını 60-cı illərdə çap elədilər. Əvvəllər mümkün deyildi. Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsəri də uzun müddət çap olunmadı. Xalqı tarixdən qopardaraq, kökündən çıxarmaq və ya ağac kimi qurutmaq istəyirdilər. Buna görə də tarixə qayıdış bir zərurət idi. 1988-ci illərin meydan hərəkatında bir universitet var idi. Meydan hərəkatına rəhbərlik edənlərdən biri də mən idim. Meydanda xalqın tarixindən tez-tez danışırdıq. Bu meydana çoxlu axın vardı. Bunların təsiri ilə bir ehtiyac yarandı və tarixi romanlar meydana gəldi. - Tarixi romanlarınızdan olan “Difai fədailəri” haqqında söhbət açardınız. Bu romanla oxucuya bildiklərinizi tam çatdıra bildinizmi? - Sabir müəllim, bu gün gənclərdən kimləri oxuyursunuz? - Buna cavab verməkdə çətinlik çəkirəm. Keçən əsrin ilk 17 ili ilə, indiki əsrin ilk 17 ilini müqayisəyə gətirmək olmur. İndi həmin dövrdəki insanlar yoxdur. Bəlkə zaman və şərait eyni deyil. Əlbəttə, cavanları oxuyuram. Rasim Qaraca, Pərviz Cəbrayılzadən üzü bəri cavanları oxuyuram. Bunların yaşı indi 50-ni keçər. Şərif Ağayar, Qan Turalı, Seymur Baycan, Səhər, Nərmin Kamal, Aysel Əlizadə, Şahinə Müşfiq, Pərvin, Faiq Balabəyli, Aqşin, Emin Piri, Kəramət Böyükçül, Sərvər Kamranlı kimi gəncləri oxuyuram. - Günün neçə saatını mütaliəyə ayrırsınız? Əvvəlki mütaliə ilə indiki mütaliə arasında hansı fərqi hiss edirsiniz? - Əlbəttə, əvvəl çox yazıb, çox oxuyurdum. İndi texniki işlər çox vaxtımı aparır. Köhnə qovluqlarımda yazılarım var və bunları sistemə salmaq lazımdır. Vaxtımın bir hissəsini buna sərf edirəm. Hər halda oxumaq davam edir. Kitabxanam böyükdür. Hərdən kitablara baxıb təəssüflənirəm ki, bunları oxumağa vaxtım yoxdur. Yenə imkan tapıb oxuyuram. Elə bir gün yoxdur oxumayam. Gecələr şeir yaza bilməyəndə, kitab oxuyuram. Həmçinin jurnalları da oxuyuram. Oxumadan yaşamaq mümkün deyil. Bu artıq bir vərdişdir. Bir neçə kitabı yanaşı oxuyuram. - Son dövr ədəbiyyatında xüsusi ilə də müstəqillik illərindən üzü bəri tarixi qoşmalardan, bayatılardan, müxəmməslərdən, gərayılılardan ayrı düşümüşük. Bu gün qəzet və jurnallarda həddindən artıq sərbəst şeirlər çap olunur. Nənələrimizin, babalarımızın, ata və analarımızın dillərində qoşma, gəraylı, bayatı kimi ənənəvi şeir növlərini tez-tez eşidirik. Bunun səbəbi nədir? - Mən bu cür sərhəd çəkə bilmərəm. Mənim üçün janr məhdudiyyətləri yoxdur. Əsas istedaddır. Yazılan şeirə baxan kimi poetik istedad olduğu görünəcək. Sərbəst şeirlər əzbərlənməsə də, ədəbiyyatda yaşayır. Bütün ədəbiyyat əzbərləmək üçün deyil. Buna görə də məhdudiyyət qoymuram. Son dövlərdə qoşma, gəraylı adına zəif şeirlər də yazılır. Əsl istedaddan törəyən şeir uzaqda olsa belə, parıldayır və görünür. - Regionlarda yaşayan şair dostlarınız var? Onlarla əlaqə saxlayırsız? Bu şairlərdən kimlərin adlarını sadalaya bilərsiz? - İsmayıllıdan şair Musa Yaqub, Şirvandan Tofiq Hüseyn (tələbə dostumdur), Gəncədən İradə Aysel, Dəvəçidən Aybəniz, Cəlilabadan Böyükxan Bağırov (bu yaxınlarda rəhmətə gedib), Yardımlıdan Aslan, Qazaxdan Barat Vüsal, Qubadan Ramiz Qusarçaylı kimi bir çox şair dostlarım var. Düzü əvvəlki kimi əlaqə saxlaya bilmirəm. Əlaqələr sanki məhdudlaşıb. Bölgələrdə istedadlı adamlar var. - Bəs Tovuzlu qələm dostlarınızdan kimləri xatırlayırsız? - Tovuz rayonundan çoxlu dostlarım var. Ümumiyyətlə, Tovuz mənim keçdiyim yollarda çox dərin izi olan bir bölgədir. Əkbər Qoşalı, Məmməd İsmayıl kimi dostlarım var. Tovuzlu şair dostum Məmməd İsmayılla kirayə həyatı yaşamışıq. Həmçinin Tovuzlu şair İsa Cavadoğlunun şeirlərini oxumuşam. Tovuz aşıqlarından Məstan Günər, Mikayıl Azaflı, Aşıq Əkbər, Aşıq İmran ilə dost idik. Onlar Bakıya gələndə bizim evdə qalırdılar. Tovuz bərəkətli diyardır. Həmişə burada söz insanları olub. - Sonda oxuculara, xüsusi ilə də gənc oxuculara nə sözünüz var? - Məni incidən məsələlərdən biri də cəmiyyətdə sevginin azalmasıdır. Adamlar bir-birlərinə qarşı biganələşib. Millət, xalq o zaman xoşbəxt olur ki, hər bir fərdi özünü sevgi mühitində hiss eləsin. Bu sevgi azalıb. Bunu yenidən cəmiyyətə qaytarmaq lazımdır. Milli əxlaqı qorumağa çalışmalıyıq. Gənclər bunlara ciddi fikir versinlər. Azərbaycanda hər bir evin qapısını ərklə, öz qapım kimi döyə bilərəm. Mənim evim bütün Azərbaycandı. Sonda deyim ki, bu millətin düşmən üzərində ciddi bir qələbəyə ehtiyacı var ki, millətin qəddi düzəlsin. AzerTaym.az Geri qayıt |