“BİZ HƏLƏ ARAŞDIRA BİLMƏMİŞİK Kİ, HANSI MƏMURUN...” – Əli Həsənov dirəniş göstərir!

Prezidentin sabiq köməkçisi Əli Həsənov ona məxsus “Kaspi” qəzetinin dövlət maliyyələşməsindən məhrum edilməsinə münasibət bildirib. 

"AzPolitika" xəbər verir ki, Ə.Həsənov “BBC News Azərbaycanca”ya açıqlamasında bu barədə danışıb. 

"Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın? Bilirsiz ki, "Kaspi" qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir", - sabiq köməkçi deyib. 

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu hər il 3 kateqoriya üzrə bəzi qəzetlərə maliyyə dəstəyi verir. Müəyyən şərtləri ödəyən qəzetlər kateqoriyasından asılı olaraq, hər ay 20 min, 10 min və 5 min manat yardım alır. Bu ilki yardım alacaq qəzetlərin siyahısında "Kaspi" və "Kaspiy" qəzetlərinin adı yoxdur. Əli Həsənov onun ailə üzvlərinə məxsus olan "Kaspi" və "Kaspiy" qəzetlərinin dövlət yardımından məhrum edilməsinə münasibət bildirmək istəmədiyini deyir: "Çünki bu sahədə çalışan məmur olmuşam, xüsusilə də KİV-ə Dəstək Fondunu yaradan, o yardımları edən məmur olmuşam, ona görə də buna münasibət bildirməyi məqbul hesab etmirəm".

Əli Həsənov ötən ilin noyabrında ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçi vəzifəsindən azad edilib. "Qəzetin ailə olaraq mənə yaxınlığı yalnız onun təsisçisi ilə bağlıdır, "Kaspi"nin təsisçisi xanımımdır, digərinki “Kaspi Təhsil Mərkəzi”dir. Amma təsisçinin kimliyi mahiyyət təşkil eləmir. Əsas odur ki, qəzetlərin fəaliyyəti cəmiyyət tərəfindən necə qarşılanır, bu qəzetlər hansı fəaliyyətlə məşğul olur, Azərbaycan ictimaiyyəti, elitası, ziyalıları, elm-təhsil, mədəniyyət adamlar, yazarlar bu qəzetdən necə bəhrələnir, necə istifadə edir və bu qəzetin tarixi, ənənəsi, Azərbaycan dövlətinə, cəmiyyətinə lazımlılığı ilə ölçülür", - Əli Həsənov əlavə edib. 

Əli Həsənov "Kaspi" qəzetlərinə maliyyə yardımı ayrılmamasının məntiqini anlamadığını da əlavə edib. Amma onun sözlərinə görə, bunun səbəblərini qəzet kollektivi araşdırır: "Biz hələ araşdıra bilməmişik, - şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət ediblər".

Əli Həsənov düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar qəbul edə bilər.






Fikirlər