Əsas Səhifə > Siyasət > 12 ölkəyə
12 ölkəyə10-01-2017, 09:47 |
Azərbaycanı beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevirən Prezident İlham Əliyev ötən il ərzində də fəal xarici siyasət yürüdüb Qlobal transformasiya dövrünü keçən dünyada beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi siyasi-iqtisadi proseslərə təsir etmək heç də bütün dövlətlərə nəsib olmur. Lakin sevindirici haldır ki, bu baxımdan Azərbaycan Respublikası istisna təşkil edir. Çünki bu gün regionun sosial-iqtisadi gücü kimi bütün inkişaf parametrlərinə görə ölkəmiz nəinki Cənubi Qafqazda, hətta Şərqi Avropa regionu üzrə güclü dövlət olaraq qəbul edilir. Məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib. Azərbaycan beynəlxalq tədbirlərə, forumlara, konfranslara evsahibliyi etdiyi kimi xaricdə də aktiv şəkildə təmsil olunur. Bu, özünü 2016-cı ildə də bir daha göstərdi. Düşünülmüş, uğurlu xarici siyasət, xalqın maraqlarına layiqli xidmət Ötən il Prezident İlham Əliyev demək olar ki, əksər beynəlxalq əhəmiyyətli tədbirlərə dəvət aldı və bu toplantılarda həmişə olduğu kimi Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. Nazirlər Kabinetinin iclasında dövlət başçısı bu səfərlərini belə dəyərləndirmişdir: “Mənim çoxsaylı xarici səfərlərim beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirib. Mən ilin əvvəlindən bəri bir neçə beynəlxalq tədbirdə iştirak etmişəm. Davos Ümumdünya İqtisadi Forumu - bu, dünya miqyasında birinci beynəlxalq tədbirdir. Orada həm iqtisadi, həm siyasi məsələlər gündəlikdədir. Ondan sonra Münxen Təhlükəsizlik Konfransı - bu da dünya miqyasında Davos Forumu ilə eyni səviyyədə olan beynəlxalq tədbirdir. Orada da Azərbaycanın, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi səsləndi. Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda mənim iştirakım Azərbaycanın mövqeyini və imkanlarını bir daha ortaya qoydu. Vaşinqtonda Nüvə Sammitində Azərbaycan fəal iştirak etmişdir. Bizim o sammitə dəvət olunmağımız ölkəmizin nüfuzunu göstərir. Çünki Azərbaycan nüvə dövləti deyil və Azərbaycanda nüvə tədqiqatları demək olar ki, aparılmır. Ancaq buna baxmayaraq, Azərbaycan oraya dəvət edilmiş ölkələrin sırasında idi. Eyni zamanda sammit çərçivəsində Amerikanın yüksək səviyyəli rəhbərləri ilə - Prezident, dövlət katibi ilə mənim çox səmərəli görüşlərim olmuşdur”. Prezident İlham Əliyevin ötən il ərzində xarici ölkələrə etdiyi səfərlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqli xidmətini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə, təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə imkan verdi. Prezident İlham Əliyev ötən il 9 beynəlxalq toplantıda iştirak edib Hər il olduğu kimi, 2016-cı ildə də dövlət başçısının xarici səfərləri, beynəlxalq konfranslara, forumlara dəvət edilməsi ölkəmizin dünyada xüsusi önəmini göstərdi və eyni zamanda Azərbaycan üçün yeni imkanlar açdı. Prezident İlham Əliyev ötən il 9 beynəlxalq toplantıda - Davos Ümumdünya İqtisadi Forumunda, “Suriyaya və regiona dəstək” konfransında, Münxen Təhlükəsizlik Konfransında, IV Nüvə Təhlükəsizliyi Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, Dünya Humanitar Sammitində, NATO-nun Varşava Sammitində, MDB Dövlət Başçıları Şurasının iclasında, Dünya Enerji Konqresində iştirak edib və bu beynəlxalq tədbirlərin keçirildiyi müddətdə bir çox dövlət başçıları, hökumət nümayəndələri, tanınmış şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Yanvar ayının 20-də ilk səfərini İsveçrəyə edən Prezident İlham Əliyev Davos Forumunun “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında və forum çərçivəsində təşkil olunan dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısında iştirak edib. Prezident səfər çərçivəsində, yəni yanvarın 20-22-də dövlət başçıları, hökumət rəsmiləri, beynəlxalq şirkət və təşkilat rəhbərləri ilə 17 ikitərəfli görüş keçirib. Qardaşlıq nümunəsi - 2016-cı ildə Azərbaycan Prezidenti Türkiyəyə 4 dəfə səfər edib Prezident İlham Əliyev ötən il Türkiyə Respublikasına 4 dəfə səfər edib. Bu səfərlərin üçündə dövlət başçısı beynəlxalq tədbirlərə - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9 oktyabr) iştirak edib. İlk səfər mart ayının 15-də gerçəkləşib. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra Ankarada dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Bu səfərlər çərçivəsində dövlət başçısı 7 görüş keçirib. Azərbaycan nüvə ölkəsi olmasa da, ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət alır ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilən dövlət başçısı mart ayının 30-da bu ölkəyə səfər edib. Sammitdən öncə Prezident İlham Əliyev martın 31-də ABŞ Prezidenti Barak Obama, vitse-prezident Co Bayden, Dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker, dövlət katibinin müavini Tomas Şennon ilə mühüm görüşlər keçirib. Aprelin 1-də Vaşinqtonda baş tutan IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət başçısı, həmçinin ABŞ-ın ictimai xadimləri, bir sıra konqresmenləri, yəhudi təşkilatlarının rəhbərliyi, şirkət, bank sahibləri və qubernatorlarla ümumilikdə 13 görüş keçirib. Nazirlər Kabinetinin iclasında bu səfərlə bağlı fikir səsləndirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın həmin sammitə dəvət olunması ölkəmizin nüfuzunun göstəricisidir: “Çünki Azərbaycan nüvə dövləti deyil və Azərbaycanda nüvə tədqiqatları, demək olar ki, aparılmır. Ancaq buna baxmayaraq, Azərbaycan oraya dəvət edilmiş ölkələrin sırasında idi. Eyni zamanda sammit çərçivəsində Amerikanın yüksək səviyyəli rəhbərləri ilə - Prezident, Dövlət katibi ilə mənim çox səmərəli görüşlərim olmuşdur”. NATO-nun Varşava Sammiti - Azərbaycan həqiqətlərini təsdiqləyən sənədin qəbulu Azərbaycan Prezidenti iyulun 7-də NATO-nun Varşava Sammitində iştirak etmək üçün Polşanın paytaxtı Varşavaya işgüzar səfər edib. Dövlət başçısı iyulun 8-də bu alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrin, BMT, Avropa İttifaqı, eləcə də digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutan sammitin açılış mərasimində, həmçinin iyulun 9-da sammit çərçivəsində keçirilən Əfqanıstanla bağlı sessiyada iştirak edib. Prezident sammitdə çıxış edərək bir daha Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini dünya birliyinin diqqətinə çatdırıb. Səfər zamanı ölkə rəhbəri ABŞ-ın Dövlət katibi Con Kerri, Fransa Prezidenti Fransua Olland, Polşa Prezidenti Andjey Duda, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ikitərəfli görüşlər keçirib. Ermənistan prezidenti Serj Sarkisyanın Bişkekdə növbəti ifşası Ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki ölkənin rəhbərləri arasında görüşlər keçirilib - may ayının 16-da Avstriyada, iyunun 20-də isə Rusiyada. Sankt-Peterburq şəhərində bu ölkənin Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib. Prezidentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Sankt-Peterburq görüşünün çox müsbət keçdiyini söyləyən ölkə rəhbəri bu görüşün müəyyən ümidlər yaratdığını vurğulayıb. Məhz buna görə də görüşün nəticəsində birgə bəyanat qəbul edilib. Həmin bəyanatda Azərbaycanın mövqeyi kifayət qədər geniş yer alıb: “Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var”. Prezident İlham Əliyev sentyabrın 16-da Qırğız Respublikasına səfər edərək Bişkek şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə, sonra isə geniş tərkibdə keçirilib və sonda sənədlərin imzalanması mərasimi olub. Məhdud tərkibli iclasda Prezident İlham Əliyev iclasın gündəliyinə daxil olan məsələlər ətrafında geniş nitq söyləyib. Ancaq Ermənistan prezidenti Serj Sarkisyan əlinə düşən fürsətdən “yararlanmağa” cəhd edərək bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu iddia edib. Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin Prezident İlham Əliyevin xahişindən sonra Belarus Prezidenti danışmaq imkanını dövlət başçımıza verib. Prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verərək onu bir daha ifşa edib: “Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Enerji təhlükəsizliyi müzakirə ediləndə Azərbaycanı nəzərə almamaq mümkün deyil Prezident İlham Əliyevin ötən il iştirak etdiyi son beynəlxalq tədbir İstanbulda keçirilən Dünya Enerji Konqresi olub. Oktyabrın 9-da Türkiyəyə işgüzar səfər edən dövlət başçısı öncə İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Oktyabrın 10-da isə 23-cü Dünya Enerji Konqresinin açılışında iştirak edib. 1923-cü ildə yaradılan bu qurum bərpa olunan enerjinin gələcəyi ilə bağlı mühüm layihələr həyata keçirilən qlobal miqyaslı mötəbər forumdur. Təşkilatın 93 milli komitəsi aralarında bu sahədə ixtisaslaşmış qurumların da olduğu 3 mindən çox üzvü təmsil edilir. Əsas vəzifəsi hamının rifahına xidmət edən davamlı enerji tədarükü sisteminə əsaslanan enerji istifadəsini təşviq etməkdir. “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan, Rusiya və Venesuela prezidentləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak ediblər. AzerTaym.az
Geri qayıt |