2025-Cİ İL, QARABAĞ: Onlar gedəcək, yoxsa qalacaq?

Azərbaycanın mövqelərinin dəstəkləndiyi hələlik açıq olmasa da, bəyan edən Qərb bu dəfə NATO sammitində Türkiyə lideri vasitəsilə Rusiyaya sərt mesajını ünvanladı: Bakını təklif etdiyi planı NATO da qəbul edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyini açıqlayıb.

Türkiyə Prezidenti bu haqda NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

"2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, 2025-ci ildə isə bu yerləri tərk edəcək. Razılaşma bu formadadır. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Dəyərli qardaşım İlham Əliyev də bunu diqqətlə izləyir" , - Ərdoğan əlavə edib.

Türkiyə liderinin bu açıqlaması bir sıra məqamlar baxımından həddən ziyadə önəmlidir.

Son illərdə Rusiya Federasiyası ilə çox sıx və intensiv əlaqələr qurmuş Ankara bu səbəbdən kollektiv Qərbin aramsız təzyiqlərinə məruz qalır, rusiyalılarla az qala geostrateji ittifaq, iqtisadi birlik yaratmaqda suçlanır, Moskvanın bölgədəki planlarını dəstəkləyən tərəf sayılırdı.

İlk baxışdan belə görünürdü də.

Rusiya Federasiyasından S-400 zenit-raket komplekslərinin satın alınması ilə başlanan, sonra Suriyada, Liviyada, Cənubi Qafqazda və Orta Asiyada situativ müttəfiqliklə geosiyasi tərəfdaşlıq səviyyəsinə yüksələn Ankara-Moskva əlaqələri Qərbi təbii ki, çox narahat edirdi.

Xüsusilə ABŞ-da əndihə yüksək səviyyəyə çatdığından Türkiyənin tərəfdaş qismində iştirak etdiyi F-35 qırıcı təyyarəsi layihəsindəki investisiyalarına, xüsusilə də Ankaraya verilən vədlərə rəğmən, Qərb mövqeyini diametral dəyişdi.

Avropa İttifaqı Ankaraya qarşı müxtəlif sanksiyalara əl atdı, ABŞ Türkiyəyə F-35 satılmayacağını və Türkiyə Hərbi-Hava Qüvvələrindəki F-16 təyyarələrinin modernləşdirilməsi layihəsinin təxirə salındığını dedi, daha sonra isə türk lirəsinin maksimal dərəcədə zəiflədilməsi prosesi başladı.

Sonucda Türkiyəyə qarşı təzyiqlərin sayı, sürəti, şiddəti və miqyası artdı. Hətta iş o yerə çatdı ki, Türkiyədə keçirilmiş son prezident və parlament seçkiləri ərəfəsində Rəcəb Tayyib Ərdoğanın məğlubiyyəti, iqtidardakı Ədalət və İnkişaf Partiyasının ölkənin ali qanunverici orqanındakı üstünlüyü itirməsi üçün bütün vasitələrə əl atıldı, müxalifət düşərgəsinə dəstək məqsədilə istisnasız olaraq bütün leqal, bəzənsə illeqal yollarla metodlardan istifadə olundu.

Qərb çox ciddi strateji səhvləri sıralayırdı: Türkiyə heç bir halda Rusiya Federasiyasının müttəfiqi deyildi və rəsmi Ankara Moskva ilə isti münasibətlərinə rəğmən belə statusa can atmırdı.

Bütün müstəvilərdə və cəbhələrdə Türkiyə sadəcə, yeni reallıqlar formalaşdıraraq soyuqqanlı və düşünülmüş siyasət yeridir, konstruktiv addımlar atır, maraqlarını təmin etmək və mənafelərini reallaşdırmaq üçün tam müstəqil siyasət yürüdürdü.

Suriyanın şimalında, Liviyada, Afrikanın müxtəlif ölkələrində, Yaxın Şərqdə, ən başlıcası isə Cənubi Qafqazda Rusiya Federasiyaının ən güclü, sarsılmaz və ciddi rəqibi məhz Türkiyə oldu, indi də belədir.

Orta Asiyada da eyni situasiyadır.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına, xüsusilə də yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesə real təsir imkanları baxımından da Moskva Ankaradan geri qalır. Özü də bu geriqalma gün keçdikcə daha da artır. Bütün diqqətini Ukraynada apardığı hərbi əməliyyatlara yönəldən və qarşısına qoyduğu məqsədlərdən heç olmasa birinə çatmağa çalışan Moskva üçün Cənubi Qafqazda Ankara ilə qarşıdurma arzuolunan ssenari deyil.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan ərazisində yerləşməsi müvəqqəti mövcudluq qismində razılaşdırılmışdı. Əldə edilən və təsdiqlənən razılaşmaya görə, RSK-nın fəaliyyət müddəti 2025-ci ildə başa çatır.

Anlaşmanın müddətinin uzadılması və RSK-nın 2025-ci ildən sonra ölkəmizdə qalması ilə bağlı iddialara, bəyanatlara və ehtimallara rəğmən, rəsmi Bakının indiyədək dəfələrlə bəyan etdiyi mövqeyində heç bir dəyişiklik yoxdur.

Fəaliyyət mandatı olmayan, Azərbaycanın Milli Məclisi tərəfindən müvafiq ratifikasiya proseduru ilə müqaviləsi təsdiqlənməyən RSK yalnız müvəqqəti və zəruri addım qismində ölkə ərazisinə gətirilmişdi.

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda rusiyalı sülhməramlılar barədə bir neçə dəfə vurğulanma var, amma bu, RSK-nın səlahiyyətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı fəaliyyəti üçün bazis şərtlər toplusu sayıla bilməzdi.

Rusiyalı sülhməramlıların ekstraordinar və fövqəladə hallarda odlu silah tətbiq etmək imkanları, habelə olduğu arealdakı erməni silahlı birləşmələrini tərksilah etmək hüququ olmadığından rəsmi Moskva sözügedən məqamları xüsusilə qabardır, mandat əldə etməyə çalışırdı, indi də çalışır. Məqsəd RSK-nın 2025-ci ildən sonra da Azərbaycanda qalmasına nail olmaqdır.

Lakin Bakının regionda yaradaraq formalaşdırdığı yeni geosiyasi reallıqlar, habelə Türkiyənin Cənubi Qafqazdakı geostrateji mövcudluğunun miqyası ilə resurs imkanlarının artması faktı daha aktiv davranmağa can atan Moskvanın niyyətlərini idefiks səviyyəsində qalmağa vadar edir.

Rəcəb Tayyib Ərdoğanın RSK ilə bağlı açıqlamasını məhz NATO-nun Vilnüs sammitində səsləndirməsi də olduqca önəmli məqamdır. Bu, Türkiyənin Cənubi Qafqazdakı fəaliyyətinin əslində Şimali Atlantika Alyansının (oxu: Qərbin) maraqlarına tam cavab verdiyini, Ankaranın qərarlarının Brüssel və Vaşinqton tərəfindən dəstəkləndiyini göstərir.

RSK ilə bağlı bəyanat Türkiyənin Rusiya Federasiyasına ünvanlanmış messici yox, NATO rəhbərliyinin Cənubi Qafqazda aktivləşməyə çalışan İrana və Fransaya da xəbərdarlığı sayıla bilər. Çünki ilk baxışdan paradoksal görünsə də, Fransanın Ermənistana tam dəstəyi, danışıqlarla müzakirələri Vaşinqton və Brüssel treklərində çoxformatlı diskussiyalarda tərəf olimağa çalışması və bununla da Azərbaycanla yekun sülh sazişinin imzalanması prosesində yaratdığı çətinliklər yaratması Şimali Atlantika Alyansının mənafelər toplusuna qətiyyət uyğun deyil.

Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olması, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması, Zəngəzur layihəsi dəhlizinin reallaşması və ümumiyyətlə, regional tərəfdaşlıqla əməkdaşlığın normal səviyyədə olması məcmu halda NATO-nun istəkləridir. Bu istiqamətdə NATO rəhbərliyi hansısa üzv dövlətin qurumun geosiyasi maraqlarının təmsilçisi qismində çıxış edərək danışıqlarda format yaradan tərəf, əsas və ya köməkçi vasitəçi, xüsusilə də müzakirələrin moderatorluğu iddialarını yersiz, hətta təhlükəli hesab edir.

Türkiyə və Rusiyanın Cənubi Qafqazda, xüsusilə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində situativ tərəfdaşlığı yalnız ilk baxışdan qəribə təsir bağışlaya bilər.

Əslində belə deyil.

Rusiya Federasiyası 2025-ci ildə sülhməramlılarını bölgədən çıxarmaqla geosiyasi məğlubiyyətə uğramır, əksinə, Ermənistanı bilmərrə itirmək təhlükəsini minimallaşdırır.

Rəsmi Moskva artıq anlayır ki, sülh müqaviləsinin imzalanması və xüsusilə də RSK-nın hazırda müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, erməni silahlı dəstələrinin tərksilahı qaçılmazdır. Bundan başqa, qarabağlı ermənilərin zəruri ehtiyaclarının və tələbatlarının Ermənistan ərazisindən ödənilməsinə son qoyulacaq, onlar bütün problemlərini yalnız rəsmi Bakı ilə müzakirələrdə, Azərbaycan Konstitusiyası çərçivəsində həll etmək məcburiyyətində qalacaqlar.

Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Azərbaycan ərazisidir" deyərək onillərdən bəri İrəvan üçün ağır yük, ballast olmuş problemdən qurtulmaq istəyi aşkardır. Belədirsə, qarabağlı ermənilər vasitəsilə Rusiyanın Ermənistana təsir rıçaqları artıq əvvəlki kimi deyil. Daha doğrusu, həmin rıçaqlar artıq məhv olmaq ərəfəsindədir. Bu səbəbdən rusiyalı sülhməramlıların indiki ərazilərdən daha neçə il qalması ehtimal edilsə belə, Moskvanın İrəvana təsir imkanları müstəvisində Rusiyaya real olaraq heç nə verməyəcək.

Rusiya 2025-ci ildə sülhməramlılarını çıxararaq diqqəti özünə daha önəmli saydığı iki istiqamətə - Ermənistanın Qərbə meyllənməsinin qarşısını almağa, həmçinin Zəngəzur dəhlizilə hərəkət və daşımaların təhlükəsizliyinin təminatı adı ilə həmin marşruta əlavə hərbi kontingentin yerləşdirilməsinə yönəldəcək.

Moskva bu addımları atmaqla Cənubi Qafqazda regional kommunikasiyaların normallaşacağı və transbölgə layihələrinin intensivləşəcəyi dövrdə hadisələrə təsir imkanlarına yiyələnmək arzusundadır.

Məhz buna görə Rusiyanın Sülhməramlı Kontingentinin 2025-ci ildə Azərbaycan ərazisini tərk etməsi Moskvaya real geosiyasi və iqtisadi dividentlər verə bilər.

Rəcəb Tayyib Ərdoğan Qərbin maraqlarının bölgədə ən ciddi təminatçısı və təmsilçisi olmaqla yanaşı, türkdilli dövlətlərin mənafelərinin qoruyucusudur.

Belə ciddi geosiyasi fiqurla, lider mövqeyə malik dövlət başçısı ilə münaqişə isə Rusiyanın maraqlarında deyil,

2025-ci il Cənubi Qafqazda ciddi geosiyasi yeniliklər və hətta dönüş ili ola bilər.

Bakı və Ankaranın qardaş münasibətləri, eyni mövqedən çıxış etmələri, kollektiv Qərbin də öz merkantil maraqlarını təmin etmək üçün proseslərdə müşahidəçi mövqe tutmamaq istəməməsi hadisələri daha da sürətləndirəcək.

Elçin Alıoğlu
Trend






Fikirlər