MÜXALİFƏTİN ZİRVƏ görüşündə üç aparıcı partiya iştirak ETMƏYƏ BİLƏR

İsgəndər Həmidov: “İşlərin normal getdiyini düşünürük”; Natiq Cəfərli: “Belə bir şəraitdə iştirak etməmək ehtimallarımız daha çoxdur”

Sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidovun təşəbbüsü ilə keçiriləcək “Müxalifətin zirvəsi”nə bir həftə qalır. Dekabrın 25-də saat 12:00-da KXCP-nin qərargahında təşkil olunacaq zirvə görüşünə dəvət olunan partiya sədrlərinə, tanınmış siyasətçilərə artıq dəvətnamələr göndərilib.

Bu barədə “Yeni Müsavat”a danışan İ.Həmidov siyasətçilərlə bir-bir görüşdüyünü söylədi: “Görüşlərimiz davam edir. Dəvətnamələrin artıq demək olar ki, əksəriyyəti paylanılıb. Dəvətnamələrdən başqa dəvətlilərlə fərdi görüşlərə də ciddi üstünlük veririk. Hazırda Əvəz Zeynallı ilə birlikdə Ümid Partiyasının qərargahında İqbal Ağazadə ilə görüşdəyik. Bundan sonra da KXCP sədri Mirmahmud Mirəlioğlu ilə görüşəcəyik. Bizim təşəbbüsə münasibət çox yaxşıdır. Ayın 25-də saat 12:00-da hər kəsi dəyirmi masa ətrafında görmək istəyirik. Hər kəs gəlib öz fikirlərini deyəcək. Bu bir toplantıdır. İşlərin normal getdiyini düşünürük. İndiyə qədər dəyirmi masa ilə bağlı elə siyasətçi olub ki, onunla dörd dəfə görüşmüşəm. O məni inandırır, mən də onu. Ədalət Partiyasının sədri İlyas İsmayılov istisna olmaqla, dəvətlilərin demək olar ki, hamısı ilə görüşmüşəm. İlyas müəllim də Moskvada olduğu üçün onunla görüşə bilməmişəm. Həftənin üçüncü günü o, gələcək və dərhal onunla da görüşəcəm”.

İsgəndər Həmidov ile ilgili görsel sonucu

“Müxalifətin zirvəsi”nin təyin olunduğu ilk günlərdə tədbirin VHP qərargahında keçiriləcəyi deyilsə də, sonradan məkan olaraq KXCP seçildi. İsgəndər bəy bu məsələyə də aydınlıq gətirdi: “Burada heç bir səbəb yoxdur. Düzdür, ilk olaraq VHP-ni seçmişdik. Sonradan məlum oldu ki, ora Sabir bəygilin qərargahı deyil. Ora vergilərdən filan yoxlamalar gələ bilərdi. Ona görə yeri dəyişməyə qərar verdik. Toplantıya qalan günlər ərzində indiyə qədər gördüyümüz işləri davam etdirəcəyik”. 

40-a yaxın siyasətçinin dəvət olunduğu “Müxalifətin zirvəsi” yaxınlaşdıqca kimlərin iştirak edəcəyi, yaxud iştirak  etməyəcəyi ciddi suallar doğurur. Artıq bəzi ehtimallar səslənməyə başlayıb. Müsavat başqanı Arif Hacılının, AXCP sədri Əli Kərimlinin, REAL sədri İlqar Məmmədovun zirvə görüşünə qatılmayacaqları barədə iddialar səslənir. Buna səbəb kimi də Ə.Kərimlinin başqa bir formatda birlik yaratmaq təşəbbüsü ilə çıxış etməsi və bunun üçün bir sıra siyasətçilərlə görüşü göstərilir.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Müsavat və AXCP-dən məsələ ilə bağlı münasibət ala bilməsək də, REAL-dan mövqe öyrənmək mümkün oldu. Qurumun icraçı katibi Natiq Cəfərli böyük ehtimalla “Müxalifətin zirvəsi”ndə iştirak etməyəklərini açıqladı: “Bizə iştirakla bağlı birbaşa müraciət hələ daxil olmayıb. Bu məsələ partiya daxilində müzakirə olunmayıb. REAL-da qərarlar İdarə Heyəti tərəfindən verilir. Zirvə görüşünün məqsədi, məramı, formatı hələ məlum da deyil. Ona görə də iştirakla bağlı hələ ki qərarımız yoxdur. Amma bizim müxtəlif müzakirələr, debatlar, fərqli məsələlər üzrə ictimai maraq doğuracaq səviyyədə müzakirələr üçün qapılarımız hər zaman açıqdır, istər müxalifət, istərsə də iqtidar nümayəndələri üçün olsun, bizə fərq etmir. Ölkə yararı üçün hər hansı bir dialoq ortamı yaranacaqsa və bu, praqmatik bir dialoq olacaqsa, biz hər zaman hazırıq. Amma hər hansı bir birlik formatında iştirak etməklə bağlı nə qərarımız, nə də niyyətimiz var. Çünki Azərbaycanda son 20 ildə 11 birlik modeli olub. Bunların heç biri, yüngül desək, uğurlu modellər olmayıb. Belə modellərin öncədən bəlli bir məqsədi, gündəliyi olmalıdır. Açığı, bizim üçün hələ də bu zirvə görüşünün məqsədi, məramı, proqramı və atılacaq addımların ardıcıllığı məlum deyil. Ona görə iştirakla bağlı qərar verməmişik. Dəvət gəlsə də, belə bir şəraitdə iştirak etməmək ehtimallarımız daha çoxdur”.






Fikirlər