QARABAĞA 100 milyon yatıran AVROPALI və torpaqlarımıza daşınan terrorçular - POLİTOLOQ AÇIQLADI

Qarabağa 100 milyon yatıran avropalı və torpaqlarımıza daşınan terrorçular - POLİTOLOQ AÇIQLADI

Əgər separatçı Araik Arutunyanın açıqlaması təsdiqlənərsə, bu, o deməkdir ki, Avropa Qarabağ probleminin həllinə həqiqətən də ikili standartlarla yanaşır. Bu ikili standartın acı nəticələri Kataloniyanın timsalında Avropanın özündə belə fəsadlara yol açdı və bu proses hələ da davam edir. Dövlətlərin ərazi bütövlüyü prinsipinin ilk sırada dayandığını az öncə öz “evlərində” hiss edən və bu prinsipi qəti olaraq dəstəkləyən Avropanın “tərəfdaş ölkələr” sırasında görmək istədiyi dövlətlərə fərqli yanaşması qəbuledilməzdir və bunun bumeranq effektindən Avropa da sığortalanmadığı vaxtaşırı olaraq gündəmə gəlir. Belə olan halda bu “avropalı investorların” kimliyi və onların qanunazidd əməllərinin qafrşısının alınması ilk növbədə elə AB-nin marağında olmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında avropalı investorların Azərbaycanın işğal altındakı Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni anbar üçün 100 milyon dollar pul ayırması barədə xəbərə münasibət bildirən Gündəlik Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. O bildirib ki, bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə, eyni zamanda sülhyaratma missiyasına qarşı ciddi əngəl, hətta təxribat kimi dəyərləndirilə bilər:

“İşğal altında olan Azərbaycan ərazisində belə bir layihənin gerçəkləşdirilməsi beynəlxalq hüquqa tamamilə ziddir və münaqişənin nizamlanması yönündə məlum BMT qətnamələrini heçə saymaq deməkdir. Əgər bu məlumat təsdiqlənərsə, Azərbaycan buna sərt reaksiya verməli və həmin investorların Avropada hüquqi müstəvidə sorğusu aparılmalıdır”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabagdakı separatçı qurum oradakı erməni əhalisinin sayının süni şəkildə artırılması məqsədilə Suriyadan terrorçuları bölgəyə köçürməklə məşğuldur:

“Nəticə etibarilə işğal altında olan torpaqlarımızda nəinki bölgənin, gələcəkdə Avropanın da təhlükəsizliyini təhdid edəcək terror qruplaşmasının formalaşması və maliyyələşməsi prosesini müşahidə edə bilərik. Belə bir layihə nəzarətsiz ərazidə məskunlaşma prosesinə dəstək deməkdir ki, bu da bütün beynəlxalq qanunvericilikdə qəti qadağan edilir. Bu nəzarətsiz ərazidə terrorçuların yerləşdirilməsi və onlara yaradılan şərait narkoticarətə şərait, Suriyadan sıxışdırılan radikal qruplaşmalara yeni meydan vermək deməkdir. Faktiki olaraq Qarabağ separatçıları bölgə üçün onsuz da təhlükə yaradır. Avropalı investorların Qarabağda “iqtisadi layihələr” adı ilə separatçı- terrorçulara maliyyə ayırması isə radikal qrupların bölgədə cəmləşməsinə yardım anlamı daşıyır”.

Politoloq bildirib ki, Suriyaya KTMT tərkibində “sülhyaratma missiyası” göndərməklə, faktiki olaraq Avropanın Yaxın Şərq siyasətinə qarşı mövqe alan Ermənistana avropalı investorların Qarabağda “layihə həyata keçirməsi üçün” maliyyə ayırmasının heç bir siyasi izahı yoxdur:

“Bu investorların kimliyi aydınlaşdırılmalı, prosesdə hansı dövlətlərin qurumlarının iştirak etdiyi üzə çıxmalıdır. Onsuz da xəbər təsdiqlənəcəyi və layihə gerçəkləşəcəyi halda bu investorlar da bəlli olacaq. Həmin “investorlar” beynəlxalq hüquq müstəvisində məsuliyyət daşıdıqlarını anlamırlarsa, Azərbaycan bu məsuliyyəti onlara xatırladacaq”.






Fikirlər