Əsas Səhifə > Siyasət > MÜXALİF PARTİYALARIN yaxın planları

MÜXALİF PARTİYALARIN yaxın planları


11-10-2017, 09:14

 Onların əksəriyyəti diqqəti daxili təşkilati işlərə yönəldib

Milli Şuranın keçirdiyi son iki mitinqi çıxsaq, ölkədə axır vaxtlar müxalif siyasi partiyaların hansısa hərəkətliliyi müşahidə olunmayıb. Uzun müddətdir yaşanan süstlük davam edir. Qarşıdakı aylarda necə olacağı, ilin son aylarında partiyaların gündəmində, planında nələrin nəzərdə tutulduğunu dəqiqləşdirmək üçün araşdırma apardıq.

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, 15 oktyabrda  partiyanın Ali Məclisinin növbəti sessiyası keçiriləcək: “Sessiya saat 11-də partiyanın qərargahında olacaq. Hazırda sessiyaya hazırlıq gedir. Sessiyada KXCP nizamnaməyə müvafiq olaraq  növbəti qurultaya getmək haqda qərar verə bilər. Bu qərar olacaqsa, demək, yerlərdə rayon şöbələrinin və özək təşkilatlarında hesabat-seçki yığıncaqları olacaq ki, bu da təşkilatlanma və sənədləşmə işlərini artıracaq. Daha sonra bir çox tədbirlərin də keçirilməsi nəzərdə tutulur və s. Etiraz aksiyalarına gəlincə, bu barədə partiyada müzakirələr var, lakin qərar yoxdur. Biz keçirilən kütləvi aksiyaları dəstəkləyirik”.

Müsavat Partiyasının təşkilat şöbəsindən bildirildi ki, partiya bu ay keçiriləcək Məclisə və 21 oktyabra təyin edilən yürüşə hazırlaşır.

VİP sədri Əli Əliyev bildirdi ki, partiyadaxili işləri seçkilərə hesablanıb. Seçkiyə qədər olan dövrdə əsas vəzifə seçkidən törəyən işləri sistemləşdirmək, onlara hazırlaşmaqdır: “Təbii ki, cari məsələlər də diqqətimizdədir. Seçkini şərtləndirən amillər bizim iradəmizdən kənarda baş verir. Azərbaycan çox təhlükəli və burulğanlı mərhələyə qədəm qoyub. Bu ayın sonlarına Avropa Şurasının verdiyi ultimativ bəyanatın vaxtı bitir. Gələn ay prezident Əliyevin Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Brüsselə səfəri baş tutacaq. Faktiki Azərbaycan-AB münasibətlərinin müqəddəratına aydınlıq gəlməlidir. Azərbaycan-Qərb münasibətlərində gərginlik var. Ölkə daxilində artan hərarət hər addımda nəzərə çarpır. Bu və digər bir sıra məqamlar ciddi faktorlardır. Oktyabr-noyabr aylarında baş tutacaq hadisələr Azərbaycanın iqtidarın timsalında yeni beynəlxalq paradiqma müəllifi ola biləcəyimizi mümkün edir. Azərbaycan Qərbin güzəştsiz mövqeyində əmin olsa, Moskva ilə geridönməz yaxınlaşma qərarı verə bilər. Ona görə də bu ehtimallar gündəlik siyasi fəaliyyətimizi proqnoz edilməyən hala gətirir. Bu səbəbdən cari fəaliyyət planlı fəaliyyətdən az əhəmiyyət daşımır. Aksiyalar məsələsinə münasibətimiz bir qədər fərqlidir. Bizə görə, aksiyalar lazım olsa da, hələ onları həlledici vüsətdə görmürük. Cəmiyyət siyasi gözləntilərdən xeyli geri qalır. Hakimiyyət bu fərqi böyütməyə çalışır. Bu yolda aqressivliyin artacağını hesablayırıq. Eyni zamanda hesab edirik ki, proseslərin təcil alması qaçılmazdır. Gücümüzün o dövrə qədər qorunmasını düzgün sayırıq. Əgər milli suverenliyimizə və dövlətə təhlükə mahiyyəti kəsb edən hadisələr ortaya çıxsa, təbii ki, dərhal aksiyalara qərar veriləcək, olanlara isə iştiraki və təşkilati dəstək də verəcəyik”.

ADP sədrinin müavini Həsrət Rüstəmov bildirdi ki, partiyanın İdarə Heyətinin hər həftə keçirilən iclasları qarşıdakı aylarda da davam edəcək: “Rayon təşkilatları ilə əlaqələrin artırılması və digər təşkilati işlər nəzərdə tutulur. Partiyanın özünün ayrıca mitinq qərarı yoxdur”

AMİP katibi Əli Orucov isə bildirdi ki, partiyanın hər ilin əvvəlində illik fəaliyyət proqramı və iş planı Siyasi Şuranın müzakirəsinə çıxarılır və təsdiq edilir. Eyni zamanda hər ay partiyanın mərkəzi aparatının və katibliyin iş planı təsdiqlənir. Yaxın aylar üçün əsas diqqət yerli strukturların daha da möhkəmləndirilməsi, qadınlar və gənclər təşkilatının fəaliyyətinin artırılması və təşkilatlanma məsələlərinə yönəldilib: “Qarşıdan prezident seçkiləri gəlir. Bununla paralel bir sıra tədbirlər keçirmək nəzərdə tutulub. Xüsusən də ölkədəki sosial-iqtisadi problemlərin, ölkənin beynəlxalq imici və digər vacib problemlərin qabardılması və ictimai müzakirəsinin təşkili var. AMİP-in gündəmində, hələ ki, siyasi aksiyalar yoxdur”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirdi ki, ümumiyyətlə, partiya olaraq əsas iş təşkilatlanmadan ibarətdir: “Sevindirici haldır ki, son zamanlarda sıralarımıza yeni gənclərin qatılması prosesi artıb. Həftəiçi müavinlərlə toplantılarımız baş tutur, yol xəritəmiz, fəaliyyət planımız müzakirə olunur, qurultaya hazırlıq işləri sürətləndirilir. Yeni qatılan gənclərlə işləyirik. Gənclərimizi xərcləməmək əsas məqsədlərimizdən biridir. Partiyamızın bundan sonrakı fəaliyyətində də tutduğumuz siyasi xətti yürütməkdə davam etmək əsas məqsədlərimizdir. Ölkədəki ictimai-siyasi prosesləri hər gün dəyərləndiririk. Hazırda da rəhbərliyin iştirakı ilə rayon təşkilatlarının yeni konfransları, regional müşavirələri keçirilir. Yaxın 3 ay ərzində istiqamətimiz qurultaya hazırlıq yönündədir. Partiyanın gündəmində mitinq keçirmək yoxdur. Hələ ki, bu barədə bir qərar verilməyib”.

AĞ Partiyanın sədri Əhəd Məmmədli isə qeyd etdi ki, partiyanın yaxın 3 ayda təşkilatlanmaq, təbliğat işləri və gələn il keçiriləcək prezident seçkilərinə hazırlıq işləri başlayıb: “2018-ci ildə prezident seçkilərində öz namizədimiz olacaq və bu namizəd partiyanın başqanı Tural Abbaslı olacaq. Bundan əlavə, AĞ Partiyanın elektoral bazası qurulmaqdadır. Bildiyiniz kimi, AĞ Partiya ənənələrə söykənən bir ideoloji partiyadır. Və ölkəmizin əsas təbəqəsi olan mühafizəkar əhali arasında AĞ Partiyanın təbliğatı gedir. Bu prosesin prezident seçkilərinə qədər tamamlanmasını hədəfləmişik. Üstəlik, partiyanın xarici əlaqələri də qurulmaqdadır. Yaxın aylarda AĞ Partiyanın rəhbər heyətinin xaricə səfəri də gözlənilir”.

 


Geri qayıt