SANKSİYA MÜHARİBƏSİNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR - TƏHLİL

Lora Rozen

“Əl-Monitor”

 

Birləşmiş Ştatlar İranın neft ixracına dair ikinci mərhələ sanksiyalarından səkkiz ölkəni azad edəcək. Bu barədə Donald Tramp administrasiyası açıqlama verib.

Noyabrın 5-də yenidən qüvvəyə minəcək sanksiyalar İranın “bütün dünyadakı ölüm və dağıntını yayması üçün istifadə olunan gəlirlərdən məhrum edilməsini nəzərdə tutur”. Dövlət katibi Mayk Pompeo jurnalistlərlə görüşdə əlavə edib: “Əsas məqsədimiz İranı yaxşı sənədləşdirilmiş cinayətkar fəaliyyətdən imtina etməyə və normal ölkə kimi davranmağa məcbur etməkdir”.

İrana qarşı 2015-ci ilin may ayından etibarən (nüvə razılaşmasına uyğun olması səbəbi ilə) ləğv edilən və enerji, bankçılıq, gəmiçilik və gəmiqayırma sektorlarını hədəf alan sanksiyalar yenidən qüvvəyə mindirilir.

Pompeonun sözlərinə görə, Birləşmiş Ştatlar İran neftinin idxalını əhəmiyyətli dərəcədə azaltmış səkkiz yurisdiksiyaya müvəqqəti, altı aylıq qadağa qoymayacaq. O, hansı ölkələr olduğunu açıqlamayıb, ancaq 28 üzvü olan Avropa İttifaqının bu blokda olmadığını bildirib.

Türkiyə, İraq sanksiyalardan azaddır; güman ki Yaponiya, Cənubi Koreya və Hindistan da.

Pompeonun sözlərinə görə, ABŞ-ın sanksiyalarının rəsmi olaraq gələn həftə tətbiq olunmasından əvvəl artıq 1 milyon barel İran nefti bazardan çıxarılıb.

Maliyyə naziri Stiv Mnuçin anti-İran razılaşmasının fəalları tərəfindən tənqid olunduqdan sonra Brüsseldə yerləşən SWIFT qlobal maliyyə şəbəkəsinə qarşı tələbi təkrarlayıb: “Biz SWIFT-ə tövsiyə etdik ki, sanksiyaların qarşısını almaq üçün texnoloji cəhətdən məqsədəuyğun olaraq təyin etdiyimiz İranın istənilən maliyyə qurumuna yolu bağlamalıdır”.

Mnuçinin sözlərinə görə, 700 iranlı fiziki və hüquqi şəxs noyabrın 5-də qadağa siyahısına əlavə olunacaq, onların 300-dən çoxu Birləşmiş Ştatların JCPOA-ya sadiq qaldığı dövrdə “qara siyahı”dan çıxarılmışdı.

ABŞ-ın avropalı müttəfiqləri Tramp administrasiyasının hərəkətlərinə təəssüf hissi bildirib və İranın sazişə əməl etdirdiyi təqdirdə, müqaviləni qorumağa çalışırlar.

İngiltərə, Fransa, Almaniya xarici işlər və maliyyə nazirləri, Aİ-nin xarici siyasət şefi ortaq bir bəyanatda bildiriblər ki, “ABŞ-ın JCPOA-dan çəkilməsi ucbatından Birləşmiş Ştatlar tərəfindən sanksiyaların yenidən qüvvəyə minməsinə təəssüf edirik… Biz İranla qanuni biznesdə məşğul olan Avropa iqtisadi operatorlarını qorumaq məqsədi güdürük… JCPOA üzvləri kimi, biz İranla səmərəli maliyyə kanallarının qorunması və saxlanılması, İranın neft və qaz ixracının davam etdirməsi üzərində işləyirik”.

2012-ci ildə Avropa İranın enerji və bank sektorlarına – ABŞ tərəfindən nüvə razılaşması müzakirə etməyə və İsraillə müharibədən çəkinməyə çalışmaq üçün – tətbiq olunan sanksiyalara əməl edib.

Ağ Evin Yaxın Şərqdəki keçmiş müzakirəçisi Dennis Ross bildirib: “İndi Avropa, ABŞ-ın hərəkətləri üzündən müqavilədən imtina etməsi vəziyyətində ortaya çıxa biləcək potensial müharibədən yayınmaq üçün müqaviləni qorumağa çalışır. 2012-ci ildə İran neftini satın almamaq və çox sərt sanksiyalara əl atmamaq… bir müharibədən qaçmaq üçün bir yol idi… İndiki vəziyyətdə mövcud qorxu İranın JCPOA-dan uzaqlaşdığı təqdirdə, müharibə perspektivlərinin böyük ölçüdə artmasıdır”.

Ross əlavə edib: “Əlbəttə, Avropa şirkətləri artıq İranda olmasalar da, həqiqətən də, sanksiyalara qoşulacaqlarını düşünmürəm”.

ABŞ-İran razılaşması və sanksiyalar üzrə müzakirəçi Riçard Nefyu da buna bənzər narahatlıqlarını dilə gətirib. O, “Twitter”-də yazıb: “Sanksiya səyləri daha çox nəticə versə də, bu qərara təəssüflənəcəyik”.

Yaxın vaxtlarda İrana səfərindən geri dönən fransız parlamentarisi Delfin O iranlı həmkarlarından JCPOA-nu tərk etmək üçün heç bir təhdid eşitmədiyini söyləyib. Ancaq o, İranın təhlükəsizliyini və iqtisadi problemlərini həll etmək üçün beynəlxalq birliklə əməkdaşlıq etmiş İran rəsmilərindən duyduğu ümidsizlik hissini vurğulayıb. “Onlar bu mövqeyin davam etdirilməsinin çətin olduğunu söyləyiblər. “Bizim başqa çıxış yolumuz yoxdur” deyirlər”.

Ancaq indi İranın Tramp administrasiyasının maksimum təzyiq kampaniyasına dözə biləcəyi ehtimal olunur. “JCPOA-dan çıxma ilə bağlı heç bir təhlükə yoxdur. Strateji səbir hissi var… Bizə yalnız gözləmək qalır”.

Tərcümə: Strateq.az

  






Fikirlər