Əsas Səhifə > Siyasət > QABİL HÜSEYNLİ: “Onun tutduğu xətt hərbi toqquşmanı

QABİL HÜSEYNLİ: “Onun tutduğu xətt hərbi toqquşmanı


24-05-2018, 08:38

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı sülh danışıqları masasına tərəf kimi Dağlıq Qarabağdakı separatçı rejimin əyləşməsinə nail olmaq istəyir. O, artıq neçənci dəfədir ki, çıxışlarında “Dağlıq Qarabağ tərəfinin danışıqlarda iştirak etməsini Azərbaycan qəbul etməlidir” bəyanatını dilə gətirib.

Azərbaycanın Paşinyanın bu mövqeyini qəbul etməyəcəyi isə şəksizdir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə mövqeyi bəyan edilib. XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, beynəlxalq ictimaiyyət bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur: “Ermənistan Respublikası BMT Nizamnaməsinin 2 (4) maddəsini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edib və Azərbaycanın ərazilərini işğal edib. ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə əsaslı formada son qoydu. “Çiraqovlar və digərləri Ermənistana qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi təsbit edib: “Ermənistan Respublikası özünün hərbi mövcudluğu və hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub”, “onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir”.

Azərbaycana qarşı başlayan və bu günədək davam edən təcavüz və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu, yüz minlərlə Azərbaycan vətəndaşının işğal edilmiş ərazilərdən qovulması və bu ərazilərdə evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verilməməsinə cavabdeh olan Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır.

Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə görə münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır.

İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir".

XİN sözçüsü deyib ki, Ermənistanın əvvəlki rejimin səhvlərini təkrarlamayaraq, işğal və etnik təmizləmə siyasətinə son qoyması və öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər: “Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər tez regionda sülh bərqərar olar”.

Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a bildirdi ki, “Dağlıq Qarabağ Respublikası”nın danışıqlar prosesinə cəlb edilməsi Azərbaycan tərəfindən separatçı rejimin müstəqil bir subyekt kimi tanınması demək olar. Buna Ermənistan hələ 1994-cü ildə cəhd edib. Lakin cəhdi uğursuzluğa düçar olub: “Atəşkəsə dair Bişkek protokolu imzalanarkən Kazimirov başda olmaqla, ermənilərin separatçı rejimin də tərəf kimi danışıqlar masasında oturdulmasına cəhd eləmişdilər. Lakin mərhum prezident Heydər Əliyevin ciddi iradəsinə rast gələrək geri oturdular. O zaman da bildirildi ki, Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağda iki icma mövcuddur-Azərbaycanlıların icması və ermənilərin icması. Əgər erməni tərəfi icma şəklində danışıqlar prosesinə qatılmaq istəyirsə və Azərbaycanlı icmasının da bu prosesdə iştirakını istəyirsə Azərbaycan bu barədə düşünə bilər. Danışıqlarda tərəf kimi qondarma ”respublika"nın tanınması təklifi qəbul edilə bilməz. Bu, birincisi, ermənilərin danışıqlar prosesinə destruktivlik gətirmək cəhdidir. İkincisi, belə bir illüziya yaratmaq istəyirlər ki, guya Dağlıq Qarabağda müharibə əməliyyatlarını onların təbirincə desək, şanlı artsax respublikasının özünü, müdafiə qüvvələri aparıb və ətraf rayonları da onlar işğal ediblər. Yəni Ermənistanı tamamilə məsuliyyətdən kənarlaşdırmaq, hərbi əməliyyatlarda Ermənistanın iştirak etmədiyini sübuta yetirməyə çalışırlar. Əsas məqsədləri isə bu yolla qondarma separatçı rejimi beynəlxalq hüququn müstəqil subyekti kimi danışıqlar masası ətrafında əyləşdirməkdir. Bununla da Dağlıq Qarabağ bəlli bir statusa qovuşdurmaq və ardınca müstəqilliyinin qəbul etdirilməsinə nail olmaq istəyirlər. Bunu Azərbaycanda kiçik uşaq da başa düşür və heç kim qəbul etmir. Belə olduğu halda Nikol Paşinyanın indi bu məsələni ortaya atması o deməkdir ki, yeni baş nazir konstruktiv danışıqlardan imtina edir və Azərbaycana hərbi əməliyyatlara başlamaqdan başqa yol qalmır. Belə vəziyyətdə isə məsuliyyət tamamilə Ermənistanın üzərində qalacaq. Paşinyanın tutduğu xətt hərbi toqquşmanı qaçılmaz edəcək. Azərbaycan Paşinyan və onun dəstəsinə, Ermənistan hərbi qüvvələrinə lazım olan dərsi verəcək".


Geri qayıt