Sülh Naminə Platforma: Azərbaycanla Ermənistan böyük barışa hazırlanır?

 Sülh Naminə Platforma: Azərbaycanla Ermənistan böyük barışa hazırlanır?

XİN prosesi alqışladı, siyasi ekspertlər də gəlişməni müsbət qiymətləndirir, ancaq... 

 

Ermənistanla Azərbaycan arasında Sülh Naminə Platforma yaradılıb. Bununla bağlı Azərbaycan və Ermənistanın prezidentlərinə, xalqlarına müraciət qəbul edilib. Müraciət müəllifləri bildirir ki, 25 ildən çoxdur davam edən, on minlərlə vətəndaşın ölümünə, yüz minlərlə insanın isə qaçqın, məcburi köçkün düşməsinə səbəb olmuş Qarabağ münaqişəsinin həll yollarını və əsas problemləri ürək ağrısı ilə müzakirə etmək üçün hər iki xalqın nümayəndələri olaraq bir araya gəliblər və müraciət etməyi isə öz vətəndaşlıq borcları sayırlar.
“SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək müstəqil dövlətə çevrildilər. Lakin çox təəssüf ki, Cənubi Qafqaz regionunda beynəlxalq hüquqa və ATƏT-in Helsinki Yekun Aktına uyğun sivil, dövlətlərarası münasibətlər bərqərar olmadı. İki ölkə arasında qanlı müharibənin nəticələri bölgədə sülh və sabitliyin yaranmasına hələ də mane olur. Müharibə alovunun bütün dəhşətlərini, yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq, onillər ərzində hər iki ölkəyə vurduğu böyük maddi-mənəvi zərəri yalnız statistik göstəricilərlə ifadə etmək mümkün deyil...    
Bu münaqişəni ermənilər və azərbaycanlılardan başqa kiminsə həll etməyə qadir olduğunu düşünmək sadəlövhlük olardı" - müraciətdə deyilir.
Müraciət müəllifləri hər iki ölkənin rəhbərliyini və xalqını keçmişin girovuna çevrilməməyə, gələcəyə baxmağa və müharibənin faciəvi nəticələrindən dərs çıxarmağa, münaqişənin tezliklə sülh yolu ilə həlli üçün substantiv və nəticəyə yönəlmiş danışıqları sürətləndirməyə çağırıblar. Kifayət qədər geniş fikirlərin, təklif və çağırışların yer aldığı müraciətin sonunda deyilir ki, vətəndaş cəmiyyətləri arasında dialoqu davam etdirmək üçün bu platformadan istifadə edilməsi münaqişənin həllinə töhfə verəcək. 
Sülh Naminə Platforma adından müraciəti Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi, yazıçı-publisist), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb.
Bəs Sülh Naminə Platforma Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edə biləcəkmi? Bu prosesi illər öncə başladılan, lakin nəticəsiz bitən xalq diplomatiyasının davamı saymaq olarmı? Bəziləri bu hadisəni iki ölkə arasında sülh sazişinə ictimaiyyəti hazırlamaq prosesinin tərkib hissəsi hesab edir. Belədirmi?
Image result for Hikmət Hacıyev
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, XİN Sülh Naminə Platformanın yaradılmasını alqışlayır: “Ümumiyyətlə, sülhə çağıran, Qarabağ probleminin sülh yolu ilə həllinə xidmət edən prosesi müsbət qiymətləndiririk. Hesab edirik ki, Azərbaycan və Ermənistan ziyalılarının, vətəndaş cəmiyyəti nümayəndələrinin bu cür təşəbbüsləri nəticə etibarilə regionda sülhün bərqərar olmasına, münaqişənin danışıqlar yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə töhfə verə bilər”.
 
Image result for Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu, rəsmi Bakının yeni strategiyası - xalq diplomatiyasını genişləndirmək strategiyası sayıla bilər: “Bakı Qarabağ münaqişəsinin həlli məqsədilə ordunu gücləndirmək, yeni silahlar almaq və Rusiya-Türkiyə yaxınlaşmasından faydalanmaqla yanaşı, xalq diplomatiyasına da üstünlük verməyə başlayıb. Ermənistan hakimiyyətinin qatı tənqidçilərinin noyabrın əvvəllərində Bakıda konfransa dəvət edilmələri də bu siyasətlə bağlıdır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin münaqişənin həlli ilə bağlı 30 səhifəlik yazısında bu yanaşmaya geniş yer verildi. Ermənistanla Azərbaycan arasında Sülh Naminə Platformanın yaradılması ilə bağlı birgə bəyanatı imzalamış şəxslər elə Bakıdakı konfransda iştirak edənlərdir. Bəyanatda əsas fikir bundan ibarətdir ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüklərini tanımaqla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini sürətləndirməlidirlər. Ayrıca, sənəddə işğal altındakı torpaqların boşaldılması, qaçqınların geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi hüququ vurğulanır. ”Sülh platforması" hər iki ölkədən ictimai fəalların qoşulması üçün acıqdır. Beləliklə, bu platformanın yaradılması Azərbaycanın uğuru sayıla bilər. Çünki platforma və orada qeyd olunan bəndlər Ermənistan cəmiyyətində Azərbaycanın ərazi bütövlüyünü qəbul edən insanların varlığını göstərir. Önəmli olan Ermənistanda Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul edən insanların sayının artmasına nail olmaqdır ki, onlar bu ətrafda fikir mübadiləsini genişləndirməklə öz cəmiyyətlərinə təsir edə bilsinlər. Bu bir beyin oyunudur və bu oyunda da işğalçıdan irəlidə olmağı bacarmalıyıq".
Image result for Politoloq Qabil Hüseynli
Politoloq Qabil Hüseynli isə bildirdi ki, Sülh Naminə Platforma xalq diplomatiyasının daha təkmil və dinamik davamıdır: “Xalq diplomatiyası vacibdir. Azərbaycan hakimiyyəti Sülh Naminə Platformaya müsbət yanaşır, dəstək verir. Lakin Ermənistan iqtidarı və cəmiyyəti haqda bunu söyləmək mümkün deyil. Ermənistan hakimiyyəti Sülh Naminə Platformada olan ermənilərə düşmən kimi yanaşır. Sülh Naminə Platformanın Qarabağ məsələsinin sülhlə həllinə arzuolunan səviyyədə töhfə verməsi o halda mümkün olar ki, tərəflərdən biri yox, hər ikisi bu ideyaya, bu prosesə müsbət yanaşsın, dəstək versin. Təəssüf ki, bu gün Ermənistan rəhbərliyi sülh yox, pozuculuq, işğalçılıq mövqeyindədir. Sülhün əldə olunmasına bu amil ciddi mane olur. Millətçilik azarına tutulmuş Ermənistan iqtidarını və cəmiyyətini sülhə hazırlamaq prosesi çətin işdir. Sülh Naminə Platforma bu çətin işin öhdəsindən gələ biləcəkmi, bunu zaman göstərəcək. Amma hər bir halda Azərbaycan dövləti sülhün, xalqlar arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu bu platformaya müsbət münasibətilə bir daha nümayiş etdirdi. Artıq dünyada hər kəsə aydın olmaqdadır ki, Ermənistan ədalətli sülhün tərəfdarı deyil. Xalq diplomatiyası həm də ona görə meydana gəlib ki, danışıqlar prosesi Ermənistanın pozuculuq mövqeyi üzündən dalana dirənib, ortada olan vasitəçilər isə sanki meydandan çəkilib”.

 






Fikirlər