Fazil Mustafa: “1992-ci il 14 mayda Ayaz Mütəllibovun hakimiyyətə qayıtması dövlət ÇEVRİLİŞİ İDİ”

Əbülfəz Elçibəyin keçmiş müşavirindən 1992-ci ilin may hadisələri haqda açıqlamalar; Fazil Mustafa: “AXC-nin martın 6-da hakimiyyəti götürmək imkanı var idi; 15 may hadisəsini dövlət çevrilişi kimi qiymətləndirmək düzgün deyil”


1992-ci il 14-15 may hadisələrindən 25 il keçdi. Xatırladaq ki, 1992-ci ilin mart ayında o zamankı Azərbaycan prezidenti Ayaz Mütəllibov Xocalı soyqırımı ilə əlaqədar davamlı tələblər qarşısında hakimiyyətdən istefa vermişdi. Prezident səlahiyyətlərini Ali Sovetin sədri Yaqub Məmmədov icra edirdi və ölkədə prezident seçkisi elan olunmuşdu. May ayının 14-də isə Ayaz Mütəllibov qəfil geri qayıdaraq Ali Sovetin tribunasından hakimiyyətə döndüyünü elan etmişdi.

Nəticədə gərgin vəziyyət yaranmış, Azərbaycan Xalq Cəbhəsinin öncüllüyü ilə xalq kütlələri meydanlara axışaraq ölkə konstitusiyasının Ayaz Mütəllibov tərəfindən pozulduğu elan edilmiş və Ali Sovetin qarşısında nəhəng mitinq keçirilmişdi. Xalqın ayağa qalxması mayın 15-də Ayaz Mütəllibovun yenidən hakimiyyətdən getməsi və Moskvaya qaçması ilə nəticələnmişdi.

O dövrdən indiyədək 15 may hadisələrinə münasibət birmənalı olmayıb. Məlum hadisələr ya xalq inqilabı, ya postsovet məkanında ilk məxməri inqilab, ya konstitusiyanın müdafiəsi hərəkatı, ya da dövlət çevrilişi kimi qiymətləndirilib. Xüsusilə də Ayaz Mütəllibov 25 ildir təkid edir ki, 15 mayda AXC tankla, silahla meydana çıxaraq dövlət çevrilişi edib.

AXC sədri Əbülfəz Elçibəyin müşaviri və AXC icraiyyə komitəsinin üzvü olmuş deputat Fazil Mustafa isə 15 may hadisəsini dövlət çevrilişi adlandırmağın heç bir hüquqi əsasa söykənmədiyini bildirir. “Yeni Müsavat”a açıqlamasında Fazil Mustafa qeyd etdi ki, siyasi platformada durub həmin hadisələrə qiymət verəndə təbii ki, məsələyə öz maraq nöqteyi-nəzərindən baxacaqsan və hakimiyyətin itirilməsini dövlət çevrilişi nəticəsində həyata keçirilən akt olaraq görəcəksən: “Ayaz Mütəllibov məsələyə məhz belə yanaşır. Artıq üzərindən 25 il keçib. Məsələyə hadisələrin canlı iştirakçısı və tarixçi məntiqi ilə yanaşılsa, hüquqi əsaslandırma ilə baxılsa görünəcək ki, 15 may 1992-ci ildə hər hansı bir şəkildə dövlət çevrilişi baş verməyib. Dövlət çevrilişi baş versəydi, hər hansı bir şəkildə qeyri-konstitusion bir qurum yarana bilərdi, həmin qurum bir müddət ölkəni idarə etdikdən sonra seçkilər təyin edə bilərdi. Amma faktiki olaraq artıq 1992-ci il martın sonlarında Azərbaycanda prezident seçkiləri 7 iyuna təyin edilmişdi və ölkə seçki prosesinin içindəydi, konkret namizədlər irəli sürülmüşdü. Namizədlər irəli sürüldüyü bir zamanda, seçkilərə hazırlıq getdiyi bir vaxtda mayın 14-də Ayaz Mütəllibov və ona yaxın qüvvələrin hakimiyyəti ələ keçirməsi birbaşa dövlət çevrilişi kimi qiymətləndirilməlidir. Çünki Ayaz Mütəllibov rəsmən martın 6-da prezidentlikdən istefa vermişdi və bu məsələ hüquqi prosedur əsasında həyata keçirilmişdi. Ona görə də 14 mayda Ayaz Mütəllibovun hakimiyyətə qayıtması konstitusiyanın pozulması-dövlət çevrilişi idi. Xalq Cəbhəsinin sənədlərini mən şəxsən yazdığım üçün dəqiq bilirəm ki, Əbülfəz Elçibəyin tapşırığı ilə 15 may hadisəsi ilə bağlı sənəd hazırladım. Həmin sənəddə 15 may hadisəsi konstitusiyanı müdafiə etmək üçün başlanan bir hərəkat olaraq xarakterizə edilirdi. 15 mayda dövlət çevrilişi olduğu barədə iddia hüquqi cəhətdən əsaslandırıla bilməz. 14 mayda dövlət çevrilişi olmuşdu və buna qarşı xalq kütlələri hərəkətə gəldi. Xalq Cəbhəsi də bir təşkilat olaraq bu hərəkatda iştirak edirdi. Düzdür, bu prosesdə müəyyən silahlı birləşmələrin də rolu var idi, amma onlar atəş açmaq, kimisə öldürmək düşüncəsində deyildi. Silahlı qüvvələrdən xalqa qarşı istifadə edilməsinin qarşısını almaq üçün o vaxt məlum görüntü məqsədəuyğun sayılmışdı”.

F.Mustafa xatırlatdı ki, AXC o vaxt konstitusiyanın müdafiəsini tam qanuni olaraq öz üzərinə götürmüşdü və bu missiyanı da dinc şəkildə həyata keçirdi: “Hətta xatırlayıram ki, AXC-nin balkonundan AXC-nin nədən hərəkata başladığını əsaslandıran sənədi şəxsən özüm oxumuşdum. Başlanan hərəkatın əsaslandırılmasına ehtiyac var idi. Biz onu oxuduqdan sonra Ali Sovetə doğru hərəkat başladı və AXC hüquqi çərçivədən qətiyyən kənara çıxmadı. 15 maydan sonra hamımız 7 iyun prezident seçkilərinin nəticələrini gözlədik. Seçkidə Əbülfəz Elçibəy prezident seçiləndən sonra digər qanuni hüquqi prosedurlar başladı. Buna qədər müəyyən azsaylı təyinatlar həyata keçirilmişdi. Bu da onun üçün idi ki, boşluq yaranmasın.

AXC-nin çevriliş edib hakimiyyətə gəlmək niyyəti olsaydı, bunu Ayaz Mütəllibov martın 6-da istefa verəndə rahatca həyata keçirərdi. Lakin Xalq Cəbhəsi kompromisə getdi və Yaqub Məmmədov Ali Sovetin sədri oldu və prezident səlahiyyətlərini icra etdi. Halbuki AXC-nin martın 6-da hakimiyyəti götürmək imkanı var idi. Odur ki, 15 may hadisəsini dövlət çevrilişi kimi qiymətləndirmək düzgün deyil".

F.Mustafa vurğuladı ki, gələcəkdə tarixçilər bu hadisəyə tarixi-hüquqi aspektdən baxanda bunun konstitusiyanın müdafiə olunması hərəkatı olduğu qənaətinə gələcəklər.

 






Fikirlər