Əsas Səhifə > Siyasət > QARABAĞ məsələsi bölgəni

QARABAĞ məsələsi bölgəni


12-10-2017, 09:58

Bakı silahları vitrinə qoymaq üçün almır; həmsədr ölkələrin müharibəni önləməyə yönəlik səyləri yetərli olmaya bilər; rusiyalı politoloq: “Cəbhədəki nisbi sakitliyin təminatçısı hələ ki Moskvadır, amma...

Dağlıq Qarabağla bağlı sülh danışıqlarının dalana dirənməsi istər-istəməz müharibə variantını gündəmdə saxlayır. Bunu da hamıdan yaxşı yəqin ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bilirlər. Doğrudur, son vaxtlar vasitəçilər nəsə etməyə, nizamlama prosesini dalandan çıxarıb ona yeni bir dinamika verməyə çalışırlar, bu məqsədlə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün ardınca, prezidentlərin də təmasını təşkil etməyə səylər göstərirlər, ancaq çətin ki, bu qəbildən təşəbbüslər real nəticə versin. Əsas da o səbəbə ki, həmsədrlərin konfliktin həllinə yanaşması konseptual olaraq yanlışdır.

Təbii ki, hər üç vasitəçinin - Rusiya, ABŞ və Fransanın timsalında Avropa Birliyinin konfliktdə öz maraqları var. Hələlik onların yalnız bir məsələdə mövqeyi belə görünür ki, tam üst-üstə düşür: bu da münaqişə zonasında genişmiqyaslı hərbi əməliyyatların başlanmasında onlardan heç birinin maraqlı olmamasıdır.

Müharibəni Azərbaycan da arzulamır. Lakin atəşkəs rejimi, mövcud status-kvo da sonsuzadək davam edə bilməz. Ən azı, ona görə ki, bölgədə olduqca böyük həcmdə silah-sursat cəmləşib və nə vaxtsa onlar hərəkətə gələ bilər.

*****

Şübhəsiz ki, söhbət ən əvvəl Azərbaycanın hərbi imkanlarından gedir. Ermənistana, vasitəçi dövlətlərin hamısına, o cümlədən Rusiyaya aydın olmalıdır ki, Bakı ən müasir və bahalı silah-sursatı, döyüş sistemlərini uzun müddətə vitrinə qoymaq üçün almır, özünün silahlı qüvvələrinin döyüş və hərbi hazırlığını artırmaq, işğalçı Ermənistan üzərində əzici hərbi üstünlüyü saxlamaq və sülh danışıqları nəticə verməməkdə davam edərsə, nəhayət, əl əlverişli bir fürsətdə öz torpaqlarını silah gücünə işğaldan azad eləmək üçün edir.

Image result for Zakir Həsənov Belarusiya

Bu mənada Azərbaycanın dost-müttəfiq və strateji tərəfdaş dövlətlər hesabına öz hərbi qüdrətini artırmağı davam etdirməsi tamamilə məntiqlidir. Bu xüsusda ölkənin müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təzəcə başa çatan Belarus səfəri də, gözlənildiyi kimi, istisna olmadı. Diqqətçəkicidir ki, Belarus prezidenti Aleksandr Lukaşenko səviyyəsində də isti qəbul edilən Azərbaycanın hərbi nazirinin Minskdəki görüşlərində aparıcı mövzu məhz iki ölkə arasında hərbi-texniki əməkdaşlığı daha da dərinləşdirməklə bağlı olub.

Nəzərə alsaq ki, Belarus işğalçı Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) həbi blokunun üzvüdür və Azərbaycana qarşı həmişə rəğbəti ilə seçilib, o zaman bu tərəfdaşlığın önəmi daha da artmış hesab oluna bilər.

Söhbət ilk növbədə Belarusun “Polonez” uzaq mənzilli reaktiv yaylım atəş sisteminə Azərbaycanın marağından gedir. Vurma məsafəsi 280 km olan bu sistemlər hətta “İsgəndər” taktiki raket sistemlərinə rəqib sayılır və yəqin ki, Bakı tezliklə onlara da sahib olacaq.

*****

“İsgəndər”lərdən söz düşmüşkən, maraqlıdır ki, bu arada KTMT-nin erməni əsilli baş katibi Yuri Xaçaturov “İsgəndər” raketlərinin sınaqdan keçirilə biləcəyi ilə bağlı fikirlər səsləndirib. Politoloq Arzu Nağıyev isə hesab edir ki, ermənilər bununla “İsgəndər” raketlərinə sahib olduqlarını bir daha gündəmə gətirmək istəyirlər (axar.az). “Əslində ”Rus NATO-su"nun erməni əsilli rəhbərinin fikirləri heç də erməni tərəfinin mövqeyi deyil. Xaçaturov “İsgəndər” raketlərinin sınaqdan keçirilə biləcəyi ilə bağlı fikirlərində Rusiyaya arxalanır. Verilən mesajın arxasında da Türkiyənin S-400-ləri almağa təhrik edilməsi məsələsi gizlənir", - deyə o vurğulayıb.

İstənilən halda Arzu Nağıyev də regionda bu qədər silahın cəmlənməsini mövcud dönəmdə çox təhlükəli hesab edir: “Ermənistan siyasi, iqtisadi cəhətdən çox ağır bir vəziyyətdə yaşasa da, Rusiyanın verdiyi bu silahlardan istifadə etmək imkanına malikdir. Digər tərəfdən, ”İsgəndər" məsələsi artıq status-kvonu saxlamaq üçün bir hədə mənbəyinə çevrilir".

Qeyd edək ki, Yuri Xaçaturov “İsgəndər” raketlərinin praktik cəhətdən Ermənistanda sınağının çox çətin olduğunu bildirib: “Çünki bizim ərazimiz çox kiçikdir. Təsadüfən o, Türkiyəyə də uça bilər”. Yəni bununla, faktiki şəkildə Azərbaycanın əsas müttəfiqi Türkiyəni hədələmiş olub.

Image result for İsgəndər M

Ancaq məsələ də ondadır ki, hazırda Ankara ilə Moskva arasında münasibətlər heç vaxt olmadığı qədər istidir. Tərəflər arasında hətta “S 400" sistemləri ilə bağlı, faktiki, anlaşma əldə edildiyi deyilir. Bir detalı xüsusi qeyd eləmək lazım gəlir ki, Ermənistandakı ”İsgəndər" sistemləri də daxil, hətta təzəcə yaradılan ortaq hərbi birləşmə də Moskvanın kontrolundadır və İrəvan onlardan nə Azərbaycan, nə də Türkiyəyə qarşı istifadədə müstəqil iradə yiyəsi deyil.

*****

Konflikt zonasında isə gərgin və qeyri-müəyyən vəziyyət qalmaqda davam edir. Rusiyalı ekspertlərin bu xüsusda öz qiymətləndirmələri var. Məsələn, politoloq Vladimir Yevseyevə görə, bu ilin iyulunda Soçidə Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra təmas xəttində gərginlik qismən səngiyib. Musavat.com-un məlumatına görə, bu haqda o, AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində bildirib.

Image result for KTMT

“Gərginliyin azalmasında Moskvanın heç bir rol oynamadığını söyləmək doğru olmazdı. Bununla belə, Rusiya Minsk Qrupu həmsədrlərindən biridir və fikrimcə, danışıqlar formatını dəyişmək istəmir. Ancaq Rusiya formatı dəyişməkdə maraqlı olmasa da, istisna deyil ki, Azərbaycan və Ermənistan prezidentlərinin ilyarımlıq fasilədən sonra növbəti görüşü də yenə məhz Kremlin təşəbbüsü ilə baş tuta bilər”, - deyə o qeyd edib.

Rusiyalı ekspert bir maraqlı fikir də söyləyib. Onun sözlərinə görə, Qarabağ cəbhəsində nisbi sakitlik daha çox gələn ilin martında Rusiyada gözlənilən prezident seçkiləri ilə bağlıdır. “Fikrimcə, Moskva Soçi goruşü zamanı regionda sakit situasiyanın saxlanması ilə bağlı İlham Əliyevdən bəzi zəmanətlər alıb” - ekspert əlavə edib.

Rusiyalı politoloqun bu sözlərinin nə dərəcədə gerçək olduğunu yəqin ki, yaxın aylar göstərəcək. Həm də o anlamda ki, belə bir zəmanəti Bakı veribsə belə, yəqin ki, sülh danışıqlarında hansısa real irəliləyişin qarşılığında verib. Hər halda, işğal rejiminin uzanması ən çox Ermənistana sərf edir.  


Geri qayıt