Əsas Səhifə > Siyasət > Putin Qarabağ məsələsində niyə tələsir? – “Baydenin hakimiyyətə

Putin Qarabağ məsələsində niyə tələsir? – “Baydenin hakimiyyətə


18-11-2020, 17:30

Putin Qarabağ məsələsində niyə tələsir? – “Baydenin hakimiyyətə gəlişinə qədər...”

Rusiya Prezidenti Vladimir Putinin Qarabağla bağlı fikirləri gündəmin əsas müzakirə mövzusudur. Eksertlər Putinin söylədiklərini bimənalı qarşılamır. Onların fikrincə, Rusiya Prezidentinin fikirlərində Azərbaycana maraqlarına uyğun məqamlarla yanaşı, Bakını qane etməyən mesajlar da var.

Siyasi şərhçi Azər Rəşidoğlu mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablandırıb.

- Rusiya Prezidenti Vladimir Putinin Qarabağ barədə səsləndirdiyi fikirləri ümumi olaraq necə dəyərləndirmək olar?

-Putinin fikirləri açıq-aydın təhdid mesajları ilə dolu idi. O, aydın mətnlə dedi – Saakaşvilinin səhvlərini təkrarlasanız, Dağlıq Qarabağın müstəqilliyini tanıyacağam. Hesab edirəm ki, Putin Azərbaycana ağır şərtlər irəli sürməyə hazırlaşır, yəni, sülhməramlılarla onun tələbi yekunlaşmayacaq. Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı, “Mehri dəhlizi” ilə bağlı tələblər irəli sürülə bilər. Putinin statusla bağlı dedikləri Prezident İlham Əliyevin bəyanatları ilə daban - dabana ziddir. Anladığım budur ki, status məsələsini danışıqlar predmeti edəcəklər və bu zaman kəsiyində  Bakıya təzyiqlər artacaq.

- Amma “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” fikrini də Putin səsləndirib...

- Putin bunun əksini deyə bilməzdi. Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb. Digər tərəfdən. Putin gözəl anlayır ki, Azərbaycanda Rusiyaya münasibət birmənalı deyil. Biz nə 20 yanvar 1990-cı ili, nə Xocalı soyqırımını unutmamışıq. 28 il Qarabağı işğalda saxlayan Ermənistana kim yardım edib? Qarabağ münaqişəsini kim yaradıb? İndi Putin Sumqayıt hadisələrindən danışır? Bunu kim törədib? Rusiya xüsusi xidmət orqanları. Bizə nağıl danışmaq lazım deyil. Ərazi bütövlüyümüzü tanıyırsansa Xankəndində cinayətkar dəstənin rəhbəri ilə niyə görüşürsən?

- Rusiya Prezidenti Türkiyənin də prosesdəki roluna toxundu. Sizcə, Moskva ilə Ankara Qarabağda uzalaşa biləcək?

- Putinin Türkiyə ilə bağlı dedikləri də alçaldıcıdır. Üzdə Ərdoğanı tərifləyən Rusiya prezidenti diplomatik dildə bildirdi ki, Türkiyə yalnız atəşkəsə nəzarət edə bilər, Ankara hərbiçiləri ruslarla eyni çəkiyə malik ola bilməzlər. Düşünürəm ki, bu bəyanat Ərdoğanın qıcığına səbəb ola bilər. Ən pis halda bizi “İdlib ssenarisi” gözləyir. Tərəflərin bölgədə maraqlarının sərt şəkildə toqquşması nələrə gətirib çıxara bilər? Mən bu suala birmənalı cavab verə bilmirəm. Digər tərəfdən, Moskva və Ankara Bakıdan mövqeyini konkretləşdirməyi tələb etsələr, bir çox nüanslar meydana çıxa bilər. İllərdir ki, yazıram və təklif edirəm ki, Türkiyə hərbi bazaları Bakıda, Gəncədə, Bərdədə, Şuşada, Naxçıvanda olmalıdır. Türkiyə ilə ən sıx əməkdaşlığa gedilməlidir. Ankara bizim yeganə strateji müttəfiqimizdir. Heç bir halda Moskva ilə eyni deyil. Putin o çıxışında da yarı açıq şəkildə vurğuladı ki,  Ermənistanı silahlandırır. Düşmən və terrorçu ölkəni silahlandıran, maliyyələşdirən bir ölkə ilə bizə bu qədər dəstək verən Türkiyəni eyni sıraya qoymaq ədalətsizlik olardı.

- Belə düşünənlər var ki, Türkiyənin prosesə aktiv müdaxiləsi Kremli Qarabağ məsələsində Azərbaycanın maraqlarına ziddi addımlar atmaqdan çəkindirə bilər...

- Bilirsiniz, bu məsələdə Azərbaycanın mövqeyi həlledici olacaq. Türkiyə əmin olmalıdır ki, Bakı onun strateji maraqlarına – Xəzərə çıxışına mane olmayacaq. Əgər Ankara buna əmin olsa, Azərbaycanın maraqlarına zidd addım atmayacaq. Əmin olmasa, təbii ki, öz maraqları çərçivəsində hərəkət edəcək.

O ki qaldı Rusiyaya. Rusiya bölgəni özünün bostanı hesab edir və o, nə Türkiyədən, nə də ki Qərbdən çəkinmir. Bunu nəzərə almaq və Moskvadan mümkün qədər uzaq durmaq lazımdır.

- Müşahidələr göstərir ki, Rusiya Qarabağ məsələsində tələsir. Onu bu qədər tələsməyə vadar edən nədir?

 - Bəli, Putin tələsir, məsələni yekunlaşdırmaq istəyir. Ola bilər ki, Baydenin hakimiyyətə gəlişinə qədər məsələni həll etmək istəyir. Bəlkə bunun biz bilmədiyimiz başqa səbəbi var. Rusiyanın özündə də vəziyyət tam ürəkaçan deyil. Hakim elita monolitliyini itirib. Putinin səhhəti ilə bağlı şayiələr dolaşır. Onun artıq özünə varis tapdığı deyilir. Onun bu qədər tələsməsi bizim maraqlarımıza təhlükə ola bilər. Düşünürəm ki, biz ehtiyatlı olmalıyıq.

- Azərbaycan mövcud şərtlər daxilində hansı addımları atmalıdır?

- İlk növbədə milli birliyimiz qorumalıyıq. Böyük amnistiya aktı imzalanmalı, məhbuslar azad edilməlidir. İlin sonuna qədər yeni parlament seçkiləri keçirilməli, kadr islahatları davam etməlidir. Azərbaycan Türkiyə ilə sıx əməkdaşlıq formalarını tapmalı, Qərblə sıx əməkdaşlığa getməlidir. Elə etməliyik ki, Rusiya sülhməramlıları Qarabağda Jirinovski dediyi kimi ən azı 50 il qalmasın, qısa zamanda tərk etsin buranı.

Vidadi Məmmədov


Geri qayıt