Əsas Səhifə > Siyasət > Sabir Rüstəmxanlı:
Sabir Rüstəmxanlı:17-10-2017, 14:54 |
Sabah müstəqilliyimizin 26-cı ili tamam olacaq. 26 il bundan qabaq Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. 1991-ci il dekabrın 29-da isə ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Modern.az saytı müstəqilliyimizin qəbul olunduğu ərəfədə meydanlara atılmış, Müstəqillik Aktına imza atmış xalq şairi Sabir Rüstəmxanlının fikirlərini öyrənib. Sabir Rüstəmxanlı saytımıza açıqlamasında o dövrü heç zaman unutmayacağını deyib. “Mənim üçün ən xoşbəxt gün 1991-ci ilin 18 oktyabr tarixidir. Həmin gün biz oturub ağlayırdıq ki, nəhayət, Moskvanın qulbeçəsi olan köhnə kommunistlərə, zərrə qədər vətən eşqi olmayanlara o sənədi qəbul etdirə bilmişik. 1991-ci ilin 17 oktyabrında hamımız Ali Sovetin binası ətrafında toplaşmışdıq. Müstəqillik haqqında sənəd qəbul edilməyənə qədər Ali Sovetin ətrafını tərk etməyəcəyimizə söz vermişdik. Xalq yumruq kimi birləşmişdi. Hamı könüllü şəkildə ölkənin müstəqilliyinə can atırdı”. Xalq şairi deyir ki, o zamankı Kommunist Partiyasına başçılıq edənlər 1991-ci ilin martında referendum keçirdilər. Bütün əhalini SSRİ-nin tərkibindən ayrılmaq istəməməyə məcbur etdilər. O zamankı meydan hərəkatının fəal üzvlərindən olan Sabir Rüstəmxanlı təəssüf etdiyi məqamları da dilə gətirib. “Təəssüf ki, həmin sənədi qəbul edən o zamankı deputatların heç biri indi deputat təqaüdü almır. Müstəqilliyin əleyhinə olan bəzi adamlar isə bu gün müxtəlif vəzifələrin başındadırlar. Təəssüf ki, belə bir paradoks yaşayırıq. O zamanların əziyyətini çəkən adamlar bu gün yenə bir kənarda əziyyətin içində yaşayırlar. Amma o zaman müstəqilliyin əleyhinə olanlar indi üçrəngli bayrağın altında otururlar və özlərini elə aparırlar ki, sanki müstəqilliyin əleyhinə biz səs vermişik. Dolayı yolla müstəqilliyin tərəfdarı olanlara bir kin, istehza ilə yuxarıdan-aşağı baxırlar. Yəni deyirlər ki, “nə olsun ki, siz bu işi gördünüz, amma xeyrini görən bizik”. Geri qayıt |