Əsas Səhifə > Siyasət > Avropanın “xınalı KƏKLİYİ”

Avropanın “xınalı KƏKLİYİ”


19-10-2017, 10:39

Moskvanın dəstəyi ilə vəzifə alan sabiq kanslerə münasibət mənfidir, amma...


“Avropa İttifaqı unutmamalıdır-Türkiyə ilə Rusiyanın Avropaya qarşı alternativi var-bu, Çindir. Biz öz düşünülməmiş hərəkətlərimizlə hər üç ölkəni birliyə sürükləyirik. Halbuki aramızda əməkdaşlıq üçün geniş şərait var. Türkiyəsiz, Rusiyasız Avropa qitəsində stabillik yaranmayacaq. Aramızdakı iqtisadi əməkdaşlığı dərinləşdirməliyik” - bu acı etirafı Almaniyanın sabiq kansleri (1998-2005) Qerhard Şreder “Die Welt”ə verdiyi müsahibəsində söyləyib.

Müsahibəsində o, Avropa İttifaqının “Rostneft” şirkətinə qarşı sanksiyaları mövzusuna da toxunub: “İqtisadi əməkdaşlıq bütün düyünləri açan sehrli çubuqdur” deyərək, Almaniya siyasətçilərinin ünvanına söylədiyi tənqidləri qulaqardına vurub.

Qerxard Şreder indiki Avropada ən “bərkgedən” Rusiya yanlısı kimi tanınır həm də. 2005-ci ildə məhz o, Putinlə danışıqlardan sonra Şimali Avropa Qaz Kəməri layihəsi altına öz mübarək imzasını qoyub. Sonra bu şirkətin səhmdar şöbəsinə - “North European Gas Pipeline Company”yə sədr təyin olunub Moskva səhmdarları tərəfindən. Birinci qərarı o, Almaniya kansleri kimi imzalayıb. İkinci qərarı istefaya getdikdən sonra, adi təqaüdçü kimi. Təbii, bu, çoxsaylı suallarla qarşılanıb Almaniya mətbuatı, ictimaiyyəti tərəfindən. Qido Vestervelle-tanınmış alman siyasətçisi, “rüşvət xortumu” adını verib bütün bunlara. Məhkəmələrin diqqətini bu nöqtəyə yönləndirib. Ancaq Şrederlə arasındakı məhkəmə dartışması nəticəsiz qalıb. Öz lazımi bəhrəsini verməyib.

Related image

***

Alman mətbuatının iddialarına görə, Şimali Avropa Qaz Kəmərinin tikintisinə Şreder 1 milyon avro maaş müqabilində qoşulub. “Şreder təqaüdə çıxmış bütün digər siyasətçilər kimi leksiya oxumaq istəmir tələbələrə. Kasıblar üçün ucuz mənzil inşaatına maraq göstərmir. O, Rusiya maraqlarına, ”Qazprom" səhmlərinə sevgisini gizlətmir hətta. Bu, birmənalı şəkildə satqınlıqdır". “The Washington Post” qəzetinin bu ittihamları bir ara Qərb mətbuatını əməlli-başlı silkələsə də, nə xeyri? Şreder yenə əvvəlki kimi Moskvaya daha çox qulaq asır, nəinki Qərb siyasətçilərinə.

“Qazprom” şirkəti ilə işbirliyi bu yaxınlarda Şrederə təzə bir vəzifə də gətirib. “Rosneft” şirkətinin 29 sentyabr 2017-ci ildə keçirilən növbədənkənar seçkilərində o, şirkətin sədri kürsüsünə yiyələnib. Qərb siyasətçiləri xəbəri eşidincə dinc durmayıblar. Qalstuklarının düyününü azca boşaldıblar boğazlarında. Sonra mətbuata bu barədə itin sözünü deyiblər: “Şreder Polşa ilə Baltikyanı ölkələri, Ukraynanı, Belarusu neft-qaz kəmərlərindən kənarda saxlamaqla nə etdi? Bu ölkələri keçi qiymətinə Moskvaya satdı. Belə olmaz”.

Image result for Gerhard Shreder

Kristian Vulf-Aşağı Saksoniyanın baş naziri səsləndirilmiş ittihamlarda lap dərinə gedib: “Şreder müşahidə şurası sədri vəzifəsindən təcili ayrılmalıdır. Əks halda, izah etsin-niyə Putin onu öz səhmdar şirkətinə sədr təyin edib? Niyə indi o, ”Rostneft"in başçısıdır? Gün hardan doğdu? Harda batdı? Mən şübhə ilə baxıram bütün təyinatlara".

***

Qerhard Şrederin “arxa cəbhəsində” müəyyən boşluqlar mövcuddur. Şrederin sabiq katibəsi Sabina Şvind fon Eqelştayn buna canlı nümunədi. Məsələn, mətbuata verdiyi gurultulu bir müsahibəsində o, öz köhnə şefini saçına həna qoymaqda ittiham edib. Deyib ki, Qərb siyasətçiləri “xınalı kəklik” deyillər. Saçlarına həna qoymurlar. Rusiyada, Şərqdə hə, bu çox yayğındı. Qəddafi, Səddam Hüseyn saçlarını boyayıblar. Xınalı kəklik olublar. Qərbdə isə bu dəb deyil. Saç boyamağı kimdən öyrənib eyy Qerxard Şreder? Sözsüz, oturub durduğu Şərq diktatorlarından.

Image result for Gerhard Shreder

Qerhard Şrederə aldanmayın. O, təkcə saçlarını boyatmır. Gizlətdiyi yalnız ağ saçları deyil.

Belə getsə, Avropada hələ çox yeni şrederlər yaranacaq. Rusiya neft-qaz şirkətləri Şrederin nümunəsində özlərinə doşab almışdılarsa, bu, bal çıxdı. Həmin bu təcrübəni indi təkrarlamaq istəyən çox Qərb siyasətçisi var.

“İqtisadi əməkdaşlıq bütün düyünləri açan sehirli çubuqdur” - Şrederin bu gecikmiş etirafı indi çoxlarının qulaqlarında səslənib uzun əks-səda ilə müşayiət olunur. 


Geri qayıt