Əsas Səhifə > Siyasət > HAFİZ HACIYEVİN şortikli

HAFİZ HACIYEVİN şortikli


21-06-2018, 12:04

Partiya sədri Bakıda şortik geyinən kişiləri fitə basmağı təklif etmişdi

Bir neçə gün əvvəl Bakı metrosunda gənc qızın geyiminə görə qalmaqal yaranıb. Əvvəl şortik geyinən qızın oturuşu insanların qınağına səbəb olub. Qızla üzbəüz əyləşən kişi onun oturuşuna və geyiminə irad tutub. Bu isə gənc qızın xoşuna gəlməyib və aralarında mübahisə yaranıb. Sonradan mübahisəyə bir qadın da qoşulub  və qarşı tərəfin verdiyi cavablara əsəbiləşib ona hücum çəkib. Ətrafdakıların müdaxiləsi ilə mübahisə nisbətən səngiyib.

Metrodakı qalmaqalın videogörüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kimisi qıza haqq verib, kimisi ona hücum edən qadına...

Şortik mövzusu zaman-zaman medianın gündəminə gəlib. Metrodakı şortik davası illər əvvəl Hafiz Hacıyevin yaratdığı məşhur qalmaqalı da xatırlatdı. Novxanıda yerləşən məşhur restoranlarda “şortik qadağası” qoyulmuşdu.  Onda da şortik məsələsi ictimaiyyət tərəfindən geniş müzakirəyə səbəb olmuşdu. Ən kəskin cavab isə partiya sədri Hafiz Hacıyevdən gəlmişdi. O bildirmişdi ki, Bakıda şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub demək lazımdır ki, “ay əxlaqsız, ay şərəfsiz sən bədənini kimə göstərirsən?”.

Partiya sədri şortik geyinən kişilərə pis baxdığını bildirmişdi: “Artıq Azərbaycan xalqı bəzi adət-ənənələrini itirib. Avropada mənfi məqamlar görən kimi gəlib ölkəmizdə bunu tətbiq etmək istəyirik. Artıq artistlərimizin bir hissəsi bu milləti pozdu.  Azərbaycan televiziyaları isə əxlaqsızlığı yaymaqda bir nömrəli rol oynadılar. Nə qədər açıq-saçıq geyinən varsa onların hamısını nümayiş etdirdilər. Bunları görən bəzi oğlanlar bədənlərini nümayiş etdirməyə başladılar. Şortik geyinən şəxslərin əksəriyyəti harınlamış adamlardır. Özlərini aristokrat kimi təqdim etmək istəyirlər. Bunlar mənasız, dar düşüncəyə malik olan insanlardır. Azərbaycan siyasiləri utanmamalıdır, belə məsələyə reaksiya verməlidirlər. Abır-həyası, əxlaqı olan adam şortik geyinməz”.

Hafiz Hacıyev şortik ile ilgili görsel sonucu

H.Hacıyev çıxış yolu kimi şortik geyinən kişilərin qılçasına “kislota” tökülməsini tövsiyə etmişdi: “Onlara qarşı bir tədbir görülməlidir. Şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qılçasına ”kislota" tökmək lazımdır ki, tövbə edib bir daha şortik geyinməsin".

Buna bənzər olay 2 il əvvəl qonşu  Türkiyədə də baş verib. Qurban bayramının birinci günündə Ayşegül Terzi adlı gənc qız şortiklə avtobusa minib. Bu zaman salondakı sərnişinlər tərəfindən bayram günü şortik geyindiyi üçün qıza hücum edilib. 23 yaşlı qız döyülərkən nə sürücü, nə də digər sərnişinlər baş verənlərə müdaxilə etməyib. Üstəlik, qıza “Şortik geyinənlər ölməlidir!”, “Sən şeytansan!” deyə ifadələr də səsləndiriblər.

Şortikə gəlincə, nə Azərbaycanda, nə də Türkiyədə şortik geyilməsi qanunla qadağan edilməyib. Azərbaycan  Konstitusiyasında deyilir ki, hər kəsin hüquq və azadlığı digərlərin hüquq və azadlığı ilə məhdudlaşır. Heç kimin hüquqlarını nəyəsə görə məhdudlaşdırmaq olmaz. Başqasının hüququnu pozmursansa və qanunla qadağan deyilsə, hərəkətində sərbəstsən.


Geri qayıt