Brüssel görüşü niyə təxirə salındı?

Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqazdakı astagəl, ləng və problemlərin uzunmüddətli həllinə yönəlmiş siyasəti Qərbin bir sıra istiqamətlərdə zəifləyərək önəmli məqamları Rusiya ilə İrana məcburi təhvil verməsi ilə nəticələnib.

Vəziyyət Qərb üçün gerçəkdən də, ürəkaçan deyil və bunu Azərbaycanla Ermənistanın liderlərinin Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə bu ayın sonunda Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlərinin təxirə salınması da sübut edir.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın mətbuat katibi Anri Dükenin dediyinə görə, "Azərbaycanq və Ermənisan liderlərinin Brüssel formatında üçtərəfli görüşü ilkin nəzərdə tutulduğu vaxtda çox yəqin ki, baş tutmayacaq".

Bununla belə o, uğursuzluğu etiraf etmək istəməyib və Şarl Mişelin rəhbərlik etdiyi prosesə sadiq qaldıqlarını vurğulayıb.

"Növbəti sammitə hazırlıqla bağlı Azərbaycan və Ermənistanla hazırda məsləhətləşmələr aparırıq. Ümid edirik ki, ilk imkanda Brüsseldə görüş baş tutacaq", - A.Düken deyib.

Brüssel formatında növbəti görüşlə müzakirələrin baş tutmasının rəsmi səbəbi kimi "vaxt çatışmazlığı" göstərilsə də, əsl səbəb Avropa İttifaqının gözləmə mövqeyi tutaraq Ermənistan tərəfininin qeyri-adekvat davranaraq fərqli bəyanatlar verməyə göz yumması, yaşananlara heç bir reaksiya verməməsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanmasına yönəlmiş danışıqların üç istiqamətini (Vaşinqton, Brüssel, Moskva) faktiki olaraq süni maneələr və əngəllər vasitəsilə ləngitməklə məşğuldur.

Avropa İttifaqını (Aİ) iqtisadi birlikdən geosiyasi struktura çevirməyə çalışan Fransa eyni zamanda Ermənistana total dəstək verərək Cənubi Qafqazdakı proseslərə İrəvandan alət qismində istifadə edərək müdaxilə etməyə çalışır. Prezident Emmanuel Makronun bu avantürist taktikası Parisin yeni, uğura köklənmiş strategiyası kimi qələmə verilsə də, fransız diplomatiyası son illərdə dünyanın müxtəlif bölgələrində uğradığı məğlubiyyətlər sırasına deyəsən, daha birini əlavə etməyə çox yaxındır.

ABŞ-Aİ tandemi onillər əvvəl Qarabağ münaqişəsini həll etməyə çalışdığını bəyan etmiş, hətta ATƏT-in Minsk Qrupu kimi amorf və ölü doğulmuş bir struktur yaradaraq Rusiya-ABŞ-Fransa üçlüyü vasitəsilə "nə isə etmək naminə nə isə etmək" taktikasını yürütməyə başlamışdı.

Qərb hələ də etiraf etmək istəməsə də, onun əsas məqsədi münaqişəni çözmək yox, mümkün qədər uzun müddətə dondurmaq idi. Qarabağ problematikasının həlli Qərbin strateji maraqlarına zidd idi, çünki problem həm Ermənistana, həm Azərbaycana təzyiq göstərmək, bir sıra sahələrdə güzəştlərə nail olmaq, geosiyasi və iqtisadi maraqları təmin etməyə imkan verirdi.

Xüsusilə də Azərbaycanla bağlı Qərbin mövqeyi aydındı: Bakıya vədlər verərək mümkün qədər çox güzəştlər əldə etmək.

31 il davam edən bu prosesdə Azərbaycan problemin həllinə nail olmaq üçün bir sıra variantların müzakirəsinə, hətta nizamlanma prosesinə regiona tamamən yad qüvvələrin cəlb edilməsinə də qismən razı idi. Amma bütün bunların müqabilində rəsmi Bakı nail ola biləcəyi sonucun əlverişsiz olduğunu gördü.

Qərb bizə erməni işğalında olan 7 rayondan 5-nin azad olunmasını, Laçın və Kəlbəcər rayonlarının "qarabağlı ermənilərlə Ermənistan arasında nəqliyyat-kommunikasiya məkanı" qismində ermənilərdə qalmasını, üstəlik Xankəndindəki separatçı rejimlə "status, hüquqların və təhlükəsizliyin təminatı ilə bağlı danışıqlar" aparmağı təklif etmişdi.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Kanadanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib ki, Brüssel görüşünün baş tutmamasına səbəb Azərbaycan Prezidentinin vaxtının olmamasıdır:

"Biz hələ də görüşə hazırıq. Ümid edirəm ki, səbəb həqiqətən də, vaxtın azlığıdır. Və görüşün yeni tarixlərini müəyyən etmək imkanı olacaq. Ermənistan görüşə hazırdır, artıq dediyim kimi, biz sülh gündəminə sadiqik", - Mirzoyan vurğulayıb.

Daha əvvəl rəsmi Bakı və İrəvan yekun sülh sazişini ilin sonunadək imzalanmasına nail olmağa çalışdıqlarını vurğulamışdılar.

Xatırladaq ki, oktyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edib. İki gün sonra, oktyabrın 19-da isə N.Paşinyan İrəvanda litvalı həmkarı İnqrida Simonite ilə görüşdə bəyan etmişdi ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində sülh üçün yol xəritəsi müəyyən edilib.

Prosesin rəvan, Qərbin də sülh sazişinə meylli olması ilə bağlı bəyanatlar reallığı əks etdirmir.

Belə ki, İspaniyanın Qranada şəhərindəki semmitində Şarl Mişel, Nikol Paşinyan, Olaf Şoltz və Emmanuel Makron tərəfindən qəbul edilmiş bəyanatda tərəflər "Azərbaycan və Ermənistanın suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qaldıqlarını vurğulayıblar".

Amma elə həmin sənəddə vurğulanırdı: "Qarabağ erməniləri öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını heç bir şərt olmadan, beynəlxalq monitorinq altında istifadə etməkdə azad olmalıdırlar".

Yəni Brüssel görüşünün baş tutmamasının səbəbi Bakı yox, Fransanın planları və bu planların tərkib hissəsi olan Ermənistanın mövqeyidir.

Nikol Paşinyan sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə artıq aylardır ki, fasiləsiz olaraq süni maneələr yaradır, "daha yaxşı nəticə əldə etmək" ümidi ilə vaxtı uzadır, az qala hər həftə yeni bəhanələri gündəmə gətirir, şərtlər səsləndirir.

Onun Fransadan alınan narrativləri səsləndirməsi isə təbii ki, prosesə ağır zərbələr vurmaqdadır.

Halbuki bu saziş Bakıdan çox, İrəvana gərəkdir. "Qarabağ münaqişəsi" artıq tarixə qovuşduğundan, rəsmi Parisin istəyi və təkidi ilə ermənilərin gündəmdə saxlamağa çalışdıqları yeganə mövzu "qarabağlı ermənilərin geri qayıdışının, onların hüquqlarının və təhlükəsizliklərinin təminatı"dır.

Sülh sazişi ilə yanaşı, təcili həllini gözləyən məsələlər Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyaı, bu prosesdə hansı xəritələrin əsas götürüləcəyi, hazırda Ermənistanın işğalında olan 8 Azərbaycan kəndinin azad olunması, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması, regional iqtisadi və nəqliyyat əlaqələri ilə kommunikasiyaların bərpasıdır.

Yəni yol xəritəsi icra olunmalıdır. Həmin yol xəritəsi isə Zəngəzur dəhlizi layihəsi olmadan natamamdır. Ermənistan bundan sonra da aqressiv, inadkar mövqe tutaraq layihəni gerçəkləşdirmək istəməsə, Azərbaycan alternativ olaraq İran ərazisindən keçəcək Şərqi Zəngəzur dəhlizi layihəsini seçə bilər.

Digər məqam isə odur ki, Fransa prezidenti Emmanuel Makronun təkidi ilə Qranadada qəbul edilmiş bəyanat bütün hallarda sülh prosesinə mənfi təsir göstərib. Parisin destruktiv fəaliyyəti, Ermənistanın xarici siyasətinin məlum istiqamətlərini bəlirləməyə başlaması və İrəvandakı siyasi elitalardan marionet qismində istifadə etməyə başlaması heç bir halda bölgədə sülhün bərqərar olmasına yönəlmiş cəhdlər sayıla bilməz.

Əgər belə davam edərsə, Şarl Mişelin vasitəçilik strategiyaı Emmanuel Makronun taktikasını təkrarlayarsa və Avropa İttifaqının problemlərlə bağlı mövqeyi Qranadadakı "bəyanat" çərçivəsində olarsa, danışıqların Brüssel formatı bizim üçün önəmini itirəcək.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgəmizdəki problemlərin həlli ilə bağlı qərarların məhz regional müstəvidə qəbul edilməsi Cənubi Qafqazdan çox uzaqda təsbitlənən qərarlardan daha üstün, daha əhəmiyyətlidir.

Qranada bəyannaməsində Azərbaycanla yanaşı, Türkiyə qarşısında da absurd şərtlərin qoyulması (Ermənistanla sərhədlərin dərhal açılması və s.) birmənalı olaraq Bakı və Ankaraya diqtə cəhdi olduğundan, qəbul edilmir və edilə də bilməz.

Brüssel görüşünün baş tutması əslində Avropa İttifaqının - xüsusilə də Fransanın - Nikol Paşinyanın az qala bütünlüklə dəstəklənməsindən ibarət mövqeyi, Şarl Mişelin də təşəbbüslərinin Qranada bəyannaməsi çərçivəsinə salmaq cəhdləri Brüsselin vasitəçiliyinə inamı azaldır, sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə ciddi maneələr yaradır.

Makronun aqressiv ritorikası, Ermənistanla erməniləri ifrat dəstəkləməsi Ermənistanı hazırda ABŞ-Avropa İttifaqı tandemi ilə Rusiya-İran dueti arasında kəskin geosiyasi qarşıdurma məkanına çevirib.

Nəticədə yaşananlar Azərbaycanla Ermənistan arasında sülhz sazişinin imzalanması prosesi ilə yanaşı, bütün region üçün təhlükəli situasiya formalaşdırır.

Özlərini "obyektiv tərəf" kimi göstərən, əslində isə aşkar şəkildə tərəf tutanların "təşəbbüs"ləri belədirsə, Bakı onları niyə dəstəkləmədir - bəlli deyil.

Brüssel formatı vaxt keçdikcə, ATƏT-in Minsk Qrupunu xatırlatmağa başlayır və Bakını əlavə, alternativ formatlara nəzər salmağa vadar edir.

Belədə Brüssel görüşünün təxirə düşməsinə niyə təəccüblənməliyik ki...

Elçin Alıoğlu
TREND






Fikirlər