Əsas Səhifə > Siyasət > “Qarabağ münaqişəsinin ədalətli həlli üçün...”
“Qarabağ münaqişəsinin ədalətli həlli üçün...”22-05-2016, 17:20 |
Mayın 21-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotıqa ilə görüşüb. Müdafiə nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən təxribatları, Azəbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlardan, o cümlədən beynəlxalq konvensiyalarla qadağan olunan sursatlardan istifadə edilməsi faktlarını qonağın diqqətinə çatdırıb. Müdafiə naziri, beynəlxalq birlik, o cümlədən Avropa təsisatları tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq müddətdə erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qaldığını da bir daha xatırladıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb. Sülhməramlı əməliyyatlara verdiyi töhfəyə, Əfqanıstandakı missiyanın peşəkar səviyyədə icra olunmasına görə Azərbaycana dərin minnətdarlığını ifadə edən xanım A.Fotıqa ölkəmizin terrorizmə qarşı mübarizədə fəallığını da yüksək qiymətləndirib. Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə Azərbaycanın önəm verdiyini vurğulayan qonaq ölkəmizin ciddi və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib.
Geri qayıt |