Əsas Səhifə > Siyasət > PƏNAH Hüseyn və İSGƏNDƏR Həmidov

PƏNAH Hüseyn və İSGƏNDƏR Həmidov


17-08-2018, 15:31

Ermənistanın eks-prezidenti Robert Koçaryan Apellyasiya məhkəməsində onun barəsində çıxarılmış həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılması zamanı 1993-cü ildə Azərbaycanda Surət Hüseynovun qaldırdığı hərbi qiyamdan danışıb.

Robert Koçaryanın vəkili Ayk Alumyanın sözlərinə görə,  eks-prezident Azərbaycanda 90-cı illərin əvvəllərində qiyam qaldırmış Surət Hüseynovu xatırladıb:

Surət silahlı qüvvələrdə müəyyən avtoritetə malik idi və bundan istifadə edərək yerli qiyamçılara qoşuldu, ordunu hakim rejimə qarşı çevirdi. Qoşun Gəncədən Bakıya yollandı. Koçaryan dedi ki, biz bunun necə baş verdiyini görmüşük. Nəticədə Azərbaycan bir qiyamçı hərbçinin hərəkətləri üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma bu vaxt ərzində Azərbaycan üç rayon itirdi”.

AXC-Müsavat hökuməti dövründə baş nazir postunu tutmuş Pənah Hüseyn Modern.az saytına açıqlamasında deyib ki,  Surət Hüseynov  ölkəyə  xəyanət edib:

Bu, Əbülfəz Elçibəyin hakimiyyətinə qarşı  rus təşkilatının Azərbaycanda həyata  keçirdiyi  bir təxribat idi. Onların məqsədi Elçibəy hakimiyyətini devirmək  olub. Bu məsələnin tarixi ilə bağlı bu yaxınlarda geniş yazı ilə çıxış edəcəyəm. Əvvəl də demişik, 1993-cü ilin yayında müharibənin qurtarması tamamilə reallıq idi.  Ermənistan, o cümlədən Azərbaycan üçün bu məsələ xeyli dərəcədə həll olunmuşdu. Şübhəsiz ki, Surət Hüseynovun səhvi yox, xəyanəti  nəticəsində rus təşkilatı burda əməliyyat həyata keçirə və torpaqlarımızı işğal edə bildi”.

P.Hüseyn qeyd edib ki, Robert Koçaryan bu proseslərin necə getdiyini bilir:

Biz də zaman-zaman  bu məsələləri sənədlərlə ortalığa qoymuşuq. Əslində o zaman – 4 iyun hadisələrindən sonra 5 rayon işğal olundu. Digər rayonlarla bağlı məsələdə isə sənədləri ortaya qoyacağıq”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov saytımıza danışarkən deyib ki, bu məsələnin kökü bir az dərinlikdədir:

Koçaryan  dirsəyinə qədər Azərbaycan xalqının qanına boyanıb. Yadınızdadırsa, Dağlıq Qarabağdakı qondarma rejimin  “prezidenti” idi. Hətta bir dəfə Moskvada  müsahibə verəndə ona sual verdilər ki, sən azərbaycanlı öldürmüsənmi. O  isə suala  “bəli, mən türk öldürmüşəm”  cavabı verdi. Yəni  Koçaryanın cinayət məsuliyyətinə cəlb olunmağı məni təəccübləndirmir. Lakin onun maddəsi çox yüngül idi. Koçaryan bəşərə qarşı olan cinayət maddəsi ilə məhkum olunmalıdır. Qaldı ki, 1993-cü il qiyamına. Bəli,  həmin zaman Azərbaycana böyük zərbə dəydi”.

İ.Həmidov vurğulayıb ki, qiyamdan sonra  5 rayon itirilib:

Koçaryan çıxışında niyə 3 deyib  bilmirəm. Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarımız işğal olundu. Amma  cinayətkarın bu sözü dilinə gətirməyi mənim üçün maraqlıdır. 

Koçaryan özünə bəraət qazandırır ki, biz rusların, farsların köməkliyi ilə  torpaqları işğal etməmişik. Guya bu, azərbaycanlıların azərbaycanlılara qarşı olan  ədavətinə görə olub. Koçaryan  ümumiyyətlə ikisimalı insandır. O vaxt Ermənistanda mitinqlər keçirildi və xeyli qan töküldü. İndi o, özünə haqq qazandırmaq fikrindədir. Yəni imkan versəydim, Azərbaycandakı kimi burda da qiyam  baş verərdi və Qarabağı itirərdik.

Buna baxmayaraq dediklərində reallıq payı var. Qiyamdan sonra özünümüdafiə batalyonları  Xalq Cəbhəsi batalyonları adından   buraxıldı -  33 batalyon. Camaat əli silahsız ermənilərlə üzbəüz qaldı.  Onlar da bundan istifadə edib 5 rayonumuzu işğal etdilər”.


Geri qayıt