Milli Məclisdə GƏRGİN MÜZAKİRƏLƏR

Deputatlar şəhidlərin və dövlət adamlarının təhqir olunmasına sərt mövqe bildirdi; “Ümumi təhsil haqqında” qanun layihəsi də ciddi müzakirələrə səbəb oldu

Dekabrın 18-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. Cari məsələlərin müzakirəsi zamanı deputat, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropa Parlamentində Azərbaycanın xeyrinə qəbul olunan qətnamə barədə parlamenti məlumatlandırdı.

C.Feyziyev dedi ki, parlamentin nümayəndə heyəti 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili olması ilə əlaqədar Strasburq şəhərində olub və dekabrın 11-də yüksək səviyyədə, 140-dan çox qonağın iştirakı ilə tədbir keçirilib. Həmçinin nümayəndə heyəti Avropa Parlamentinin bu il ərzində son plenar iclasında da iştirak edib. İclasda qəbul edilən məruzədə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü öz əksini tapıb. C.Feyziyev bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün əsas şərt ərazi bütövlüyü məsələsidir. Həmçinin AP-da qəbul edilən məruzədə qaçqın və məcburi köçkünlərə yardımların göstərilməsi nəzərdə tutulur. C.Feyziyev dedu ki, bu məruzədə xalqların öz müqəddəratını təyinetməsi məsələsi əksini tapmır: “Erməni lobbisinin cəhdlərinə baxmayaraq, bu təklif rədd edildi, qəbul olunmadı. Bütün bu uğurlar Azərbaycanın xarici siyasətinin və cənab prezidentin qətiyyətli siyasətinin nəticəsidir.

Artıq Azərbaycana qarşı ikili yanaşmalara son qoyulmaqdadır. Bunun əsasında  Azərbaycan prezidentinin qətiyyətli siyasəti və parlament diplomatiyasının uğurları dayanır".

Deputatlar Avropa Parlamentinin sənədini yüksək qiymətləndirdilər. 

Deputat Fazil Mustafa Bakının tıxaclı yollarına diqqət çəkdi: “Bu gün Bakıya azacıq yağış yağdı və dərhal küçələrdə tıxaclar yarandı. Biz bu tıxac problemini niyə həll edə bilmirik? Bu gün ən narazı insanlar tıxaclarda qalan insanlardır. Adamın yol polisinə yazığı gəlir. Saatlarla yağışın altında yolları açmaq istəyrlər. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək. Belə olmaz axı”.

İclasda Milli Qəhrəman Mübariz İbrahimova qarşı həqarətdən də danışıldı.

Fəzail İbrahimli bu mövzuya diqqət çəkdi: “Mənim seçildiyim dairədə məhz Mübariz İbrahimovun valideynləri yaşadığı üçün mən bu mövzuda danışmağı özümə mənəvi borc bilirəm. Bu, bizim milli ruhumuza, milli qəhrəmanlarımıza hücumdur. Bu xanımı danışdıran genetik kodun diktəsidir. Görünür, dayıları ona bu cür danışmağı diktə edirlər. Bu psixoloqun psixiatra ehtiyacı var. Azərbaycana qarşı iti caynaqlar uzanır, ayrı-ayrı adamları ələ keçirib dövlətçiliyimizə qarşı hərəkətə keçmək istəyirlər”. Deputat dedi ki, belə adamlara qarşı ictimai qınaq xüsusi rol oynamalıdır: “Bu, iş yerində qınanmalıdır. Görsün ki, cəmiyyət tərəfindən çox böyük qınağa məruz qalır”.

Spiker Oqtay Əsədov çıxışa reaksiya verdi: “Mən xalqımızın bu məsələyə göstərdiyi hiddətin şahidi olmuşam. Sosial şəbəkələrdəki mövqeyi müşahidə etdim. Ona görə belə cılız məsələyə Milli Məclisdə vaxt ayırmağa ehtiyac görmürəm. Bu adam heç institut da bitirməyib, hələ psixoloq olması üçün illər lazımdır.  Xahiş edirəm digər çıxış edənlər də bu məsələnin üstündə dayanmasınlar. Həmin xanımın cavabını xalq verdi”.

Plenar iclasda sosial şəbəkələrdə, ayrı-ayrı media orqanlarında yer alan təhqiramiz fikirlərdən də danışıldı və bu kimi hallara qarşı sərt addımların atılması zəruri sayıldı.

Komitə sədri Siyavuş Novruzov bu məsələlərin üstündən keçilməsini mümkün saymadı: “Oqtay müəllim, fikirlər səslənir ki, o məsələlərin yeri bura deyil. Biz addımımızı geri qoyduqca, bunlar bir az da gəlirlər buradakıların üzərinə. Dövlətimizin baş qurucusu haqqında olmazın təhqir ifadələr yağdırırlar. Biz niyə susmalıyıq? Biz niyə bunların cavabını verməməliyik? Bir qrup hesab edir ki, biz onların səviyyəsinə düşməməliyik. Mən bu mahnını 20 ildir bu parlamentdə eşidirəm. Söz demək istəmir, ona görə də bu bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər birini təhqir edirlər. Ölkənin ziyalısı da, alimi də, akademiki də, deputatı da bunların cavabını verməlidir. Hər kəs öz prezidentini, ümummilli liderini qorumalıdır. Biz bunları başlı-başına buraxmışıq. Bunlar nə milli azadlıq hərəkatında, nə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak ediblər, nə xalqın taleyüklü məsələlərinin həllinə qatılıblar, nə ictimai-siyasi həyatda olub, nə siyasi partiyanın tərkibində fəaliyyət göstərib. Müxtəlif ölkələrdə müxtəlif adlar altında ordan-burdan pul alıb Azərbaycana qarşı təxribatlarla məşğuldur”.

İclasda Azərbaycanla Rusiya arasında imzalanan iki sənəd müzakirəyə çıxarıldı. Deputatlar “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə” qanun layihəsini və “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə etdilər.

Deputat Fəzail Ağamalı iki ölkə arasındakı münasibətlərdəki pozitiv dəyişiklikləri yüksək qiymətləndirməklə yanaşı, qonşu ölkədən Azərbaycanın səmimi və etibarlı müttəfiqliyinə adekvat münasibət göstərilməsini vacib saydı.

Spiker bildirdi ki, bu sənədlər Azərbaycanla Rusiya arasında əlaqələrin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir.

Siyavuş Novruzov isə növbəti dəfə Rusiyada yaşayan iş adamlarını tənqid etdi: “Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxırlar. Hansı ki barmağı barmaq üstünə qoymayıblar. Onlar indiyə qədər heç bir iş görməyiblər. Ancaq Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi  göstərmək istəyirlər”.

 “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Əli Hüseynli layihə barədə məlumat verdi. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

“Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi də müzakirə olundu.

Tahir Kərimli bir daha bu mövzuda çıxış edərək himnin yenidən oranjiman olunmasını zəruri saydı. Dedi ki, torpaqları işğal altında olan dövlətin himni daha möhtəşəm, daha əzəmətli olmalıdır.

“Bu mövzulara son qoymaq lazımdır. Azərbaycanın Dövlət Himninin müəllifi Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyova məxsusdur, mövzusunda müzakirəyə ehtiyac yoxdur”.

Deputat Qənirə Paşayeva bu fikirləri müzakirələr zamanı söylədi. Xanım deputat himnə hər hansı düzəliş edilməsini də mümkün saymadı: “Əhməd Cavadın da, Üzeyir bəyin də ruhu şad olsun. Himnimizi indiyədək necə şövqlə oxumuşuq, bundan sonra da oxuyacağıq. Bu himn Cümhuriyyət tarixi ilə yaşıddır. ”Hüququndan keçən əsgər" kimi gözəl sözmü var? Himndə elə bir cümlə yoxdur ki, o, xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə, bundan sonra da sevib qorumalıyıq".

Birinci vitse-spiker Ziyafət Əsgərov isə bir məsələyə aydınlıq gətirilməsini zəruri saydı: “Biz dövlət himninə farağat halda, yoxsa əl ürəyin başında qulaq asmalıyıq? Hər halda, ikinci oxunuşda bu məsələyə aydınlıq gətirməliyik”.

İclasda “Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsini təqdim edən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, sənəd 5 fəsil 33 maddədən ibarətdir.

Müzakirələr zamanı çıxış edən Siyavuş Novruzov bildirdi ki, bu gün məktəblərdə oxuyan o şagirdlərdən nə hərbçi, nə əsgər, nə də hüquq-mühafizə orqanlarında çalışan çıxacaq: “Çünki əvvəllər uşaqlar həm əyləncəyə, həm idmana, həm də təhsilə vaxt ayırırdılar. Bu gün isə təhsil saatına görə Koreyanı da keçmişik. Uşaqlar səhər saat 8-dən axşam 10-a qədər təhsillə məşğul olurlar. Hansısa dövlətin mexanizmini olduğu kimi tətbiq etmək olmaz”. S.Novruzov dedi ki, artıq valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan tuturlar: “Çünki məktəblilərin çantasının çəkisi 12-14 kiloqramdır. Belə olan halda, aşağı sinif şagirdləri çantasını daşıya bilmir. Bununla bağlı qərar qəbul edilməlidir”.

S.Novruzov özəl təhsil müəssisələrinin qiymətləri ilə bağlı məsələyə də toxundu. Dedi ki, kim təhsil müəssisəsi tikirsə, özündən qiymət qoyur: “Təhsil müəssisəsi bununla bağlı bir dəfə də hesabat vermir. İstər ali, istərsə də orta özəl təhsildə hər kəs istədiyi qiyməti qoyur. Heç bir əsas da göstərmir ki, qiymətlər niyə belədir? Birinin qiyməti 1000, digərinin 5000, o birinin isə 7500 manatdır. Baxdıqda görürük ki, bahalı məktəblərin müəllimləri dövlət məktəblərində çalışan müəllimlərdən çox məvacib almır. Belə olan halda, o boyda maliyyə hara gedir? O maliyyə təhsilə gedirmi? Bunlar müəyyənləşdirilməldir”.

Qüdrət Həsənquliyev onu narahat edən problemlərə diqqət çəkdi: “Bu gün Azərbaycanda ümumi təhsilin əsas problemi öz həllini tapmayıb. Ölkəmizdə əsas problem repetitorluqdur. Bunun necə aradan qaldırılması ilə bağlı qanunda hər hansı tənzimləyici rolu görmürük. İstənilən ali məktəbdə auditoriyaya girin, sorğu keçirin ki, kim repititorun yanına getməyib və ali məktəbə daxil olub? Qrupda bir-iki belə tələbə ola bilər. Bu, valideynlərin büdcəsinə ciddi ziyan vurur. Bəzi hallarda hətta valideynlər uşaqlarını lazımi şəkildə qidalandırmırlar, amma istəyirlər ki, uşaqları ali təhsil ala bilsin”.

Deputat dedi ki, orta məktəb müəllimlərinin əmək haqqının minimum həddi ən azı orta aylıq əmək haqqından az ola bilməz: “Repititorluq dövlət tərəfindən qəbul olunursa, deməli, qanunvericiliklə tənzilmlənməlidir. Yox, qəbul olunmursa, deməli, bunun aradan qaldırılması istiqamətində addımlar atılmalıdır”.

Q.Həsənquliyev dedi ki, təhsildə iki növbəli tədris də ən ciddi problemdir: “Dünyada bu, çoxdan yığışdırılıb. Bunun üçün Azərbaycanda yeni məktəblər tikilməlidir. Məktəb tikintisi stimullaşdırılmalıdır. Xüsusilə də vergi güzəştləri yolu ilə. İkincisi, xeyriyyəçilik stimullaşdırılmalıdır. Bu, qanunlarda öz əksini tapmalıdır. Biz bu tipli məsələləri fundamental baxımdan qanunvericilik səviyyəsində həll etmədən ciddi dəyişikliklərə nail ola bilməyəcəyik”. Deputat dedi ki, həm alimlərin, həm ali təhsillilərin sayına görə regionda geri qalırıq: “Bu gün Fransada sarı gödəkçəlilərin ən tələblərindən biri budur ki, ali məktəblərə qəbul sadələşdirilsin. Azərbaycanda da ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəblərə qəbul yalnız orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq aparılmalıdır. Bütün sivil dünyada belədir. Biz niyə bu addımı ata bilmirik, başa düşə bilmirəm. Biz bu kimi fundamental məsələləri həll edə bilməsək, başqa nə qədər mükəmməl qanunlar qəbul etsək də, təhsilin inkişafına öz töhfəsini verə bilməyəcək”.

Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edildi.






Fikirlər