Riçard KOZLARİÇ: “ABŞ-ın Qarabağ münaqişəsini nizamlanması ilə bağlı planının olduğunu zənn etmirəm”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Corc Meyson universitetinin fəxri professoru Riçard Kozlariç Ermənistanın 1-ci informasiya saytına müsahibə verərək Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərini dəyərləndirib.

Onun sözlərinə görə, Boltonun bölgə ilə bağlı baxışları sələflərindən o qədər də fərqlənmir.

Keçmiş diplomat, habelə ABŞ Milli Kəşfiyyat Şurasının zabiti olmuş Riçard Kozlariç digər amerikalı ekspertlər kimi Trampın adamını səfərdə maraqlandıran əsas mövzusunun İran olduğu fikrini müdafiə edib.

“Hesab edirəm ki, Bolton bölgəni Cənubi Qafqaz ölkələrini ABŞ-ın İranla bağlı siyasətini dəstəkləməyə sövq etmək, habelə İrana tətbiq olunan sanksiyaların təsirini azaldan addımlardan çəkindimək olub. Düşünürəm ki, ABŞ-ın bölgədəki siyasəti Trampın İranla bağlı mövqeyinə bu 3 ölkənin hansı dərəcədə dəstək verməsindən asılı olacaq. Mətbuatın yazdığından anlaşıldığı üzrə Boltonun bu məsələdə uğura nail olduğunu söyləmək çətindir”,- Kozlariç deyib.

Riçard Kozlariç Con Boltonun Qarabağ münaqişəsi ilə bağlı yeni bir təklif gətirmədiyini söyləyib. Keçmiş səfirin fikrincə, Boltonun sözlərindən bunu anlamaq olar-problemin dinc yolla həllinə tərəflərin özləri məsuliyyət daşıyır.

“Con Boltonun “Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaxşı imkanlar açılacağı” ilə əlaqədar bəyanatında da qeyri-adi heç nə yoxdur. O, sadəcə bir gerçəkliyi ifadə edib: seçkilər baş tutmayana qədər erməni tərəfi heç bir addım atmayacaq. Mən ABŞ-ın Qarabağ münqişəsinin nizama salınması ilə bağlı yeni plan gətirdiyini düşünmürəm”,- Kozlariç bildirib.






Fikirlər